SOCAR-ın Xaricdə Təqaüd proqramı üzrə oxuyanlar həm əmlak girov qoyurlar, həm də yazılı öhdəlik götürürlər ki, geri qayıdıb SOCAR-da işləyəcəklər, amma…

 (Əvvəli saytın 2023-cü ilin 9 yanvar tarixli buraxılışında)

 «Təzadlar»ın bu və ya digər suallarına Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari xanım Qəhrəmanlı cavablandırır:

-Mirvari xanım, SOCAR-ın Xaricdə Təqaüd proqramı üzrə oxuyanlar həm əmlak girov qoyurlar, həm də yazılı öhdəlik götürürlər ki, təhsili başa vurduqdan sonra geri qayıdıb SOCAR-da çalışacaqlar. Amma hiss olunur ki, bu öhdəlik yerinə yetirilmir…

-Məsələ ondadır ki, Proqram üzrə çatışmazlıqlardan biri gedənlərin ölkəyə qayıtması ilə bağlı öhdəliklərin dəqiq müəyyənləşdirilməməsidir. Məsələn, Dövlət Neft Şirkətinin (SOCAR) Xaricdə Təqaüd proqramı üzrə oxuyanlar həm əmlak girov qoyurlar, həm də yazılı öhdəlik götürürlər ki, geri qayıdıb SOCAR-da işləyəcəklər. Lakin 2007-2015-ci illərdə icra olunan təhsil proqramında məzun olanların nə qədər hissəsinin geri qayıtması, qəbul olanların nə qədərinin məzun ola bilməsi haqqında indiyədək heç bir hesabatlılıq yoxdur. Sərf olunan 242 milyon manatın ölkə üzrə yaratdığı dəyərin tədqiqatı həyata keçməlidir. Yəni statistika təqdim edilməlidir ki, nə qədər məzun geri qayıtdı, onların özəl və dövlət sektorunda işlə təminatına dair durumu təhlil edilməlidir. Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən digər proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır. Bu Proqram çərçivəsində də təsil alan doktorantlarla bağlı fərqli statistika təqdim olunur. Təhsil Nazirliyinin məlumatına görə, xaricdə doktorantura təhsili üzrə qəbul ildə 2 dəfə həyata keçirilir. 2020-ci ildə 55 nəfər, 2021-ci ildə 72 nəfər xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi imkanı əldə edib. Hazırda sözügedən proqram üzrə 127 doktorant dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alır.  ARDNF-in 30 dekabr 2021-ci il tarixinə olan məlumatına görə isə, Dövlət Proqramı çərçivəsində 79 nəfər doktorantın təhsili ilə bağlı xərclər Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. ARDNF-nin büdcə proqnozlarından da görünür ki, ötən illərdə nəzərdə tutulan vəsaitlərinin icrasında çətinliklər yaşanır. Belə ki, ARDNF tərəfindən ümümilikdə 14,3 milyon manat vəsait ayrılmışdır, bu da proqnoz rəqəmə qarşı 33,4 faiz təşkil edir.

-Bəs Doktorantların ölkəyə geri qayıdaraq işlə təminatına dair məlumatlılıq necədir?

-Deyim ki, Seçim Qaydalarının 4.24-cü bəndində qeyd olunduğu kimi, seçilmiş namizədlərlə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada xarici ali təhsil müəssisəsində təhsilin müəyyənləşdirilməsini tənzimləyən üçtərəfli müqavilə bağlanır. Burada işəgötürən qismində yerli ali təhsil müəssisəsi çıxış edir. Sözügdən müqaviləyə əsasən, tədris müddəti bitdikdən sonra doktorant ən geci 2 ay ərzində Azərbaycana qayıtmaq və bağlanmış əmək müqaviləsi əsasında aldığı ixtisas üzrə yerli ATM-də 5 il fasiləsiz pedaqoji fəaliyyət göstərmək öhdəliyi daşıyır.

 Digər bir layihə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamına əsasən, 2 ay ərzində Dövlət Proqramı layihəsi hazırlanmalı idi. Sərəncama müvafiq olaraq, ARDNF 2022-ci il büdcəsində sözügedən Dövlət Proqramının maliyyələşdirilməsi üçün 17,8 milyon manat vəsaitin ayrılmasını proqnozlaşdırıb. Hələ ki, sərəncamda nəzərdə tutulan tarixin üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Dövlət Proqramının ictimaiyyətə təqdimatı həyata keçirilməyib. Yalnız Təhzil Nazirliyinin nümayəndəsi yerli mediaya bildirir ki, Proqram 2022-2026-ci illəri əhatə edəcək. Hələ ki, şərtlər, hədəflər, ildə nə qədər tələbənin oxuyacağı ilə bağlı bir bilgi yoxdur. Buna baxmayaraq, Neft Fondu hansı layihə əsasında 17,8 milyon manatı ayırdığı məlum deyil. Belə aydın olur ki, 2022-ci il üzrə də proqnozu yerinə yetirmək mümkün olmayacaq. 

 -Gələk SOCAR-ın maliyyəsi əsasında xaricdə təhsil təqaüdünün vəziyyətinə…

-ARDNŞ (SOCAR) 2006-cı ildən təqaüd proqramları həyata keçirir. SOCAR-ın təqaüd proqramları təyinatına görə müxtəlifdir. Daxili və Xarici təqaüd proqramları ilə yanaşı, Türkiyə və Gürcüstandakı törəmə şirkətlərinin da təhsil büdcəsi mövcuddur. Məsələn, 2008-2020-ci tədris illəri ərzində ümumilikdə 4268 nəfər azərbaycanlı tələbənin təhsil haqqı SOCAR tərəfindən ödənilib. Bu illər ərzində artıq 900 tələbə diplom alaraq, təhsil aldığı ali təhsil müəssisəsindən məzun olub.  

ARDNŞ məlumatına görə, Xarici Təqaüd Proqramının (XTP) məzun və tələbələrinin sayı 172 nəfərdir. Onlardan 89 tələbə Böyük Britaniyada, 25 tələbə Almaniyada, 21 tələbə Fransada, 17 tələbə ABŞ-da, 9 tələbə Türkiyədə, 3 nəfər Norveçdə, Hollandiya və Kanadada hər birində 2 nəfər, Avstriya, İsveç, Rusiya və Maltada isə hər birində 1 tələbə təhsil alır və ya təhsilini başa çatdırmışdır. XTP-yə müraciətlər online qaydada socar.az saytı vasitəsilə həyata keçirilir, daha sonra müsahibə mərhələsində namizədlər seçilir. Seçimlə bağlı komissiya fəaliyyət göstərir. Komissiyanın tərkibi ixtisas sahəsinə uyğun SOCAR-ın aidiyyəti vitse-prezidentləri, idarə rəhbərləri və kənardan dəvət olunan qonaqlar qismində isə təhsil sektorunun müvafiq qurum rəhbərləri, Elmlər Akademiyasının təmsilçisi (akademik) və qeyri-hökümət təşkilatı nümayəndəsindən (Bakı Təhsil və İnformasiya Mərkəzi) ibarətdir.  Dövlət Neft Şirkətindən bildirilənə görə, xaricdə təhsil almaq üçün tələbələrin seçilməsi "Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsini haqqında" Əsasnaməsi ilə tənzimlənir. Lakin bu komissisyada təmsil olunan şəxslərin adları göstərilmir. Təqaüd Proqramı çərçivəsində tələbələrin xaricdə təhsil almaları üçün ARDNŞ müxtəlif universitetlərlə sıx əməkdaşlıq edir. Geri qayıdanlarla bağlı xüsusi şərtlər mövcuddur və əksəriyyəti SOCAR tərəfindən işlə təmin olunur.

“Gənc nəslin maariflənməsinə xidmət edən ARDNŞ tələbələrin sosial problemlərini də diqqətdən kənarda qoymur, onları təhsillərini başa vurduqdan sonra ixtisaslarına uyğun işlə təmin edir. Gənclərin yüksək təhsil alması və peşəkar mütəxəssis kimi yetişməsi naminə ARDNŞ istər təhsil müddətində, istərsə də təhsilini başa vurduqdan sonra hər bir tələbəyə fərdi yanaşma nümayiş etdirir, ona maddi və mənəvi dəstək olur” - hesabatda qeyd edilir. Hər il xarici ölkələrin nüfuzli ali məktəblərində təhsil alanların statistik göstəriciləri təqdim edilsə də, bu istiqamətdə də ciddi qeyri-şəffalıq özünü göstərir.

-Niyə Şirkətin maliyyə, yaxud illik hesabatlarında xaricdə təhsil proqramlarına ayrılan vəsaitlər barədə məlumatlar da göstərilmir?

-Elə bizim qaldırdığımız məsələ də bundan ibarətdir. Şirkət hesabatlarında yalnız “xalq təhsili xərcləri” adlı bölməyə rast gəlmək olur. Bu xərclər isə əsaslı kapital qoyuluşu xərclərinin bölgüsü olaraq göstərilir. Əgər SOCAR-ın xaricdə təhsil proqramında iştirak edənlərin əsas seçimləri Qərbin nüfuzlu və bahalı universitetləri olduğunu nəzərə alsaq, bu istiqamətdə böyük bir xərcdən söhbət gedir.

-Nümunə varmı?

-Məsələn, 2019/-2020-ci tədris ilində 10 nəfər magistr pilləsi üzrə Birləşmiş Krallıqda (7 nəfər) və Fransada (3 nəfər), 2020/-2021-ci tədris ilində isə 4 nəfər (3 magistr və 1 bakalavr pilləsi) olmaqla Birləşmiş Krallıqda (3 nəfər) və ABŞ-da (1 nəfər) təhsil almaq üçün göndərilmişdir. Məsələn, Nazirlər Kabineti «Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydalarında aylıq xərc normaları»nı təsdiq edib. Həmin normalarla hesablasaq Böyük Britaniya üzrə aylıq xərc 1.100 GBP, Fransa 1,150 Avro, ABŞ-da 1400-1900 dollar təşkil edir. Belə olan halda, SOCAR hər ay təkcə yaşayış, gündəlik yemək və tədris materialları xərcərinə görə son iki ilin tədris müddətində Böyük Britaniyada təhsil alanların aylıq xərci  üçün 168 min GBP, Fransada 62 min Avro, ABŞ-da minimum 13 min dollar vəsait sərf edib. Bunların üzərinə üniversitetlərin illik təhsil haqlarını də gəlmək olar ki, bu barədə proqramlarda normalar, xərclər göstərilmir.

Bundan əlavə, SOCAR-ın Gürcüstan və Türkiyədə də təhsil proqramları mövcuddur. Neft Şirkətindən bildirilir ki, bəzi ölkələrdə təhsil sahəsində keçirilən sosial layihələrin məqsədi, əlavə olaraq, soydaşlarımızın inkişafını dəstəkləmək və ya ölkələrimiz arasında mövcud olan qardaşlıq əlaqələrinin inkişafına töhfə verməkdir. 

“SOCAR- Türkiyə” şirkəti tərəfindən 2008-ci ildən bu günə qədər Heydər Əliyevin adını daşıyan və ümumilikdə 6200 şagirdə xidmət edən ümumtəhsil məktəbləri tikilərək Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinə təqdim olunub. Əlavə olaraq, 3800 şagirdlik digər məktəblər isə “SOCAR- Türkiyə” şirkətinin hissədarı olduğu «Petkim» tərəfindən əvvəlki illərdə tikilərək müvafiq şəkildə Türkiyə Cümhuriyyətinə təslim olunub. “SOCAR-Georgia” 2008-2009-cu tədris ilindən etibarən “1+4” dövlət təhsil proqramı üzrə Gürcüstan ali təhsil müəssisələrində təhsil alan və Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil haqqını maliyyələşdirir. 2013-2014-cü tədris ilindən etibarən təhsilə artan maraq nəticəsində ali təhsil müəssisələrinə hər il birbaşa yolla 50 tələbə və “1+4” proqramı ilə 900 tələbə daxil olur. Təqaüd proqramı çərçivəsində Neft Şirkəti tərəfindən aparılan təhlillər müəyyən edib ki, ali təhsil müəssisələrinə qəbul olan tələbələrin yalnız 20%-i son kursa qədər təhsillərini davam etdirirmiş. Bu mənfi göstəricini tərsinə çevirmək məqsədi ilə təhsil haqqı ödəmələrində iki mühüm dəyişiklik edilib: Birincisi, 2015-ci ilə qədər özəl və dövlət universitetlərində təhsil alan tələbələrin təhsil haqları ödənilirdisə, layihənin optimallaşdırılması və proqramın keyfiyyətinin artırılması məqsədi ilə 2015-ci ildən etibarən yalnız dövlət ali təhsil müəssisələrində təhsil alan tələbələrin təhsil haqqı ödənilməyə başlandı;

İkincisi, tələbələrin təhsil səviyyələrinin artmasını stimullaşdırmaq məqsədi ilə 2020-2021-ci tədris ilindən etibarən təhsil haqqı ödəmələrində yeni meyarlar tədbiq edilməyə başlandı. Belə ki, hazırda yalnız minimum orta balı 61 bal olan tələbələrin təhsil haqqı ödənilir. Aparılan statistik analiz nəticəsində məlum olunub ki, tədbiq edilən yeni meyarlar tələbələrin akademik göstəricilərinə müsbət təsir göstərir. Belə ki, 2020-2021-ci tədris ilində təhsil haqqı SOCAR tərəfindən ödənilən tələbələrin sayının azalmasına baxmayaraq, tələbələrin akademik göstəricilərində artım qeydə alınmışdır. Bu isə öz növbəsində tələbələrin kurslar arası keçidinə və məzun olan tələbələrin sayına da müsbət təsir etmişdir. Bundan sonra nəticələrin müsbətə doğru dəyişdiyini bildirsələr də konkret olaraq, detallı məlumat verimir. Məsələn, təqaüdlərlə bağlı aparılan islahatlardan sonra məzunların göstəriciləri neçə faizə qalxıb?

“SOCAR Georgia Energy” tərəfindən Gürcüstanda yaşayan azərbaycanlılara təqaüd proqramları təşkil olunur. Onların sonradan Gürcüstan cəmiyyətinə inteqrasiyasının təhlilinə ehtiyac vardır...

-Müsahibəyə görə təşəkkür edirik…

Dinlədi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN