Səbəbsiz hadisə baş vermir...
Lakin baş verənləri araşdıranda törədilən cinayətin mənasız bir mübahisə üstündə olduğu bəlli olur, lakin bu əməl kiminsə məhbəs həyatı bahasına başa gəlir... Beləliklə, Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumatdan bəlli olur ki, dünən yanvarın 10-u saat 01 radələrində Ağdaş rayonu, Ləki qəsəbə sakini Zaur Əliyevə tanımadığı şəxs tərəfindən yaşadığı evin həyətində ürək nahiyəsindən bıçaqla xəsarət yetirilməsi və həmin şəxsin hadisə yerindən qaçması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanmışdır. Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Nurlan Xəlilov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Nurlan Xəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Müstəntiq hadisənin səbəbini araşdırmaqdadır...