Bakıda Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni hərbi cinayətkarları - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi gedir.
Virtualaz.org-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmişlər dindirilib.
Erməni əsirliyində qeyri-insani rəftarla üzləşən zərərçəkmiş Qərib Vəliyev Lüdvik Mkrtçyanın ona ağır işgəncələr verdiyini deyib: “1999-cu ildə əsir düşmüşəm. Tapqaraqoyunlu kəndi istiqamətində mal-qara otarardım, hava duman idi, erməni hərbçiləri məni girov götürdülər, oradan Şuşa türməsinə apardılar”.
Şuşa həbsxanasında ağır işgəncələr görən zərərçəkmiş Lüdvik Mkrtçyanın Azərbaycan dilindən tərcüməçi kimi işlədiyini deyib: “Məndən soruşurdu ki, hansı hərbi hissədə qulluq edirsən? Çatan kimi sinəmə təpiklə vurdu, yerə yıxıldım, sapoqla başıma zərbələr endirdi. Sonra başıma torba keçirdilər, kabinetə apardılar. Bir gün səhərdən axşamacan məni döydülər. Məndən hərbi hissənin yerini soruşurdu. Elə bilirdi ki, kəşfiyyatçıyam. Azərbaycan dilində təmiz danışa bilir, çünki o bizimlə Azərbaycan dilində danışırdı. İki ay əsirlikdə qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsi məni nəzarətə götürəndən sonra işgəncələr dayandı. Qayıdandan sonra bir ay xəstəxanada müalicə olunmuşam".
Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş ibtidai istintaq zamanı Lüdvik Mkrtçyanı səsindən, görünüşündən tanıdığını deyib.
Cavid Hüseyn
Erməni əsirliyində ağır işgəncələrlə üzləşən, bunun nəticəsində görmə qabiliyyətini itirən Hüseyn Cavid hər iki təqsirləndirilən şəxsin azərbaycanlı əsirlərə dözülməz, ağlasığmaz işgəncələr verdiklərini deyib: “Hər ikisi dilimizi çox gözəl bilir, tərcüməçiyə ehtiyacları yoxdur. Burada özlərini məzlum kimi göstəririlər. Şuşa türməsində isə cəllad idilər. Mən 1994-cü il yanvarın 5-də Ağdamın Güllücə kəndi uğrundan gedən döyüşlər zamanı əsir düşmüşəm. Bizi Ağdama, iki gün sonra oradan Xankəndinə apardılar. Əvvəlcə öldürmək istəyirdilər, sonra məlumat gəldi ki, erməni əsirlərlə dəyişəcəklər”.
Uzun müddət Şuşa həbsxanasında saxlanılan Cavid Hüseyn ona verilən işgəncələrdən danışıb: “Hər gün döyülürdük. Bizi nə ilə döymürdülər ki? Avtomatın qundağı, dubinka, dəmir parçası... Qış idi, güclü qar yağımışdı. Bunların Vahan adlı milli qəhrəmanları var. Onun abidəsinin yanı, Şuşa türməsinin qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdilər. Məni elə oradaca dəmir parçası ilə döyüb qarın altında basdırdılar. Qarın altından məni Yaşargil çıxartdılar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gələn zaman məni gizlətdilər”.
Zərərçəkmiş deyir ki, “Lyoxa” ləqəli Lüdvik Mkrtçyan və “Lyoşa” ləqəbli Alyoşa Xosrovyan və həbsxananın rəis müavini “Qarik” adı ilə tanıdığı şəxs onun əllərini dəmir çərçivəyə bağlayıb, işgəncələr veriblər. İşgəncələr nəticəsində Cavid Hüseyn görmə qabiliyyətini itirib: “Bunlar ikisi də “Qarik”in sağ əli, vuran qolu idilər. Bir dəfə soruşdular ki, Qarabağ bizimdir, yoxsa sizin? Mən də cavab verdim ki Qarabağ bizimdir. Əllərimi “reşotka”ya bağlayıb dubinka ilə döydülər ki, başıma gözümə o qədər vurdular ki... “Qarik” dubinkayla gözümü çıxartdı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri növbəti dəfə bizə baş çəkməyə gələndə məni karsa saldılar ki, onlar görməsin".
Cavid Hüseyn ermənilərin azərbaycanlı əsirlərə həm də mənəvi işgəncələr verdiklərini deyib: “Şuşa türməsində olanda bizi dizüstə otuzdurub körpələr evindən gətirdikləri uşaqlara “baxın, bunlar türkdür, bizim düşmənlərimizdir, onlara yaxın getməyin, sizi öldürərlər” deyirdilər”.
H.Cavid ifadəsində Mkrtçyanı istintaq zamanı görən kimi tanıdığını bildirib: “Mən bir dəfə gördüyüm adamı unutmuram. Bunlar ikisi də məni tanıyırlar. İkisi də Şuşa türməsində “nadzor” idilər. Mkrtçyanın əlinin üstündə “LMM” döyməsi vardı”.
Qeyd edək ki, Mkrtçyanın əlindəki “LMM” (Lüdvik Mkrtiçoviç Mkrtiçyan) döyməsi məhkəmə prosesi zamanı təsdiqləndi.
Məhkəmə prosesi iyunun 16-da davam edəcək.