Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxışında təqsirləndirilən şəxsə verilmiş ittihamların sübut və dəlillərlə həmçinin aparılan ekspertizalarla təsdiq edildiyini bildirib. O V. Muradovun verilmiş maddələrlə təqsirli bilinməsini təklif edib.
"Vidadi Muradov məhkəmə istintaqı dövründə vəfat etdiyi üçün ona cəza təyin edilməməlidir. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətindən verilmiş 640 min 922 manat məbləğində mülki iddianın ödənilməsi təmin edilməlidir. Mərhum Vidadi Muradovun Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı evin 5 nömrəli mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Üzərinə həbs qoyulmuş və müsadirə edilmiş digər əmlaklar isə dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir," - deyə prokuror bildirib. (trend)
Xatırladaq ki, V.Muradov ötən il noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.