Vəkil Aqil Layic  avqustun 10-da Milli Məclisin keçmiş deputatı, iqtisadçı Nazim Bəydəmirli ilə istintaq təcridxanasında görüşüb.

Vəkilin sözlərinə görə, Nazim Bəydəmirli özünü ekologiya məhbusu hesab edir, çünki onun həbsinin səbəbi Söyüdlü kəndində baş verən hadisələrlə bağlıdır və hazırki ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır. Penitensiar Xidmətdən, hələlik, mövqe almaq mümkün olmayıb. İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb. "Vətəndaş polisə müraciət edərək bildirib ki, Nazim Bəydəmirli onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək şantaj edib, dərc etməmək üçün ondan 50 min manat tələb edib". İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi Bəydəmirli barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb. Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəninin vurduğu ziyanla bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədirlər. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN