Hesablama Palatası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində keçirdiyi yoxlama nəticəsində
(ötən ilki fəaliyyəti haqqında hesabatda) məlum olub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) üzrə vahid xəzinə hesabının qalığı 31.12.2019-cu il tarixinə 29,2 milyon manat, 31.12.2020-ci il tarixinə isə 49,8 milyon manat təşkil etsə də, bu qalıq "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun növbəti ildəki gəlirlərinə aid edilməyib.
Həmçinin statistik hesabatların təhlili göstərir ki, son illər qurumun təmir etdiyi avtomobil yollarının uzunluqlarında azalma müşahidə olunur. 2017-ci ildə 1 202,1 km təşkil etdiyi halda, 2018-ci ildə bu göstərici 108,6 km, 2019-cu ildə 97,1 km və 2020-ci ildə isə 105,6 km olub. 2020-ci ildə təmir olunmuş avtomobil yollarının uzunluğu 2019-cu illə müqayisədə 8,5 km-dən çox olmasına baxmayaraq, əvvəlki illərə nisbətən bunun əksinə olaraq 2018-ci ilə nisbətən 3 km, 2017-ci illə müqayisədə isə 1 096,6 km az olub.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hazırda işğaldan azad edilmiş ərazilərdə -Toğanalı-Kəlbəcər-İstisu yolunun və Murovdağ tunelinin inşasını aparır. Həm yol boyu, həm də tunellərdə tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən yüksək səviyyədə aparıldığı bildirilir. Həmçinin Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil yolunun inşası layihəsi çərçivəsində İncəçay üzərində 85 metr uzunluğa malik avtomobil körpüsünün tikintis də aparılır və s.
Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovdur.
O, 1982-1991-ci illərdə “Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis, rəis, 1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3-saylı Yol Tikinti İdarəsində rəis, 1994-1995-ci illərdə “Azkommunkomplekttexnika ” İstehsalat Birliyində rəis, 1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis mavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4-saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2003-2015-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, daha sonra “Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 19.02.2015-ci il tarixindən 28.12.2015-ci il tarixinədək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC sədrinin birinci müavini, “Azəryolservis” ASC sədrinin vəzifəsini müvəqqəti icra edən vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-ci il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri təyin edilib.
2016-cı il dekabr ayından Azərbaycan Həndbol Federasiyasının prezidentidir.
Y.MƏMMƏDLİ