Xəbər verildiyi kimi, 2015-ci il iyulun 6-da
Ağsu rayon sakini Sahib Babayevin Ağsu çayının kənarında meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun əvvəlki Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq aparılmış, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılmışdır.
2020-ci il tarixdə həmin cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində yenidən öyrənildikdən sonra icraat təzələnmiş və aparılmış çoxsaylı istintaq hərəkətləri nəticəsində cinayət əməlinin Ağsu rayon sakini Vahid Gözəlov tərəfindən törədilməsi müəyyən edilmişdir.
İstintaqla müəyyən edilmişdir ki, Vahid Gözəlov 2015-ci il iyunun 18-də saat 21 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxıb bacısı evinə gedərkən, sonuncunun həyətində Sahib Babayevi oturmuş vəziyyətdə görüb onunla şəxsi münasibətlər zəminində mübahisə etməklə öldürmək qərarına gələrək, Sahib Babayevin sifət nahiyəsinə 2 dəfə sillə vurub yerə yıxmış, sonuncunun başının daş hasara dəyərək huşsuz vəziyyətə düşməsini və bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, yaxınlıqda olan sintetik iplə Sahib Babayevi boğub öldürmüş, sonrakı günlərdə isə meyiti sellofona bükərək torbaya salıb Ağsu çayının kənarına aparıb qoymuşdur.
Vahid Gözəlov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
"TEZADLAR.AZ"