Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.
Prosesdə şahid qismində ilk olaraq Türkmənistanda doğulmuş Rusiya vətəndaşı İradə Quliyeva ifadə verib. Şahid bildirib ki, Bakı Slavyan universitetində əlavə təhsil almaq üçün təqsirləndirilən şəxsə 6800 manat ödəyib: "Müharibə gedirdi. Dürdanə Əliyeva mənə dedi ki, təhsil haqqını aparatla onun hesabına ödəyim. Pulu ödəyəndə hesab nömrəsində Dürdanə Əliyeva yazılmışdı. Mənə demişdi ki, müharibə şəraiti olduğu üçün insanlara kömək edirik. Universitetə gəlmədən pulu rahat şəkildə ödədim. Sonradan mənə zəng etdilər ki, sənin pulun kassaya keçməyib, buna görə də Universitetə borcun qalıb".
Şahid ifadəsinə münasibət Dürdanə Əliyeva sözügedən məbləğin onun hesabına ödənildiyini təsdiqləyib. D.Əliyeva bildirib ki, ifadə verən şahiddən aldığı pulu həmin vaxt rektor olmuş Nurlana Əliyevaya təhvil verib.
Təqsirləndirilən şəxsin vəkili isə sözügedən 6800 manatın şahidin özünün razılığı ilə alındığını deyib: "Universitetdə qrup açılması üçün ən azı üç nəfər olmalıdır. Həmin qrupda isə İradə Quliyeva tək olub. Buna görə də ondan üç nəfərin təhsil ödənişi alınıb".
Prosesdə məhkəməyə sədrlik edən hakim Əli Məmmədov şahidin ifadəsindən sonra Bakı Slavyan Universitetinin nümayəndəsinə üz tutaraq xahiş edib: "Hazırda ifadə verən şəxs xarici ölkədən gəlib. Vətən müharibəsi zamanı psixoloq kimi cəbhəyanı bölgələrdə vətəndaşlara köməklik göstərib.
Təqsirləndirilən şəxsin vəkili deyir ki, üç nəfərin ödənişi alınıb şahiddən. Elə deyirsiz ki, bunu... Belə olmaz axı! İnsanlara belə eləmək olmaz! Vətəndaş qonaqdır, Azərbaycandan inciməməlidir. Hörmətli universitet nümayəndəsi, gedin məhkəmənin adından xahiş edin, bu vətəndaşa köməklik etsinlər”.
Prosesdə ifadə verən digər şahid isə Universitetdə təhsil almaq üçün Dürdanə Əliyevaya min manat pul verdiyini deyib: "Əlavə təhsil üçün 2300 manat ödəməli idim. Sonradan danışıb min manat verdim. Dürdanə Əliyeva mənə dedi ki, bankla ödəyəndə sonradan problem olur. Min manat verdim, tələbə bileti də vermədilər. Sonra pandemiya ilə bağlı tədris də dayandı. Yanvar ayında bildim ki, mənim universitetə borcum var".
Daha sonra hakim şahiddən həmin min manatın sonrakı taleyinin necə olduğunu soruşub. Şahid suala belə cavab verib: “Dürdanə Əliyevaya verdiyim pulu almaq üçün gəlmişəm məhkəməyə. Mən min manatımı tələb edirəm".
Hakim Əli Məmmədov şahidin son sözlərinə cavab olaraq bildirib ki, məhkəmə kimdənsə pul alıb verən deyil: “Burada Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə istintaqı aparılır. Lakin, vətəndaşı da başa düşmək lazımdır, bu vətəndaş indi necə bilsin? Təhsil almaq üçün universitetə qəbul olunub, başına belə bir iş gəlib”.
Proses noyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
E.ŞİRİNOV