Tovuzda məktəbdə insident olduğu barədə məlumat vermişdik.
Xatırladaq ki, hadisə Sahib İsgəndərov adına Əyyublu kənd orta məktəbində qeydə alınmşdı. Belə ki, məktəbin həyətində bufet işlətmək istəyən kənd sakini Mehriban Əliyeva ilə təhsil müəssisəsinin direktor əvəzi Gültəkin Hacıyeva arasında mübahisə baş verdiyi, mübahisə zamanı G.Hacıyevanın vətəndaşı döyərək ona xəsarət yetirdiyi bildirildi. Dava zamanı xəsarət alan M.Əliyeva xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəsarət alan M.Əliyeva tibb müəssisəsinə epileptik tutma ilə daxil olub və ona tibbi yardım göstərilib. Qadını döydüyü iddia olunan G.Nəsibova isə iddiaları qəbul etməyib.
Faktla bağlı hər iki tərəf polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan bildirib ki, sözügedən məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir.
Məsələ barədə Tovuz Rayon Təhsil Şöbəsindən isə bildirib ki, məktəbdə bufet fəaliyyət göstərmir və Əliyeva Mehriban Mustafa qızı bufetçi kimi çalışmır: “Məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nəsibova Gültəkin Eldar qızı tərəfindən Əliyeva Mehriban Mustafa qızının döyülməsi yalandır və qərəzli informasiyadır.
Əlavə olaraq bildiririk ki, Əliyeva Mehriban Mustafa qızı bir neçə dəfə məktəb direktoruna və Təhsil Şöbəsinə müraciət edərək əvvəllər yeməkxana kimi istifadə olunmuş köhnə tikilidə bufet işlətmələrinə icazə verilməsini tələb edib.
Bina həddindən artıq köhnə olduğu, gigiyenik qaydalara cavab vermədiyi, mövcud karantin rejimi qaydaları pozulduğu, şagird və müəllimlərin sağlamlığı üçün təhlükə ehtimalının böyük olduğu nəzərə alınaraq müraciət müəllifinin tələbinin ödənilməsi mümkün olmayıb.
Polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, aidiyyəti sənədləşmə işləri aparılıb, faktla bağlı zəruri hüquqi işlər aparılmaqdadır. Aldığımız məlumata əsasən, məsələ hazırda Tovuz Rayon Prokurorluğunun icraatındadır”.
E.ŞİRİNOV