"Bu bizik?!"- silsiləsindən...

90 YAŞLI AZADLIQSEVƏR- OQTAY ELDƏGƏZ!

"Bu bizik?!"- silsiləsindən...

Bu günlərdə anadan olmasının 90 ili tamam olan Milli Azadlıq Qərargahının sədri, müəllim, yazıçı Oqtay Eldəgəz-Oqtay Kərim oğlu Rəfili Bakının Əmircan (Xilə) kəndində dünyaya gəlmişdir.

 Bəlkə də onu sizlərə o qədər də tanıtmağa ehtiyac yoxdur. Oktay Eldəgəz birmənalı olaraq Azərbaycanı bizlərə tanıdan, onun üçün vuruşmağı öyrədən həm inqilabçı, həm yazıçı- şair və həm də tarixçi alim, bayraqdar insan olub.

 Fürsətdən istifadə edərək qeyd edim ki, həyat yoldaşı Rəfiqə xanım da mübariz insandır və ölümündən sonra onun haqqında silsilə yazılar, kitablar müəllifi olmaqla onu yaşatdı. Və mənə də bu kitablarından verib.

***

 Oktay Eldəgəz ilə mənim ilk tanışlığım isə Suraxanı Xalq Cəbhəsinin yaradılmasında çalışdığım dövrə təsadüf edir. Oktay Eldəgəz alim kimi alim, inqilabçı kimi məğrur, əvəzolunmaz şəxslərdəndir. 1958-ci il may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından, rəhbərlərindən biri olan Oktay Eldəgəz tezliklə 1962-ci ilin dekabr ayından Milli Azadlıq Qərargahının (MAQ) 25 il sədri olub. Uzun illər Rusiyanın müxtəlif həbsxanalarında cəza çəkib.

Təsəvvür edin ki, Oqtay Eldəgəz ictimai gerçəkliyin azərtürkləşdirilməsi yolundan sapmayaraq milli oyanış və istiqlal amallarımızda təkrarsız xidmət göstərən idi. Gizli ümumxalq qurumunun, yəni Milli Azadlıq Qərargahının (MAQ) 95 nəfər ziyalının iştirak etdiyi gizli yığıncağında Oqtay Rəfili (Eldəgəz) sədr, görkəmli alimimiz Xudu Məmmədli isə sədr müavini seçilib. O vaxt MAQ üzvləri Azneft-in qabağındakı nardaranlı Zülfünün çayxanasında toplaşar, siyasi fikir mübadiləsi edər, vəziyyətdən çıxış yollarını arayar, axtarardılar. Bir anlıq o vaxtla 1988-ci ilə qədərki dövrə qədər bizim də çayxanalardan başlayan hərakatımız yadıma düşür və müqayisə edirəm: Bizlər də "Bahar", "Nu, poqodi" çayxanalarında toplaşardıq... Görkəmli ziyalıları- Famil Mehdi, Abbas Abdulla, Osman Sarıvəlli, Hüseyn Arif, Yusif Vəliyev, Əlisöhbət Sumbatzadə, Ələviyyə Babayeva, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Yusif Məmmədəliyev, Xudu Məmmədov kimi tanınmış ziyalıları özündə birləşdirən MAQ idarə və müəssisələrdə, yuxarı strukturlarda azərbaycanlı kadrların yerləşməsi üçün var gücü ilə çalışırdı. SSRİ dövründə onun əleyhinə gizli təbliğat aparmaqla MAQ xalqımızın azad, müstəqil dövlətçiliyə malik olması üçün ağlasığmaz çabalar göstərmişdi. Hətta zaman yetişdi ki, MAQ Azərbaycanın 14 bölgəsində idarəçiliyinə tam nəzarət edirdi.

***

 Mənə elə gəlir bu qürum bir vaxt Türkiyədə fəaliyyətdə olmuş “İxtiyarlar”(Ağsaqqallar) tipli məxfi bir qurum idi. Bəli, bu gizli qurumun üzvlərinin əksəriyyəti vəzifəli şəxslər idi. Nə isə, sözüm onda deyil. Əsas odur ki, MAQ respublika büdcəsinə ayırmaların Moskvada deyil, Bakıda həll olunmasına çalışmaqla milli oyanışa nail olurdu. MAQ-çılar bir neçə mühüm vəzifəyə azərbaycanlıların təyin edilməsinə nail olmaqla 60-cı illərdə sovet quruluşuna qarşı bütün böyük hadisələrin başlanmasında və vüsət almasında iştirakçı və təşkilatçısı oldular. Hətta 1971-ci ildə universitetdə tarixci alim Elçibəyin -Əbülfəz Əliyevin Qaradağdakı islah əmək düşərgəsinə göndərilməsinə və burada onun ağır mişar daşları yükləməkdən otaq şəraitində işə kecməsinə də nail olmuşdular. Deyilənə görə, sonralar onun azad olunması ücün imzalar toplanılır. Sonra isə imzaları ünvana göndərmək üçün müxtəlif vasitələrdən istifadə edilir və 1976-ci il iyulun 17-də Elçibəy (Əbülfəz Əliyev) həbsdən azad edilir. Bütün bu işlər Oktay Eldəgəzin iştirakı ilə baş vermişdi.

 Dedim ki, Oktay Eldəgəz həm də alim idi. Onun yazdığı məqalələr o dövr üçün bir partlayış idi. Hətta mənimlə Amerikadan söhbət düşəndə deyirdi ki, "Amerika gərək adını Tusi daşısın…".

 Xatırlayıram ki, O.Eldəgəzin məqalələri “Təzadlar”, “Azadlıq”, Şərq”, “525-ci qəzet”, “Nəbz”, “168 saat”, “Ədalət”, “Ulus”, “Müsavat”, “Azadlıq” və s. qəzet və jurnallarda dərc edilirdi.

***

 Oktay Eldəgəz 68 yaşında erkən vəfat edib. Bəlkə də daha çox yaşayardı. Lakin oğlunun vaxtsız vəfatı onun həqiqətən belini qırdı.

Sözardı: Deyilənə görə, Oqtay Eldəgəz həyatının son günlərində ona baş çəkən böyük şair Bəxtiyar Vahabzadəyə və “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə vəsiyyət edib ki, “Torpaqlarımız alınanda Xudu Məmmədovun evini ziyarət edib, mənim əvəzimə həyətindən su içərsiniz. Biz onun evində çox yığıncaqlar keçirmişik”.

 Asif Mərzili yəqin ki, bunu edər və ya bəlkə də artıq edib.

 Mənsə onun 90 illiyini sizlərə xatırlatmağı özümə borc bildim... Heç bilmirəm Suraxanı RİH-i onun yubiley günü olduğunu bilirmi?! Bilməsə də mənim üçün ən vacibi Oktay Eldəgəzin, bu böyük fikir nəhənginin 90 yaşlı ruhunun bizimlə, onu tanıyıb sevənlərlə birgə olmasıdır.

 Oktay Eldəgəz adı Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış Cümhuriyyət Qurucuları ilə bir sıradadır və xalqın azadlığı uğrunda mübarizədə imzasını qoymuş böyük şəxsiyyətdir.

Allah rəhmət eləsin...

Baba Allahnəzərov

(Xüsusi olaraq "Təzadlar" üçün)

oqtay-eldegez
oqtay-elde-6
oqtay-elde-5
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN