Ibn Sina (980-1037)
980 — Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri İbn Sina və ya Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli ibn Sina (latınlaşdırılmış adı Avisenna) Buxarada anadan olmuşdur.
Ən məşhur əsəri "Göz həkiminin dəftəri"dir. Qısa ömründə böyük titullar qazanmışdır: "Hüdcətül-Haqq" (həqiqət carçısı); "Şeyx-ur-Rəis" (böyük, müdrik), "Harami buzurq" (dahi təbib), "Şərəf-ül-Mülk" (ölkənin ən şərəfli insanı) və s.
Çox kiçik yaşlarından qeyri-adi istedadı ilə seçilən İbn Sina 10 yaşında sərbəst Quran oxuyur, ərəb klassiklərinin əsərlərini əzbər bilirdi. 16 yaşa qədər hüquq və fəlsəfə ilə maraqlansa da sonralar təbabətə meyl göstərir və dünya şöhrətli təbib olur.
17 yaşlı İbn Sina hökmdarı müalicə edir. Hökmdar bu qeyri-adi oğlanı çox bəyənir və öz sarayının kitabxanasını ona həvalə edir. Böyük kitabxana İbn Sina üçün çox qiymətli tapıntı olur. Özbaşına mütaliələr və gözəl müşahidə və düşünmə qabliyyəti onun dahi həkim kimi məşhurlaşmasına səbəb olur.
18 yaşında İbn Sina artıq həkim kimi çox dövlət adamlarını, şəxsiyyətləri müalicə edərək daha da şöhrətlənir. O, çox qızğın həyat keçirir. İslamı şeyxlərdən daha gözəl bilən və artıq islama qarşı gələn alimin çoxlu düşmənləri də var idi. Buna görə də tez-tez bu şəhərdən o şəhərə köçmək məcburiyyətində qalırdı. Son illərini İsfahanda və Həmədanda yaşamışdır. Həmədanda hökmdar onu saray həkimi, sonra isə vəzir təyin etmişdir. İbn Sina vəzir kimi də böyük hörmət qazanmışdır. Elmi işinin ən qızğın çağında İsfahan hakimi Alayddövlə ilə əlaqəsi olduğu üçün həbs edilmişdi. Bunu eşidən Alayddövlə Həmədana hücum edərək oranı zəbt etmiş, İbn Sinanı azad edib İsfahana aparmışdı. Qəznəvilərin İsfahanı tutması ilə bağlı yenidən Həmədana qaçmışdı. 21 iyun 1037-ci ildə orada vəfat etmişdi.
***
Şıxəli Qurbanov (1925-1967)
1925 — Azərbaycan yazıçısı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı laureatı Şıxəli Qurban oğlu Qurbanov 1925-ci ildə Bakıda doğulmuşdur.
Şıxəli Qurbanov 1932-ci ildə Bakının 9 N-li məktəbinin 1-ci sinfinə daxil olmuş, 1942-cı ildə 150 N-li məktəbi əla qiymətlərlə başa vurur.
1942-ci ilin iyununda 17 yaşlı Şıxəli təhsilini yarımçıq qoyub öz istək və arzusunua nail olaraq könüllü ordu sıralarına gedir. 1943-cü ildə Leninqraddakı Fruza adına Lenin ordenli Ali Hərbi dənizçilik məktəbində də oxumuşdur.1942-ci ilin dekabr ayında o,snayper məktəbinin bölmə komandiri,1944-cü ilin yayında isə ikinci Pribaltika cəbhəsinin xüsusi atıcılıq bölməsinin komandiri olmuşdur.1944-cü ilin sonunda Şıxəli Qurbanovu Qırmızıbayraqlı Baltik Donanmasının artzvodunun xüsusi komandirlər bölüyünün rəsisi təyin edirlər. 1946-cı ildə Sovet ordusunda xidmətini davam etdirərkən Sovet İKP üzvlüyünə qəbul edilmişdir.
1947-ci ildə o, indiki Nəsirəddin Tusi adına Pedaqoji universitetinin filologiya fakültəsinə daxil olur.1951-ci ildə isə həmin institutu fərqlənmə diplomu ilə bitirir.1950-ci ildə Şıxəli ədəbiyyatşünaslıqda elmi axtarışlarla məşğul olur,sonra institutun ədəbiyyat tarixi kafedrasının müəllimi,dosenti kimi bir çox illər rus ədəbiyyatı kursunda dərs deyir.Elə bu illərdəki axtarışlar onu bir alim kimi formalaşdırır.”Azərbaycan-rus ədəbi əlaqələrinin başlanğıcı və inkişaf yolları” mövzusunu özünə elmi fəaliyyət obyekti kimi seçir.Ş.Qurbanov 1956-cı ildə filoloji elmləri namizədi alimlik dərəcəsi almaq üçün "A.S.Puşkin və Azırbaycan poeziyası”mövzusunda müvəqqiyyətlə dissertasiya etmişdir.O,əvvəllər APİ-nin baş müəllimi,1958-ci ildən sonra isə dosenti olmuşdur.Şıxəli Qurbanov 1965-ci ildə "XIX əsrdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
Respublikanın ziyalıları və bütün zəhmətkeşləri Ş.Qurbanovu bacarıqlı və prinsipial rəhbər kimi tanıyırdılar. O, dərin zəkasına görə,xalqa alovlu məhəbbətinə görə, vurğunu olduğu xoşbəxt, fərəhli həyat ideyalarına sədaqətinə görə xalqımız tərəfindən sevilirdi.
Şıxəli Qurbanov müxtəlif imzalarla şeirlər yazmışdır.Onun ilk məlum nəsr əsəri "Telefon zəngləri” hekayəsidir. Bu hekayə ilk dəfə 1963-cü ildə "Kirpi” jurnalında, sonra isə "Əcəb işə düşdük” kitabında,daha sonralar 1968-ci ildə ilk əsərləri cildində çap olunmuşdur. Bunun ardınca isə mətbuatın müxtəlif sahələrində "”Elmi ezamiyyət”, "Mənə bu da azdır”, "Natiq”, "Balaxanımın dərdi”, "Xaş Məmiş”, "Mən niyə Qorki olmadım?”, "Yaxşılıq”, "Uğursuz başlanğıc”, "İnkubator danaları”, rus dilində nəşr olunan satirik hekayələr kitabında "Mənim qonşumun yuxusu” hekayəsi çap olunmuşdur.
Şıxəli Qurbanovun çap olunan və tamaşaya qoyulan əsərləri bunlardır: "Əcəb işə düşdük”, "Bahadır və Sona”, "Özümüz bilərik”, "Olmadı elə,oldu belə”, "Milyonçunun dilənçi oğlu”, "Sənsiz”, "Sevindik qız axtarır”, "Bitməmiş söhbət”.
Şıxəli Qurbanovun partiya və ictimai fəaliyyəti 20 ilə yaxın,elmi və ədəbi fəaliyyəti isə 15 il davam
1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində keçirilən Novruz bayramının təşəbbüskarı və təşkilatçısı Şıxəli Qurbanov idi. Qız qalasına doğru insanların axını dayanmırdı, hamının üzündə ürkək sevinc hissləri var idi.Bayram axşamı Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. MK katibi, şair, dramaturq və elmlər doktoru bu addımı ömrü bahasına atmışdı.
1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir.
***
Bəxtiyar Vahabzadə (1925-2009)
1925 — Görkəmli azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas, Azərbaycanın Xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, bir neçə çağırış Millət vəkili seçilmiş "İstiqlal” ordenli Bəxtiyar Mahmud oğlu Vahabzadə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1942-1947 -ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır . 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir .
Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. 1964-cü ildə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı.
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.
Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
***
Zakir Cabbar bəy oğlu Məmmədov (1936-2003)
1936— Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Zakir Cabbar bəy oğlu Məmmədov Ağdamda anadan olmuşdur.
Anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyova, atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovdur. Cabbar bəy Vəlibəyov Baharlı tayfasına mənsub, dövrünün görkəmli ziyalılarından idi. Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olmuş, yeni tipli məktəbin əsasını qoymuşdur.
Cabbar bəy repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. Həbs edilərkən Cabbar bəyin evindəki bütün sənədlər və kitablar götürülmüşdür. Buna görə də Zakir Məmmədovun doğum haqqındakı şəhadətnaməsi itmişdir. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilmişdir.
Zakir Məmmədov siyasi təqib şəraitində böyümüş, bunun üçün dayısı Məmməd Məmmədovun məsləhəti ilə anasının soyadına keçirilmişdir. Məlumdur ki, sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözünü ixtisar edərək onlara pasport verilirdi. Buna görə də alimin soyadı Məmmədbəyov deyil, Məmmədov olmuşdur.
Zakir Məmmədov orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmış, rəsmlər çəkmişdir. Onun şeirləri rayon qəzetində dərc edilmiş, çəkdiyi rəsmlər məktəb sərgisində, sulu boya ilə çəkdiyi "Gənc miçurinçilər" tablosu isə 1955-ci ildə Respublika sərgisində nümayiş etdirilmişdir. "Yoldaşlıq köməyi" adlı bir mənzum pyesi 1955-ci ildə Ağdam pionerlər evinin özfəaliyyət kollektivi,1956-cı ildə isə Bərdə pionerlər evinin özfəaliyyət kollektivi tərəfindən tamaşaya qoyulmuşdur.
Orta məktəbdə oxuduğu illərdə Zakir Məmmədovun bədii yaradıcılığı haqqında Ağdamda çap edilən "Lenin yolu" (indiki "Ağdam") qəzetində məqalələr dərc edilmişdir.
Zakir Məmmədov 1957-ci ildə Ağdam 1 saylı orta məktəbi medalla bitirmiş, elə həmin ildə də Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin yeni açılan ərəb şöbəsinə daxil olmuşdur.
Zakir Məmmədov universitetdə birinci kursda təhsil alarkən, 29 noyabr1957-ci ildə atası Cabbar bəy Azərbaycan SSR Ali məhkəməsinin qərarı ilə bəraət almışdır.
Zakir Məmmədov universitetdə təhsil aldığı illərdə əla təhsilə və ictimai işə görə Az.LKGİ-nin fəxri fərmanı ilə təltif edilmişdir. Çox tirajlı Universitet qəzetində şeirlər, ərəbcədən tərcümələr dərc etdirmişdir. O, elmi fəaliyyətlə məşğul olduğu dövrdə də, şeirlər yazmışdır.
Zakir Məmmədov 1962-ci ildə universiteti bitirərək Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləməyə başlamışdır.
1962-1963 illərdə Misirdə Asuan SES-in inşasında ilk azərbaycanlı ərəbşünas tərcüməçi kimi çalışmışdır. 1964-cü ilin 1 yanvarından AMEA-nın Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) işə başlamışdır.
"Siracəddin Urməvinin məntiqi görüşləri" adlı namizədlik dissertasiyasını 1967-ci ildə tamamlasa da, 1969-cu ildə müdafiə etmişdir. "Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir" adlı doktorluq dissertasiyasını 1974-cü ildə tamamlamış, monoqrafiya kimi 1978-cü ildə çap etdirmiş, doktorluq dissertasiyası kimi 1990-cı ildə müdafiə etmişdir.Zakir Məmmədov 1969-cu ildən 1970-ci ilə qədər Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor vəzifəsində (yarımştat) işləmiş, milli fəlsəfəmizə dair materialların Azərbaycan Sovet Ensiklopediyasında geniş yer tutmasına çalışmışdır. Azərbaycanın peşəkar filosofları məhz onun tədqiqatı sayəsində bu on cildlik əsərə düşmüşdür (42 məqalə).
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 30-dan çox elmi kitabın (çap edilmiş və edilməmiş), 250 elmi məqalənin, o cümlədən xaricdə çıxmış 6 elmi məqalənin müəllifidir. Uzun müddət fəlsəfə, Azərbaycan fəlsəfəsi tarixi, Şərq fəlsəfəsi tarixi fənlərini dövlət ali məktəblərində, əsasən də Bakı Dövlət Universitetində tədris etmişdir.
AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda (indikiFəlsəfə və Hüquq İnstitutu) 1997-ci ildən həyatının sonuna qədər təsis etdiyi Şərq fəlsəfəsi tarixi və dinşünaslıq şöbəsinin müdiri işləmişdir.
2 mart 2003-cü ildə Bakıda vəfat etmişdir.
***
İsgəndər Söhrab oğlu Aznaurov (1956-1993)
1956 — Axıska türk əsilli Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Söhrab oğlu Aznaurov və ya "Topçu İsgəndər” Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir.
Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin baharında könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır.1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir.
Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdur. Başkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə”, "Ərdağı”, "Kaftar qayası”, "Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir.
1993-cü il 18 apreldə Gədəbəyin "Örükdaş"da gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan xalqı arasında "Topçu İsgəndər" kimi tanınırdı.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman - Məzahir Rüstəmov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.
Azərbaycan Respubliksı Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
***
Ülvi Rəfail oğlu Rəfiyev (1996- 25.10.2020)
1996 —Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ülvi Rəfail oğlu Rəfiyev Ordubadda anadan olmuşdur.
Ülvi Ordubad şəhərində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil alıb.
Ülvi Rəfiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Xətai Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun əsgəri olan Ülvi Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Rəfiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunda dəfn olunub.
Nişanlı idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Rəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Rəfiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şakir QURBANOV