...Bu gün Azərbaycanın çağdaş fikir tarixində öz dəsti-xətti və öz yolu olmuş "Təzadlar" qəzetinin 30 yaşı tamam olur.

 1993-cü ilin aprelin 9-da ilk sayı çapdan çıxmış qəzet ötən dövrdə bütün çətinliklərə, məhkəmə süründürməçiliyinə və bəzi kənar təsirlərə- təzyiqlərə baxmayraq bu günədək dayanmadan nəşr olunmaqdadır. O illəri və qəzetin keçdiyi çətin, qalmaqallı yolu dünənin hadisələri kimi xatırlayıram: dünya şöhrətli alim Xudu Məmmədovun türk dünyasının ustad şairi  Bəxtiyar Vahabzadəyə vəsiyyəti kimi qəzetin adı "Təzadlar" seçiləndə çoxları bu sözün bəlkə də məna və mahiyyətini dürüst bilmirdi. Amma sonradan yaşadığımız hadisələr bir daha göstərdi ki, nəinki həyatımız, elə Azərbaycanığmız da təzadlı-ziddiyyətli tarixi yaşamışdır, yaşamaqdadır.

Bəzən "Təzadlar" qəzetinin yaşadığı hadisələri təhlil edəndə Azərbaycanın başına gələn hadisələrin başına gələcəklərin ən pisi olmaması (Bu fəlsəfi-elmi fikir dünya şöhrətli alim Rafiq Əliyevə məxsusdur) qənaətini görür və bir oxşarlığın şahidi oluram. Azərbaycan müstəqilliyə, azadlığına can atdıqca xarici və daxili düşmənlərinin təzyiq və gözügötürməzliyinə nə qədər məruz qalıbsa, "Təzadlar" qəzeti də azad və müstəqil fəaliyyətə könül verdikcə başına nələr gəlməyib!

 30 ildir «Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!» şüarı ilə nəşr olunan qəzetin baş redaktoru kimi başıma və başımıza nələr gəlmədi! Mən 2009-cu ildə əsassız olaraq həbs ediləndə Prezident İlham Əliyevin bu həbsə sərt reaksiyasından 2 gün sonra məhkəmə qərarı ilə bəraət alaraq həbsdən azad edildim (ATƏT-in və «Human Rights Watch»ın illik hesabatında bu addım təqdir edilmiş, Azərbaycan Prezidentinə minnətdarlıq bildirilmişdir).... 2000-ci ildə peşə fəaliyyətimə görə bir rayonun icra başçısı tərəfindən mənzilimə əlibıçaqlı cinayətkarın göndərilməsini, DİN-də bu cinayətlə bağlı istintaq başlamasını, 2016-cl ilin martında şəxsi mənzilimə, həmin ilin avqustunda isə şəxsi avtomobilimə benzin tökülərək eyni dəsti-xətlə yandırılmasını xatırlayıram(DİN-də hələ də istintaq gedir, zərərçəkmiş kimi tanınmışam).

 Bu hələ harasıdır, Azərbaycan Mətbuat Şurasını faktiki idarə edən Bəxtiyar Sadıqovun birbaşa rəhbərliyi ilə haqsız və ədalətsiz olaraq "Təzadlar" qəzetinin adlnın 2 dəfə "qara siyahı" ya saldırılmasını, redaksiyanın nəinki layihələrdən kənar saxlanılmasını, hətta əməkdaşlarının Milli Mətbuat Günü tədbirlərinə buraxılmamasını... mən necə xatırlamayım? Təkrar edirəm, başımıza gələnlər eyni ilə Azərbaycanın başına gələnlərin eynisi deyilmi?! Hələ çoxsaylı süni, təşkil edilmiş məhkəmə iddialarını demirəm...

 Amma zaman göstərdi ki, "qara siyahı"lıq kimlər idi! Bu gün adlna "reket" deyilən bu qəzetin iki əməkdaşı-mən və Yasəmən Məmmədli 2020-ci ilin 44 günlük Zəfər müharibəsi günlərində Azərbaycan həqiqətlərini TRTAJANS xətti ilə (sədri Azərbaycansevər Salih Kurtdur) dünya mediasında yayımladığımıza görə, Avropa Mətbuat Federasiyasının üzvü seçilmişik (Azərbaycandan AMF-nin hələki yeganə üzvü olan jurnalistlərik). 

 Qəzetin rəsmi saytı olan tezadlar.az Dövlət reyestrinə daxil edilib və üçüncü dəfədir Medianın İnkişafı Agentliyinin müsabiqə layihələrində iştirak edir (qəzet keçmiş KİVDF-nin də ilk layihəsində qalib olmuşdu).  

 Qəzetin Xocalı faciəsi ilə bağlı məqaləsi 2014-cü ildə ABŞ-ın Kaliforniya ştatının Mərkəzi Kitabxanasının kataloquna salınmışdır, bu gün də həmin kataloqdadır.

Təvazökarlıqdan uzaq olsa da, bu gün "Təzadlar"ın bazaslnda Tezadlar TV yaradılıb (İranın şikayəti əsasında müvəqqəti bloklanıb, amma TTV AZ akkauntu ilə yayımdadır) və YouTube üzərindən yayımlanır. Mən Dünya Türk Jurnalistləri Birliyinin üzvüyəm, 4 dildə yayımlanan TRTAJANS Holdinqinin İdarə Heyətinin sədr müavini və Azərbaycan üzrə nümayəndəsi, Türkiyənin anadoluyakasihaber.com və ilkhavadis.com saytlarının köşə yazarıyam. 

 Siyasi tərəfsiz olan, Azərbaycan dövlətinin müstəqil media siyasətini dəstəkləyərək fəaliyyətini davam etdirən qəzetə mənəvi dəstək olmuş hər kəsə, dəyərli oxucularımıza, bütün çətinliklərə 30 ildir dözən, mətinləşən kollektiv üzvlərinə minnətdaram. Belə bir məsuliyyətli gündə qəzetin təsis olunmasında iştirak etmiş, xeyir-dua vermiş Azərbaycanın tanınmış simalarını-qəzetin ilk dəfə adını vermiş görkəmli alim Xudu Məmmədovu (qəzetin adı Xudu Məmmədovun əsərlərinin ifadəsidir), Xalq şairlərimiz-Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, professor Nurəddin Rzanı, sabiq «OMON» komandiri Rövşən Cavadovu, professor Famil Mehdini, unudulmaz şair Şahmar Ələkbərzadəni ehtiramla yad edir, Azərbaycanın Əməkdar Hüquqşünası, professor İlham Rəhimova, neftçi alim Yusif Səmədova, tanınmış hüquqşünas Adil Minbaşıya… dərin minnətdarlığımızı yetiririk!

XXX 

 Belə işıqlı ziyalıların təsis etdikləri qəzetin 30-cu yaşının Qarabağın işğal altında qalmış torpaqlarının azadlığı ilinə və Ramazan günlərinə təsadüf etməsi də yəqinki təsadüfi hadisə deyil! Çünki böyük alimlərin sözüdür: hər bir təsadüf zərurətdən doğur!

Biz də zərurətdən doğulduq...  Ona görə də 2001-ci ildə Milli Mətbuat Günündəki görüşümüzdə "Mən sizin qəzeti həmişə oxuyuram..." deyərək mənə dəyərli məsləhətlər verən Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edir, "Ruhu şad olsun!" deyirəm!

Eləcə də, 2009-cu ildə mənə həbs edilmiş jurnalist olaraq azadlığımı qaytarmış, 2020-ci ildə isə 30 ildir ərazisi mənfur ermənilər tərəfindən paramparça edilmiş Qarabağa azadlıq gətirmiş Ali Baş Komandan İlham Əliyevə dərin və sonsuz  minnətdarlığımı çatdırıram!

Ən çətin məqamda, Mətbuat Şurasının əsassız təzyiqləri zamanında bizə mənəvi dəstək göstərmiş "Azərsun Holding" rəhbərliyinə,  şəxsən Abdulbari Gözala təşəkkürümü yetirirəm!

Başımıza gələn bütün qalmaqallara, "qara siyahı"lara və s. baxmaraq ədalətli mövqeyi ilə bizə mənəvi, layihələri ilə maddi dəstək göstərmiş Medianın İnkişafı Agentliyinin rəhbərliyinə, bütün komandaya, şəxsən Əhməd İsmayılova təşəkkür borcumu çatdırıram!

Şeyx Şamil deyirmiş: aqibətini düşünən əsgərdən igid çıxmaz!

Biz aqibət düşünmədik! Düşünsəydik, başımıza gətirilən o müsibətləri yaşamazdıq!

Biz Azərbaycanı, onun haqq işini, ermənilər tərəfindən yurdları dağıdılmış, ərazisi paramparça edilmiş Qarabağı, bir də içimizdəki ədaləti düşündük! 

Sonda: bir dəfə Azərbaycanı daxildən korrupsiya əməlləri ilə didib-parçalayanlar barədə konkret adı və ünvanı ilə bir yazı dərc etmişdik... Tanımadığımız bir məsul şəxs zəng edib hədə ilə dedi: "...Görün ananızı necə ağladacağıq!". Mən də dedim: "...Sizi bilmirəm, bizim anamız Azərbaycandır, onsuz da uzun illərdir ağlar qoymusunuz...".

ALLAH Azərbaycanı qorusun!

Asif MƏRZİLİ

3a52549f-fde6-42a2-b778-b2d2ba95bdef

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN