Yuxuda gördüm səni, bacı. Çox sevindim. Soruşdum: “Can ay bacı, nə yaxşı gəlibsən?”
Mənə baxıb gülümsədin və dedin:
-Axı atamızdan, anamızdan sonra mən sənə ata-ana olmuşam. Məgər səni tək qoyarammı heç. Gəldim görüm necəsən...
- Sən təkcə məni yox, heç kimi darda qoymurdun. Hamıya arxa-dayaq idin ay bacı. Axı sən özünün yaratdığın fermer təsərrüfatında, sonra Bələdiyyə sədrliyində hamıya əlindən gələn köməklikləri eləyirdin. Kənd camaatı sənə “El anası” adını qoymuşdular. İndi də səni heç kim unutmur ay bacı. Sənin adın gləndə hamı kövrəlir və sənə rəhmət oxuyur.
Mənimsə həyatımda daha böyük rol oynayıbsan. İlkin addımlarımda da, ilkin dirçəlişimdə də mənə qol-qanad sən veribsən. Mənim məsləhət verənim, maliyyə sahəsində kömək edənim, ilk yardımçım da sən olubsan ay bacı. Nakam idin. Övladın olmamışdı. Məni təkcə bacı kimi yox, həm də övlad kimi sevirdin. Ona görə də sənə bir neçə şeir həsr eləmişəm. Bilirəm ki, hər dəfə həmin şeirlər səslənəndə sənin ruhun yanımda olur və maraqla həmin şeirlərə qulaq asır.
-Mən sənə çox inanırdım. İnanırdım ki, sən mənim ümidlərimi, çata bilmədiyim arzularımı doğruldacaqsan. Hər bir yaxşı əməlinlə bunu doğrultdun da ay Xuru.
-Sən dünyanı dəyişəndən sonra özümü çox tənha hiss eləyirdim. Amma atamızın, anamızın ölümündən sonra gücsüzlük hiss eləməmişdim. Çünki sən yanımda idin. Bir dağ kimi mən də, o biri bacılarım da, qardaşlarım da sənə söykənmişdik. Sən valideyn yoxluğunu bizə unutdurmuşdun ay bacı. Sənin haqq dünyana qovuşmağın bizim ailəmizə çox böyük bir zərbə oldu can bacı. O vaxtlar səni tez-tez yuxularımda görürdüm. Mənə məsləhətlər verir və işıqlı yol göstərirdin. Məhz sənin sayəndə bizim ailəmizdə elə yaxşı qanunlar qoyulub ki, indi də onlara sadiqik. Tez-tez ata ocağına yığışıb, mehriban söhbətlər eləyirik. Bayramları, ən xoş günləri orada bir yerdə keçiriik. Bir-birimizə arxa-dayaq oluruq. Ata ocağında olanda səni daha tez-tez yuxuda görürəm əziz bacım Südabə. Axı ata ocağında olanda bizim söhbətimizin əvvəli də, ortası da, sonu da sən olursan...
... Uşaqlıq illərimizi xatırlayıram. Həmin ocaqda bəxtəvər atalı-analı günlərimiz yadıma düşür...
Yadına gəlirmi? Mən dördüncü sinifdə oxuyanda panbığa getdiyimiz üçün məktəblər bağlanmışdı. Axşamlar yorğun olsaq da həyətdə oturub, ulduzları birlikdə seyr edirdik. Ulduzları sayırdıq. Mən həmişə deyirdim ki, ulduzlara çatmaq istəyirəm. Sən isə tez və qorxu ilə deyərdin:
-Ay Xuru, ay bacı elə demə. Deyirlər ki, uçan boşqablar var, Allah baba da adamın arzusunu eşidir. Həmin boşqablara deyər, onlar da gəlib səni aparar, bəs onda mənim bacım kim olar?
Sənin bu sözləridən sonra canıma bir qorxu dolurdu. Fikirləşərdim ki, Allah babanın və mənim arzumu çin etmək üçün həqiqətən uçan boşqablar gəlib məni apara bilər. Tez sənə qısılardım və deyərdim:
-Yox, yox. Sənin kimi bacını qoyub, ulduzların yanına getmərəm. Axı sən, mənə ulduzlardan daha əzizsən.
Həmin vaxtı anamız bizi yeməyə çağırardı. Biz hamımız, üç bacı, dörd qardaş və atamız, anamız süfrə arxasında əyləşərdik. Anamızın bişirdiyi yeməyi çox ləzzətlə yeyərdik. Bir-birimizə qarşı elə mehriban idi ki. Necə gözəl günlər idi o günlər ay bacı...
Beləcə ömürümüz getdi...
... Ayıldım gördüm bu yuxudu. Amma yuxu da o qədər şirin idi ki, sanki canlı bir həyat kimi. Axı elə bu gün bizim yaşamağımız da, yediyimiz, içdiyimiz, nəfəs aldığımız həyat da bir gerçək yuxudur. Siz haqq dünyanızdasınız. Biz isə özümüzü inandırmışıq ki, gerçək dünyadayıq. Əslində biz, fani, yalan dünyadayıq. Elə bir dünyada ki, bu dünya kimləri qara torpağa aparmadı?.. Hər bir şah, sultan, prezident, ən varlı insanlar çox istədilər ki, bu dünyada əbədi yaşasınlar, amma bu, onların heç birinə müyəssər olmadı... Əgər biz fikirləşə bilsək və dərindən düşünsək ki, bu, qısa bir ömür payıdır, Ulu Tanrı tərəfindən bizə verilib və hər birimiz bu canı verəcəyik, onda, bu qədər qırğınlar, davalar olmaz. Bu qədər günahsız qanlar tökülməz. Bu qədər cavanlar şəhid olmaz. Bu qədər analar övladsız qalmaz. Axı Qurani Kərimdə də buyurulur ki, “hər bir insan ölümün acısını dadacaq”. Bəs onda niyə insanlar pislik edir? Niyə bir-birinin canına qəsd edirlər?..
Mənim bununla bağlı bir şeirim də var. Və orada deyirəm ki, səni ilk tərk edən sevimli adın olacaq. Çünki sən öləndən sonra heç kim gəlib demir ki, filankəs hardadır? Deyirlər “ cənazə hardadır? Cənazəni götürün buradan ora qoyun”. Və yaxud da ki, soruşurlar: “Meyid hardadır?” Bax, budur insan həyatı. Bizim hər birimizi də həmin ölüm və bizi tərk edən adımızın olduğunu bilməliyik və yadda saxlamalıyıq. Əgər bunu bilsək və yadda saxlasaq, onda yəqin ki, pislik etmərik. Onda hər bir insan şərəfli yaşayıb, şərəfli də ölər.
Bacı. Bilirəm ki, mən bu sətirləri yazanda sənin ruhun mənim yanımdadır. Çünki sənin ruhun həmişə mənim yanımda olur və məni sıxıntılı anlarımda qoruyur. Bilirsən ki, hər gün evimdən çıxanda onunla xudafisləşirəm ki, ola bilər bu gün evə sağ qayıda bilmərəm. Axşam da gələndə evimlə salamlaşıram və evimə deyirəm ki, “şükür, sağ-salamat gəlmişəm”. Bilirəm ki, bu evi sənin kimi mələklər qoruyur. Bu həyatın fani olduğunu da bilirəm. Axı mən çox doğmalarımı itirmişəm. Atamı, anamı, səni və onlarca ən yaxınlarımı itirmişəm. Təki bunu hər bir insan belə də fikirləşsə, onda insanların sağlığında qədrini bilər. Əgər belə olsa, bir gün gələr görərik ki, bir metr yerin altı, dünyanın o biri ucundan qat-qat uzaqdı. Axı bir metr yerin altına gedəcək insan. Bəli. Qəbr evinə gedəcək. O, ən yaxın, əziz insanının yanında olacaq, amma onu daha heç vaxt görə bilməyəcək.
Bəli, bəli. Dünyanın o basşına gedib çata biləcəksən, amma o bir metr yerin altına gedib öz doğmanı, əzizini görə bilməyəcəksən. Ona görə də gərək doğmalarımızı, əzizlərimizi, ümumiyyətlə insanları sevək. Və zamanında onlara dəyər verək. Yaşadığımız hər günü həyatımızın son günü kimi fikirləşək. Hər bir insan bu əqidədə olmalıdır. Bu əqidə ilə yaşamalıdır. Gərək hər bir insan fikirləşməlidir ki, yatmaqda durmamaq da var. Getmək də, dönməmək də var. Axı heç kimin Böyük Tanrı ilə müqaviləsi yoxdur ki, mən gedirm və sonra dönəcəm. Və yaxud da yatıram, duracam. Nə qədər yuxusunda haqq dünyasına qovuşanlar var... Nə qədər gedib, evinə dönməyənlər var... Bax, bütün bunları hər bir insan fikirləşməlidir. Anlamalıdır. Dərk etməlidir. Başa düşməlidir.
Bu fikirləri sən mənə öyrətmisən. Sən. Mənim nakam Südabə bacım. Sən məni bu əqidə ilə yaşamağa həvəsləndirmisən. Yerin cənnətlik olsun ay bacım. Bilirəm ki, elə belədir. Dualar edirəm ki, həmişə cənnət məkanın olsun. Axı bu qısa ömründə sən heç kimi incitmədin. Hamıya arxa-dayaq oldun. Deyirlər ki, Böyük Yaradan sevdiklərini öz yanına daha tez aparır. Mən buna inanıram. Çünki sən, Allahın ən sevimli bəndələrindən idin. Ona görə də Tanrı səni mənim uşaq vaxtı həvəslə baxdığım həmin ulduzların yanına aparıb, bir ulduz elədi. Elə bir ulduz ki, hamımızın, bütün insanların yoluna işıq saçırsan. Axı bütün elimiz, obamız səni El anası bilirdi. Çünki sən həmişə hamının bütün xeyrində, şərində başda olurdun. Bütün kənd camaatı da sənə güvənirdi. Səni özünə arxa, dayaq bilirdi. Həmişə kənddə olanda, axşamlar göyə baxıram. Kəndimizin üstündə bir gur ulduz yanır. Mən bilirəm ki, həmin ulduz sənsən mənim Südabə bacım.
... Evimin eyvanında dayanıb, yenə ulduzlara baxıram. Həmin ulduzların arasında səni axtarıram. Burada da bir gur ulduz görürəm. Bu vaxt beynimdən bir vaxtlar sənə həsr elədiyim “ NİŞANƏSİZ GEDƏN QIZ” şeirim keçir və pıçıltı ilə onu deyirəm. Bu pıçıltım dənizdən əsən mehə qarışıb göyə qalxır və elə bil sənə bir lay-lay deyir:
-Yenə fikrim dolaşıb,
Yenə halım qarışıb,
Yenə çıxıb getmişəm
Uşaqlıq illərimə.
Fikirlərim uzaqda,
Yenə ağlımdakı sən
Yenə sakit otaqda
Açıram pəncərəmi,
Yenə sən qəlbimdəsən.
Dənizin səsi gəlir,
Bu səs ilə birlikdə
İsti bir nəfəs gəlir.
Bir pıçıltı qarışır
Bu dənizin səsinə,
Bu səs sənin səsindi
Sanki bir isti nəfəs,
Dəyir bu an üzümə.
Bu sənin nəfəsindi,
Deyirsən, can ay bacı
Niyə fikirlisən sən,
Deyirəm bacın qurban,
Nə yaxşı ki, gəlmisən.
Gülümsəyib baxırsan,
Sakit-sakit üzümə.
Gülüşünü gördükcə,
Qayıdıram özümə.
Arzular ümman-ümman,
Xəyallar karvanında.
Kaş bir dəfə, bircə yol,
Sən olaydın yanımda.
Gəl tutaq biz əl-ələ,
Qayıdaq kəndimizə.
Nə olar ki, ay bacı,
Bircə yol da gəl bizə.
...Yenə axşam düşübdü
Yenə qaş qaralıbdır.
Yenə evimizdəyik,
Anam süfrə salıbdı.
Yığışmışıq bir yerə,
Ömrün xoşbəxt anıdı.
Atamın gül balası,
Anamın gül balası.
Yadındamı uşaq vaxtı,
Ulduzları bölərdik.
Bu mənim, bu da sənin,
O da onun, deyərdik.
Çox sevərdim göyləri,
Uçmaq istərdim ora,
Deyərdim ki, kaş məndə,
Çataydım ulduzlara.
Sən deyərdin ay bacı,
“Elə demə nə olar,
Birdən uçan boşqablar,
Gəlib səni aparar”.
Məndə hərdən doğrusu,
Qorxardım bu sözlərdən,
Ürəyimdə sadəcə,
Arzulardım göyü mən.
Gəl mehribanım bacı.
Gəl tutum əllərindən,
Buraxmayım səni mən.
Gəl sarılım boynuna,
Gəl öpüm üz-gözündən.
Axı bir vaxtlar sən də,
Qucaqlayardın məni
Deyərdin ki, istərəm,
İş adamı olasan,
Hamı tanısın səni.
Məndə deyərdim vallah
Sözün qurtarıb sənin.
Nəyimə lazımdırki,
Axı tanınmaq mənim?
Eh, illər keçdi bacı,
Ömürdən çoxu getdi.
İş adamıda olduq,
Çoxu tanıdı bizi.
Amma sənsiz yaşadıq,
Heyf, bu ömrümüzü.
Sən mənim atam idin,
Sən mənim anam idin.
Bütün varlığın ilə,
Halıma yanan idin.
Rahat uyu məzarda,
Atamın yadigarı.
Nişanəsiz gedən qız,
Ömrümün ilk baharı.
Dualarımda sənə,
Hər gün pay ayırıb mən,
Allahın dərgahında,
Qəbula göndərirəm.
Rahat uyu, can bacı.
Məzarın nurla dolsun!
Hökm Allahın hökmüdür!
Yerin cənnətlik olsun!
Yerin cənnətlik olsun!
XURAMAN MURADOVA