“Əl -Cəzirə”nin yaydığı məlumata görə, İran “Taliban”ın xahişini nəzərə alaraq Əfqanıstana
benzin və dizel yanacağı tədarükünü bərpa edib.
İran Neft, Qaz və Neft Kimyası İxracatçıları Birliyinin məlumatına görə, “Taliban” İrana "neft məhsulları ixracını davam edə bilərsinizmi?" sorğusu göndərib. Və İran tərəf bu sorğuya müsbət cavab verib.
Xatırladaq ki, Əfqanıstana neft tədarükü taliblər Kabulu ələ keçirdiklərini elan etdikdən iki gün sonra – avqustun 17-dən dayandırılmışdı. Və Kabildə “Taliban”ın hakimiyyəti ələ keçirməsinin ikinci günündə benzin tükənmiş, insanlar avtomobillərini yanacaqdoldurma məntəqələrində qoyaraq tərk edirdi. Həmin vaxtdan səhərdəki bütün böyük mağazalar bağlandı, yalnız kiçik mağazalar fəaliyyətini davam etdirirdi.
Yanacaqdoldurma məntəqələrində benzin kəskin şəkildə bahalanaraq 50 əfqanidən (62 sentdən) 70 əfqaniyə (86 sentə) qalxsa da, yanacaq doldurmaq üçün başqa bir yol yox idi. Hətta hərbi maşınlar da benzin tapa bilmir, buna görə də yanacaqsız qalan tank və hərbi maşınlar belə yanacaqdoldurma məntəqələrinin yaxınlığında atılıb qalırdı.
Artıq “Taliban” bu məsələni İranla anlaşaraq yoluna qoydu. Belə ki, “Taliban” öz növbəsində qarşı tərəfə gömrük rüsumları, daşınmalar və yanacaq satışları üçün lisenziyalaşdırma quruluşu da daxil olmaqla köhnə sistemi qoruyacaqlarına dair söz verib.
Əfqanıstan həm avtomobil nəqliyyatı, həm də enerji istehsalı üçün neft məhsulları idxalından asılıdır. İran isə bu ölkənin əsas yanacaq tədarükçüsüdür.
Qeyd edək ki, İrandan Əfqanıstana yanacaq ixracı bir neçə gün əvvəl bərpa edilib.
Y.MƏMMƏDLİ