Dünyada zaman-zaman böyük nüfuz sahiblərinin, milyonçuların, kino və musiqi ulduzlarının, yüksək çinli məmurların, hətta dövlət başçılarının törətdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verməli olduqlarını görmüşük, eşitmişik.

Bu, idman, olimpiya tanınmışlarından da yan keçmir. Qanunun şah olduğu ölkələrdə haqq qarşısında bərabərlik sözdə deyil, həyatda da özünü göstərir. Məsələn, Rio-de-Janeyro polisi , Rio-2016-nın qanunsuz bilet satışına bağlılığı ilə əlaqədar Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü, İrlandiya Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini həbs etmişdi. Onun həbsinə əlində 800 biletlə saxlanılan alverçinin ifadələri səbəb olmuşdu. Bilet satışı ilə bağlı araşdırmalar aparan Braziliya polisi Hikkidən başqa 40-a yaxın şübhəlini də saxlamışdı. Onlardan biri Böyük Britaniyanın THG şirkətinin prezidenti, irlandiyalı Ceyms Merlon idi. O, beynəlxalq cinayətkar qruplarla bağlılıqda, böyük yarışlar zaman bilet alverindəki fəaliyyətdə şübhəli hesab olunurdu.

Bu yaxınlarda isə Küveyt dövlətində hakim ailənin tanınmış üzvü, Kuveyt Milli Olimpiya Komitəsinin, Asiya Olimpiya Şurasının, Asiya Həndbol Federasiyasının prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Şeyx Əhməd əl-Fahad as-Sabah Cenevrədə İsveçrə Cinayət Məhkəməsində hakim qarşısına çıxıb, sənədlərin saxtalaşdırılmasında təqsirli bilinərək 30 ay müddətinə türmə cəzasına məruz qalıb.

Məhkəmə müddətin yarısını dayandırsa da qalan15 ay, həbs cəzası olaraq qalmaqdadır.

Şeyxi Kuveytin sabiq baş naziri Şeyx Nəsib əl-Muhəmmədin və parlamentin spikeri Cassem əl-Harafinin dövlət çevrilişi hazırlamalarına və korrupsiyada əli olmalarına dair dəlil-sübut kimi təqdim etdiyi şübhəli videoyazıların təsdiqi üçün saxta arbitraj  işinin təşkilində müqəssir biliblər.

Şeyx Əhməd məhkəməyə ifadəsində bildirib ki, o, Kuveyt hökümətinə göndərərkən bu videolar orijinal idi. 2018-ci ildə ona qarşı ittiham irəli sürüləndə isə idmandakı bir sıra mühüm rollarından – Milli Olimpiya Komitəsinə başçılığından və Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyündən işin nəticələri müəyyən edilənədək imtina edib.

“AIJA.AZ” “aipsmedia.com”-a istinadən  xəbər verir ki, avqustun əvvəlindən başlayıb sentyabrın 10-a kimi davam edən məhkəmədə hökm oxunduqdan sonra 58 yaşlı şeyx onun tərəfindən hər-hansı hüquq pozuntusunun törədilmədiyini və apellyasiya verəcəyini bildirib. Məhkəmə zalı qarşısındakı jurnalistlərə isə deyib: “hesab edirəm ki, günahsızam, 100 faiz əminəm ki, tezliklə apellyasiya vermək üçün Cenevrəyə qayıdacağam”.

Nurlana Əliyeva

AİJA və AİPS üzvü

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN