Avqustun 17-si Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin doğum günüdür. Xalqımızın iftixarı olan Müslüm Maqomayevi qədim yunan mifologiyasının qəhrəmanlarından olan Orfeylə müqayisə edirlər.
1942-ci ildə Bakıda dünyaya göz açan bu uşağa babasının – görkəmli bəstəkar Müslüm Maqomayevin adı verilir. Balaca Müslüm babasını görməsə də, onun həyatı ilə maraqlanır və qərara alır ki, babasının yolunu davam etdirsin.
Bəstəkar Müslüm Maqomayev ağlına belə gətirməzdi ki, 1916-cı ildə yazığı “Şah İsmayıl” operasındakı Aslan şahın ariyasını çox illər sonra nəvəsi Müslüm Maqomayev ifa edəcək.
Həmyaşıdları kimi böyüyən Müslüm dənizi, gəmiləri, fantastik əsərləri, nağılları çox sevib, rəsmlər çəkib. Hətta Jül Vernin “Nautilus”una oxşar “gəmi” də düzəldib. Uolt Disneyin bütün filmlərini toplayıb. Amma maşın və qalay əsgərciklərlə oynayan yaşıdlarından fərqli olaraq əlindəki karandaşla “dirijorluq” edib. Hər şeylə maraqlanan uşaqlar kimi oyuncaqlarını söküb ki, görsün içində nə var. Hətta onun bu marağı babasının skripkasının sınması ilə nəticələnib.
Babasının royalı ilə çox tez dostlaşan Müslüm beş yaşında ilk melodiyasını bəstələyib və onu ömrü boyu yadında saxlayıb. Səkkiz yaşında nadir səsi ilə müəllimlərini heyran qoyub.
Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb, Helsinkidə keçirilən VIII Ümumdünya festivalından medalla qayıdıb. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını ifa edib. 1963-cü ildə Moskvadakı P.Çaykovski adına konsert salonunda ilk solo konsertini verib. Dünyanın əksər ölkələrində qastrolda olub.
Müslüm Maqomayevin sonrakı yaradıcılığı Moskva ilə bağlıdır. Rusiyanın görkəmli bəstəkarları onun səsinə uyğun mahnılar yazıblar. Lakin müğənninin repertuarında Azərbaycan musiqisi Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romansları və digər əsərlər xüsusi yer tutub. O deyərdi: “Azərbaycan mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təsəvvür etmirəm”.
Müslüm Maqomayevə 31 yaşında SSRİ Xalq Artisti fəxri adı verilib. O, müstəqil Azərbaycan Respublikasının yüksək mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Müğənninin repertuarına, ümumilikdə, 600-dək əsər daxildir.
Bəstəkarlıq sahəsində də özünü sınayan M.Maqomayevin yaradıcılığında Xalq Şairi Nəbi Xəzrinin sözlərinə yazdığı “Azərbaycan” mahnısı özünəməxsus yer tutur və bu gün də sevilə-sevilə dinlənilir.
Müğənni haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film çəkilib.
1997-ci ildə Günəş sistemi planetlərindən birinə onun adı verilib.
Müslüm Maqomayevin iti müşahidəsi və gözəl qələmi olub. İtalyan mənşəli Amerika müğənnisi Mario Lansa haqqında kitab yazıb. “Mənim məhəbbətim melodiya” kitabında isə biz gözəl insan, dahi şəxsiyyət və dünya şöhrətli müğənni, ən əsas isə – vətənpərvər insan, əsl azərbaycanlı obrazı görürük.
Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat edib və Bakıda Fəxri xiyabanda dəfn olunub.
Ölümündən əvvəl yazdığı sonuncu mahnısı “Əlvida, Bakı” adlanır.
Şakir QURBANOV