Son günlər oxuyub başa çatdırdığım 493 səhifəlik kitab “Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən represiya edilmiş (acı həqiqətlər, ağrılı faktlar)” adlanır. Kitab represiyanın tüğyan etdiyi 1937-1938-ci illərdən bəhs edir. Qırmızı terrorun qurbanları haqqında olan istintaq materialları ilk dəfədir ki, araşdırılaraq dövriyyəyə daxil edilmişdir. Kitabın müəllifi Bakı Dövlət Univerisitetinin müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Boran Əzizlidir.

Bu dəyərli tədqiqat əsərində təkcə Mərzili və bəzi kəndlərin represiya qurbanlarından, onların faciəli taleyindən bəhs edilmir, eyni zamanda, ətraflı şəkildə Qarabağ bölgəsinin keçməkeşli tarixindən, Rusiyanın Azərbaycanın şimal hissəsinə “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə necə yiyələnməsindən, çarizmin yürütdüyü müstəmləkəçi siyasətindən, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından, 1920-ci ilin aprel ayından Azərbaycanda Qırmızı Ordunun zorakı sovetləşmə siyasətindən, son 30 il ərzində mənfur qonşularımızın Qarabağ və onun ətraf rayonlarını işğal altında saxlamasından, 2020-ci ildə 44 günlük qalibiyyətli Vətən müharibəsindən əhatəli şəkildə bəhs edilir. Bir sözlə, kitabda saysız-hesabsız yeni tarixi məlumatlarla rastlaşmadan keçmək mümkün deyildir.

İstintaq sənədləri ilə tanışlıqdan, babalarımızın məruz qaldığı qandonduran faktları oxuduqdan sonra Boran Əzizlinin kitabın adına “Acı həqiqətlər, ağrılı faktlar” ifadəsini niyə əlavə etməsinə haqlı olduğuna bir daha əmin olursan.

Onu da qeyd edim ki, kitabın olduqca geniş və əhatəli “Ön söz” müəllifi tarix elmləri doktoru, Dövlət mükafatı laureatı Gözəlova Nigar Rövşən qızıdır.

Boran müəllim kitaba “Başlarkən” başlığı altında verdiyi tarixi-elmi fikirləri ilə mövzuya giriş etmişdir. Müəllif ilk sətirlərdə yazır: “Mərzili kəndinin tarixi qədim olsa da, indiyə qədər ayrıca tədqiqat obyekti olmadığından məlumatlar dağınıq, yarımçıqdır. Kəndin yaxınlığından təsadüf nəticəsində tapılmış küp qəbirlər bu ərazinin hələ qədim dövrdən yaşayış məskəni olduğunu göstərir...”.

Mərzili kəndi haqqında müəllifin yazdıqlarına istinad edərək deyə bilərik  ki, 1823-cü ildən 1916-cı ilədək çar hakimiyyət orqanlarının əhalini siyahıya almalarından məlum olur ki, əvvəllər Mərzili üç kənddən ibarət olmuşdur (Mərzili, Çəfərqulu Mərzilisi və İsmayıl bəy Mərzilisi). Bu üç Mərzili kəndində 9 tayfanın daxil olduğu bir camaat, 28 tayfa, bu tayfalardan ayrılmış 40-a yaxın tirə, tayfaları, tirələri yazılmayan 50-yə yaxın ailə, ailə birliyi-soy olmuşdur. Və “Qarabağnamlər”dən məlum olur ki, Qarabağ xanı İbrahim xanın Böyük xan adlanan Məhəmmədhəsən adlı oğlu olmuşdur. Onun Mərzilidəki torpaqlarında yaşayan və çalışan 9 tayfa Böyükxanlı camaatı adlanmışdır...

img-20250114-wa0002

BORAN ƏZİZ

Kitabda Mərzili kəndi haqqında çoxsaylı maraqlı olan məlumatlar sırasında  oxuyuruq: XIX əsrin 60-cı illərindən Mərzilidə 11 nəfərin oxuduğu məktəb-məscid olmuş, milli-azadlıq hərəkatının IV dövrünün 1920-1930-cu illərindəki mərhələsində Sovet rejiminə qarşı mübarizə aparan Müsavat partiyasının özəklərindən biri də Mərzili kəndində olmuşdur, represiya dövründə 40-dan çox adam həbs edilmiş, onlardan 23 nəfəri rejimin düşməni kimi güllələnmişdir. Söhbət o insanlardan gedir ki, onlar Dəlidağ yaylaqları ilə mərzililərin qışlaq düşərgələri arasında hörmətli-izzətli, ağsaqqal, sözübütöv, səxavətli, çörəkli, el-obanın təəssübkeşi kimi tanınan kişilər idilər - Ədil Mustafa oğlu, Alverdi Məmməd oğlu, Fərman, Şahmar qardaşları, İsmayıl İmamverdi oğlu, Oruc Hüseyn oğlu və b. Mən ağlım kəsəndən o insanlar haqqında ancaq xoş sözlər eşitmişəm. Sovet rejimi isə onları “vətən xaini”, “xalq düşməni” və s. adlarla “ya Sibirlik, ya qəbirlik” etmişdir. Düşünəndə ki, rejim Azərbaycanda təkcə müəyyən var-dövlətə sahib olan ortabab kəndliləri deyil, eləcə də minlərlə M.Müşfiq, Ə.Cavad, H.Cavid kimi ziyalıları məhvə məhkum edib, adam dəhşətə gəlir. Unutmayaq ki, represiya illərində Azərbaycanda hakim söz sahibləri Bağırov, Borşov, Yemelyanov, Qriqoriyan, Markaryan və b. olmuşdur.

Mərzili kəndi haqqında ən ümumi tarixi, sosial-iqtisadi məlumatlar “Başlarkən”də verilmişdir. Həmin məlumatlar bu kəndin Azərbaycan tarixindəki yeri, əhəmiyyəti barəsində kifayət qədər məlumatlarla zəngindir və Mərzilini tanımayanlar üçün də kifayət edəcək informasiyalara malikdir. Eləcə də, xalq şairi B.Vahabzadənin 70-ci illərdə yazdığı “Sənətkar və zaman” adlı məqaləsində qeyd etdiyi kimi, deyə bilərik ki, Mərzili dahi Xudu Məmmədovla dünyanın elm salnaməsinə adı yazılmış kənddir. Bu gün isə 44 nəfər alimin (6 nəfəri xanım olmaqla), onlarca şairin, yazıçının, jurnalistin, mədəniyyət və incəsənət xadiminin, yüzlərcə müəllim və həkimin, ümumiyyətlə, 1000 nəfərə yaxın ali təhsillinin kəndidir Mərzili.

Boran müəllimin qələmə aldığı kitabın 346 səhifəsi kəndimizin təsərrüfatçılıq, təşkilatçılıq bacarığı olan insanların acı taleyinin ən qaranlıq səhifəsinə həsr edilib. Təəssüflər olsun ki, babalarımız o acı taleyi yaşamalı olmuşlar. Mübaliğəsiz deyə bilərik ki, 1937-1938-ci illərin acı reallıqlarının ən xırda detalları müəllifin diqqətindən kənarda qalmamışdır. Təbii ki, kiçik bir məqalədə kitabdan təfsilatı ilə bəhs etmək mümkün deyil. Odur ki, oxucularda ümumi təəssürat yaranması üçün istintaqla bağlı bəzi detalları xatırlatmalı oluram. Məsələn, istintaq proseslərində erməni nümayəndələrin iştirakı (Camqarov Mixail Baxşieviç, Palqunov Sergey Georgiyeviç), təqsirləndirilənlərin əksəriyyətinin əksinqilabçı, qiyamçı, “Müsavat” partiyasının üzvü olması, istintaq işinin səthi, qısa müddətli olması və s. Boran müəllim həbs olunan hər bir şəxsin özü barəsində tam əhatəli məlumat verməklə bərabər, maraqlıdır ki, hər bir represiya qurbanının əmlakını da ayrıca cədvəl formasında istintaq sənədləri əsasında tərtib edib vermişdir (həbs olunana qədər, 1929-cu ilə qədər və 1917-ci ilə qədər). Cədvəldə əsas əmlak kimi əkin yeri, təsərrüfat tikililəri, kotan, at, öküz, qoyun və s. göstərilmişdir.

İttiham sənədləri qondarma, gülüş doğuran ifadələrlə doludur. Məsələn, filankəs kolxoz tədbirlərinə, pambıq yığımına, qızların məktəbə getməsinə mane olur, kiməsə lağ edib. Hamıdan təzyiq və işgəncə altında izah alındığı bütün məhkəmə protokollarından açıq-aşkar görünür.

Bir sözlə, dəyərli alimimizin illərlə əziyyətini çəkib araya-ərsəyə gətirdiyi kitab məşum represiya illərində həbs edilmiş, işgəncə görmüş, sürgün edilmiş, güllələnmiş babalarımızın taleyi barəsində soxsaylı qaranlıq suallara aydınlıq gətirməklə çox  mühüm əhəmiyyətə malikdir. Odur ki, bu məqaləni “Qaranlığa işıq salan tədqiqat kitabı” adlandırdım.  Müəllifə - Boran Əzizliyə bu kitabda ata babam Alverdi Məşədi Məmməd oğlunun  onilliklərdir ki, mənə qaranlıq olan taleyinə aydınlıq gətirdiyi üçün represiya qurbanlarının bütün varisləri adından təşəkkür edir və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN