Qurum milyonlar xərcləyib xaricdə oxutdurduğu  tələbələrin siyahısı barədə verilən sorğunu niyə cavablandıra bilmir?

(Əvvəli saytın 14 dekabr tarixli buraxılışındakı 1-ci yazıda)

Təhsilinə milyonlar xərcələnənlər Azərbaycana qayıdırmı? Onların adları niyə məxfi saxlanılır? Bu məzunlar Azərbaycana qayıdanda hansı vəzifələrə təyinat alırlar???

Ötən yazımızda qeyd etdiyimiz kimi, bu suallar hələ də qapalı qalmaqdadır. Çünki Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMB)  informasiya sorğusuna SOCAR-dan cavab verilmir. Niyə? Niyə Azərbaycan ictimaiyyəti fəxr ediləsi tələbə və məzunlarla yaxından tanış olmasın? Axı bu həm də SOCAR-ın özünə və imicinə lazımdır…

Elə sualımızla da Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlıya təkrarən müraciət etdik (ötən yazıdan sonra iki həftə fasilə yarandı, səbəb bir sıra faktlara sorğu göndərib aydınlıq gətirməyimiz idi):

-Mirvari xanım, SOCAR-ın xaricə oxumağa göndərdiyi tələbələrin və məzunların adı niyə məxfi saxlanılır? Burda nə sirr var ki?! Siz SOCAR-a, yaxud digər dövlət qurumlarına bu barədə sorğular göndərmisinizmi?

-Əlbəttə göndərmişik. Məsələn, Azərbaycan Təhsil Nazirliyinə göndərilmiş sorğuya 3 sual əlavə etmişik. Birinci sual belə idi: «Dövlət Proqramı çərçivəsində 79 doktorant xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirilməsi üçün göndərilib. Həmin şəxslərin siyahısını (ad, soyad, ata adı və ali təhsil müəssisəsi) təqdim etməyinizi xahiş edirik».

-Cavab verilibmi?

-Xeyr, imtina edilib… Hansı ki, bu sualda qoyulan məsələ fərdi yox, ictimai əhəmiyyətlidir. Cavab yazırlar ki, guya bu sorğuda tələb edilən məlumatlar fərdi məlumatlar siyahısına aiddir.  İkinci sual isə belə idi: «Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində doktorantura təhsili üçün nə qədər şəxsin xaricə göndərilməsi hədəflənib?». Bu suala isə elə alayarımçıq cavab verilib ki, heç verməsələr ondan yaxşı idi… 3-cü sual belə qoyulmuşdu: «Azərbaycana geri qayıdanların işlə təminatı ilə bağlı hansısa fəaliyyət planı mövcuddurmu? Mövcuddursa, həmin fəaliyyət planının tezisləri ilə tanış ola bilərikmi?». Bu sual nazirliyin rəhbərliyinin xoşuna gəldiyindən cavab vermişdilər ki, bəli, həmin planın tezisləri ilə tanış ola bilərsiniz…

-Bəs SOCAR-dan necə, sorğunuza cavab verilibmi?

-Biz SOCAR-a 4 sualdan ibarət sorğu  göndərmişdik. 02.12.2021, 06.12.2021, 07.12.2021 və 10.12.2021-ci il tarixlərdə göndərilən sorğular «İnformasiya əldə etmək haqqında» Qanunun tələblərinə zidd olaraq ya cavab verilməyib, yaxud da qanunun tələblərinə uyğun olmayan formada cavab verilib…

-Hansı suallar idi?

- Təqdim edirəm: 1.«2019/-2020 və 2020/-2021-ci tədris illərində ARDNŞ tərəfindən yerli ali təhsil müəssisələrində təhsil alan nə qədər tələbə təqaüd proqramı ilə əhatə olunub. (Zəhmət olmasa, tələbələrin siyahısı təqdim edilsin-ad, soyad, ata adı, ali təhsil müəssisəsinin adı).

Suala nəzəri cavab verilmişdi, amma siyahını təqdim etmədilər.

2.SOCAR-ın hesabatlarından məlum olur ki, “SOCAR Turkey Energy”, “SOCAR Georgia Energy” və sair şirkətlərin təşəbbüsü ilə xarici ölkələrdə təhsil sektoruna yatırımlar həyata keçirilir. Xarici ölkələrdə təhsilə edilən investisiyaların əsas məramı və məqsədi nədən ibarətdir?».

Bu suala nəzəri cavab verilmidir.

3.«Xaricdə təhsil almaq üçün tələbələrin göndərilməsinin seçimi necə həyata keçirilir? Bununla bağlı hər hansı komissiya varmı? Komissiyanın tərkibi kimlərdən ibarətdir?».

Təəssüflər olsun, bu sorğuya cavab verilməyib.

  1. «Xaricdə təhsil almaq üçün tələbələrin göndərilməsinin seçimi necə həyata keçirilir? Bununla bağlı hər hansı komissiya varmı? Komissiyanın tərkibi kimlərdən ibarətdir?». Bu sorğuya isə yarımçıq cavab verilib.
  2. «SOCAR tərəfindən xaricdə təhsil almaq üçün tələbələrin seçilməsi qaydaları hansı hüquqi sənəd əsasında müəyyənləşir?».
  3. Bu suala nəzəri cavab verilib…

-Siz Dövlət Neft Fonduna da sorğu göndərmisiniz…

-Bəli, göndərmişdik. Sual belə idi: 1. «ARDNF-nin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində təhsil alanlara dair sonuncu məlumatı 30.06.2020-ci il tarixinə aiddir. Son olaraq (2020 və 2021-ci illər) DP çərçivəsində nə qədər tələbə məzun statusunu qazanmışdır?». Fonddan bu sorğuya cavab verilib.

  1. «2021-ci il 30 sentyabr tarixli Sərəncamla qəbul olunan yeni DP-na ARDNF-nin 2022-ci il büdcəsindən 17,8 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. DP-nin icrası ilə bağlı hər hansı bir iş başlayıbmı? 2021-ci il üçün nə qədər tələbənin xaricə gönərilməsi hədəflənib?».

Bu suala da Fond tərəfindən cavab verilib…

 

-Mirvari xanım, 2012-2021-ci illrədə neft gəlirlərinin təhsildə payı və xərclər üzrə şəffaflığın təmini necədir?

-Deyim ki, xarici ölkələrin nüfuzlu ali məktəblərində dövlət xətti ilə təhsil alanlarla bağlı proqramların əsas maliyyə mənbələri neft gəlirləridir. Digər maliyyə mənbələri sırasında dövlət büdcəsi və müxtəlif qrant layihələri mövcuddur. Lakin bu istiqamətdə ayrılan xərclər o qədər də böyük deyil. Ümumiyyətlə, dövlət xətti ilə xarici ölkələrdə təhsil alanlar haqqında məlumatlar, bu sahədə çəkilən xərclər  pərakəndədir, hesabatlılığı aşağı səviyyədədir. Bu istiqamətdə ayrılan xərclərin nə ictimai nəzarəti, nə də Hesablama Palatası tərəfindən monitorinqi yetərlidir. Müvafiq dövlət qurumlarından proqram çərçivəsində xarici ölkələrdə təhsil almaq hüququ qazanmış şəxslərin siyahısi istənilsə də, bunu “Fərdi məlumatlar haqqında” Qanunun 5.2. maddəsinə istinad edərək, cavab verməkdən imtina etdilər. Qanunun müvafiq maddəsinə görə: «Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər». ARDNŞ-dən bildirilirdi ki, əməkdaşların razılığı olmadan, onların şəxsi məlumatlarının kənar qurumlara açıqlanmasına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 88.2-ci maddəsi məhdudiyyət qoyur: “Bu həm də ümumi biznes etikası baxımından məqsədəuyğun hesab edilməmişdir”.

 Hansı ki, Əmək Məcəlləsinin 88.2. maddəsində qeyd edilir: «İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir».
İctimai əhəmiyyətli olduğundan, Dövlət sifarişi əsasında xaricə göndərilənlərin adlarının gizli saxlanılmasa tamamilə yanlış bir yanaşmadır. Əgər özəl şirkət öz büdcəsi hesabına bunu həyata keçirərdisə, o zaman açıqlamamaq hüququ özündə saxlaya bilərdi. Amma dövlət büdcəsindən maliyyələşən Təhsil Nazirliyi, habelə dövlətin payı olan Dövlət Neft Şirkəti tərəfindən siyahı icitmaiyyətə şəffaf formada təqdim edilməlidir. İctimai nəzarəti, kimin faydalanması və vəsaitlərin necə xərclərməsi baxımından belə gizli saxlanılması qanunaziddir. Bunlar nə dövlət sirridir, nə də kommersiya sirri sayılan informasiyalar sırasındadır. Burada informasiya sahibi olaraq Təhsil Nazirliyi birinci dövlət proqramında əvvəl bütün iştirakçıların adlarını açıqlayırdılar. Sonra internet resurslarından həmin siyahını götürdülər. Çünki açıqlanan siyahı üzrə ictimai nəzarət artdı, jurnalistlər araşdırma aparmağa başladılar. Araşdırmalarda bəzi neqativ hallar aşkar olunmuşdu, bəzi şəxslərin hansı üstünlüklərinə görə seçilməsi, bəzilərinin sənədlərinin hansı səbəblərdən seçilməməsinə dair suallar yarandı. Seçilənlərin ailə tərkibini, sosial və regional statusunu önə çəkirdilər, seçimlərdə inhisarçılıq yaranmışdı. Yaradılmış Təhsil Komissiyası formal xarakter daşıyırdı və s. Əmək Məcəlləsinin 88-ci maddəsi işçi barədə məlumatların ötürülməsindən söhbət gedir. Lakin xarici ölkələrdə təhsillə bağlı sorğu ictimai vəsaitin xərclənməsindən söhbət getdiyi üçün şəffaf şəkildə açıqlanmalıdır.

 Eyni zamanda, “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Qanunların müddəalarında hansı məlumatların şəxsi həyatla bağlılığına görə açıqlana bilməməsi sadalanır və bu məsələ o qanunun təsiri altına düşmür. Çünki burada şəxsin özəl həyatı ilə bağlı hansısa məlumatın açıqlanmasından söhbət getmir, dövlət vəsaiti hesabına təhsil alan şəxslərin siyahısından söhbət gedir. Dövlət vəsaiti açıq olmalıdır və ictimai nəzarəti təmin olunmalıdır. Dövlət Proqramları ilə bağlı digər məsələ qarşıya qoyulan hədəflərin tam icra olunmamasıdır. Hər il proqnozlaşdırılan vəsaitin layihələrin hansı xərc planı əsasında ayrıldığı aydın deyil.

Bu kimi məsələlərə müvafiq dövlət qurumlarının və təşkilatları tərəfindən həyata keçirilən layihələrin hər biri üzrə daha geniş təhlilimə nəzər salaq.

-Bəs Dövlət büdcəsində xaricdə təhsil xərcləri nə qədərdir?

-SOCAR-ın maliyyəsi əsasında xaricdə təhsil təqaüdündən kimlərin övladları və qohumları bəhrələnib?

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN