Bu gün Qarabağ müharibəsi veteranı, Xocalının birinci və sonuncu milis rəisi Sabir Surxay oğlu Məmmədovun 79 yaşı tamam olur.
Sabir Surxay oğlu Məmmədov 28 dekabr 1945-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olub. 1952-1962-ci illərdə Göytəpə kənd orta məktəbində oxuyub. 1962-ci ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi texnikumuna daxil olub və 1966-cı ildə texnikumu bitirərək Goranboy rayon musiqi məktəbində müəllim işləyib. 1967-ci ildə ali təhsil almaq üçün H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olub, 1972-ci ildə institutu müvəffəqiyyətlə başa vurub. 1973-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhər 1 və 3 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1971-1974-cü illərdə Gəncə şəhər Partiya Komitəsi nəzdində üçillik Marksizm-Leninizm Universitetini bitirib. Azərbaycan SSR “Bilik” cəmiyyətinin üzvü (1977), Gəncə “Kommunist” qəzetinin müxbiri, 1 nömrəli musiqi məktəbində ilk partıya təşkilatı katibi, 1977-ci ildə Azərbaycan KP Gəncə şəhər Komitəsinin plenumunun üzvü olub. 1982-ci ildə Özbəkistanın Buxara şəhərinə gedib və Daxili İşlər orqanlarında çalışıb. 1982-1983-cü illərdə Sverdlovsk vilayətinin Nijni Tagil şəhərində cinayət axtarışı üzrə üç aylıq kurs keçib. 1988-ci ildə nümunəvi xidmətə görə Buxara Dİİ-nin göndərişi əsasında ikinci ali təhsl almaq üçün Daşkənd Milis Akademiyasına qəbul olub, 1993-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib.
1990-ci il 31 yanvarda Özbəkistan DİN-in əmri ilə mayor rütbəsi alan Sabir Məmmədov elə həmin il məzuniyyət götürərək torpaqlarımızın müdafiəsi üçün Azərbaycana qayıdıb. 1990-cı ilin may ayında daxili işlər naziri general Məhəmməd Əsədovun əmri ilə Əsgəran rayon milis şöbəsinin tabeliyində Xocalı milis bölməsi yaradılıb və Sabir Məmmədov bölmənin ilk milis rəisi təyin edilib. 1990-cı ildən 1992-ci ilədək Xocalıda, 1992-1993-cü illərdə Ağdamda, 1994-cü ildən sonra Goranboy RPŞ-də işləyən Sabir Məmmədov Ağdamda Yeddixırman, Cinli, Fərrux yüksəkliyində, Goranboyda Yuxarı və Aşağı Ağcakənd, Qaraçinar, Zeyvə, Şəfəq, Qarquçaq, Tapqaraqoyunlu, Qaşaltı, Naftalan şəhərinin və kənd yüksəkliklərinin mühafizəsində fəal iştirak edib. 1990-cı ildən 1996-cı ilədək döyüş bölgələrinin qaynar nöqtələrində düşmənə qarşı mübarizə aparıb.
Dağlıq Qarabağ hadisələrinin canlı şahidi kimi “Tarixi saxtalaşdırmaq cinayətdir” adlı dördcildlik kitabın müəllifidir. Kitablarını aldığı təqaüdlə çap etdirib. Ailəlidir, üç övladı, üç nəvəsi var.
Yüksək əxlaqi keyfiyyətləri, təmənnasızlığı, insanlara qayğıkeş münasibəti, sadəliyi, təvazökarlığı, vətənəpvərliyi, prinsiplərinə sadiqliyi ilə daim ətrafındakıların yüksək rəğbətini, ehtiramını qazanan Sabir Məmmədovu doğum günü münasibətilə təbrik edir, ona və ailə üzvlərinə uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə:
"Təzadlar" qəzetinin kollektivi