2016-cı ildən ölkəmizdə ənənəvi olaraq keçirilən Bakı Marafonuna qonşu Gürcüstanda və digər ölkələrdə də maraq yaranıb. Gürcüstandan 20 nəfər idmançı Bakı Marafonunda iştirak edəcək.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə ümumilikdə 20 nəfər olmaqla - 1 Azərbaycan, 1 Ukrayna, 1 Kanada, 2 Rusiya və 15 nəfər Gürcüstan vətəndaşı marafonda iştirak etmək üçün 2022-ci il mayın 13-də səfirliyin qarşısından Bakıya yola salınıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə 2021-ci ildə Gürcüstanda 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan Marafon keçirilmişdi.
Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkdan başlayan marafon Rustavi şəhərində Ulu Öndərin adını daşıyan parkda başa çatmışdır.
Marafonda 30 kilometr məsafəni uğurla qət edərək ilk üç yeri tutan şəxslər səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin “finish” nöqtəsinə çatan digər müsabiqə iştirakçıları da sertifikatlarla təltif olunmuşdular. Marafonda 8 ölkədən 300-ə yaxın idmançı və həvəskar iştirak etmişdi.
Həmin marafonda iştirak edən idmançılardan 20 nəfəri səfirliyə müraciət edərək, ənənəvi olaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə keçirilən Bakı Marafonunda iştirak etmək istədiklərini bildiriblər.
Səfirlik onların istəklərini nəzərə alıb və idmançılar Bakıya yola düşüblər.