"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs olunduqdan bir müddət sonra ev dustaqlığında olduğu zaman vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib...
Bu günkü məhkəmə araşdırmasında şahidlər dindirilib. İlk olaraq şahid qismində Araz Əliyev ifadə verib. O, ifadəsində mərhum V.Muradovu şəxsən tanımadığını, yalnız telefonla danışdığını deyib. Fəhlə işlədiyini söyləyən A.Əliyev İrandan gələn yüklərin boşaldılması ilə məşğul olduğunu bildirib: “Ayda bir-iki dəfə maşın göndərirdilər. Biz də Sumqayıt tərəfdə yükləri boşaldırdıq. Fəhlə olmuşam, nə deyiblər, onu da eləmişəm”. 22 ildir karqo ilə məşğul olduğunu deyən digər şahid - Rəşad Qurbanov da ifadəsində “Azərxalça”nın sabiq sədrini tanımadığını söyləyib: “İstintaq zamanı məndən yeyinti barədə soruşdular. Mənə nə verilib, onu da gətirmişəm. İstintaqa verdiyim ifadəmi təsdiq edirəm”. Dövlət ittihamçısının suallarını cavablandıran şahid bütün malların onların şirkətinin anbarına gəldiyini, oradan paylanıldığını deyib. R.Qurbanovdan İrandan 114 ton ipin gətirilməsini xatırlayıb-xatırlamadığı soruşulub. Şahid dəqiq xatırlamadığını deyib: “Dəqiq yadımda deyil. Səhv etmirəmsə həmin vaxt 66 tona yaxın ip gətirilmişdi”.
Daha sonra dövlət ittihamçısı şahiddən gətirilən malların nəyə görə sənədləri olmadığını soruşub. Şahid isə cavabında yüklərin bir adamın adına rəsmiləşdirildiyini deyib: “Bir maşında 60-70 adamın malı gəlirdi. Belə olan halda bunu rəsmiləşdirmək qəliz olurdu. Ona görə də bir nəfərin adına rəsmiləşdirilirdi”.
Məhkəmə prosesində həmçinin o da məlum olub ki, 9 hüquqi şirkətə məxsus bank hesabına 3 milyon 435 min 835 manat pul köçürülüb. İstintaq zamanı müəyyən edilib ki, bunun 1 milyon 376 min 750 manatı həqiqətən xərclənib. Yerdə qalan hissə isə iplə bağlı olmayan məsələlərə sərf edilib. Məhkəmə prosesi dekabrın 21-də davam edəcək.
Bəli, ata Vidadi Muradovun vaxtında tarmar edilmiş milyonların aqibəti məhkəmədə axtarılır, Vidadi Muradovun oğlu isə hələ də polis rəisi vəzifəsindədir...
A.Məmmədli