Mayın 15-də Yasamal rayon Heydər Əliyev Mərkəzində "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzilinin əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən "Sonuncu əmr" romanının ictimai müzakirəsi keçirildi.
Tədbirdə öncə qonaqlar Heydər Əliyev Mərkəzinin "Muzey" bölməsində Ulu Öndərin büstünü ziyarət etdilər... Sonra Mərkəzin iclas zalında müzakirələrə start verildi... Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın əziz xatirəsi ehtiramla yad edildi, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan mərasimin təşkilatçısı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının direktoru Lətifə xanım Məmmədova əvvəlcə igid kəşfiyyatçı Orxan Əkbərovun həyatı, təhsili, keçdiyi döyüş yolu, həmçinin qəhrəmanın dövlət təltifləri barədə iştirakçılara ətraflı məlumat verdi. Eləcə də əfsanəvi kəşfiyyatçının qəhrəmanlıq dolu döyüş əməliyyatlarından bəhs edən "Sonuncu əmr" romanı haqqında məlumat verdi. "...Bu romanın ictimai müzakirələri Yasamal rayonunun əksər kitabxanalarında yüksək səviyyədə keçirilib. Həmin kitabxanaların rəhbərləri bu tədbirdə iştirak edirlər. Əsər haqqında elə danışırdılar ki, mən də hərbçi ailəsi olsam belə, romanı bir də oxudum... Bilirsiz, açıq deyirəm, bu bədii əsər qeyri-adi real döyüş əməliyyatları üzərində yazıldığı üçün oxuyanda özünü həmin döyüşlərin iştirakçısı kimi hiss edirsən... Mənə elə gəldi ki, müəllif özü də hərbçi olub, o döyüşlərdə iştirak edib... Bu, Asif Mərzilinin müəllif olaraq peşəkarlığından və həyat təcrübəsindən irəli gəlir. Minnətdaram ki, belə bir əsər ortaya qoyulub. Bu əsər Qarabağ müharibəsinin salnaməsidir, çünki orda 30 illik bir mübarizlik, xalqımızın, ordumuzun mətinliyi, Ali Baş Komandanımızın qətiyyəti zərgər dəqiqliyi ilə ifadə olunub...".
Sonra əsər haqqında bilgi verməsi üçün romanın müəllifi Asif Mərziliyə söz verildi. O, bildirdi ki, Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış və fəaliyyət göstərən Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2024-cü il üzrə elmi və bədii əsərlərin Dövlət Mükafatına təqdim edilməsi barədə müsabiqə elan etmişdir: "Bildirim ki, şəhid Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş əməliyyatları barədə ötən il onunla çiyin-çiyinə vuruşmuş hərbçilərin və komandirlərin xatirələrindən ibarət redaksiya əməkdaşlarının birgə iştirakı ilə "Əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov" adlı kitab nəşr etdirdik. Orxan Əkbərovun xanımı Nuranə Əkbərova da burada iştirak edir... Onun təşəbbüsü və təklifi, köməkliyi ilə bu kitab ərsəyə gəldi. Müdafiə Nazirliyinin aidiyyəti strukturlarında, həmçinin Biləsuvar rayon İH-də, Biləsuvar Heydər Əliyev Mərkəzində və bir sıra təhsil müəssisələrində kitabın təqdimatları keçirildi... Sonra Nuranə xanımdan və Orxan Əkbərovun döyüş dostlarından təkliflər gəldi ki, kitab o qədər bədii təsirlidir, onu elə ssenariləşdirmək, bədii əsər formasında yazmaq vacibdir... Bu, böyük məsuliyyət idi. Amma ailənin xahişi, şəhid qəhrəmanımızın döyüş yoldaşlarının, hərbi komandanlığın təklifini nəzərə alaraq, bu məsuliyyətə çiyin verdim... Və hesab edirəm ki, real hadisələrin bədii təsviri olan bu əsər oxucuların və mütəxəssislərin diqqətini cəlb etməkdə, yüksək qiymətləndirilməkdədir... Məlumat üçün onu da deyim ki, roman Azərbaycan Nazirlər Kabinetinin rəsmi saytında da yerləşdirilib, Prezidentin Fərmanı ilə elm, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində ən yaxşı əsərlərin (işlərin) Dövlət Mükafatına təqdim edilməsi qərarına uyğun olaraq Dövlət Mükafatına təqdim edilib, siyahıya salınmışdır. Dövlət Mükafatı 2 ildən bir verilir. Bu ilki Dövlət Mükafatına təqdim edilən əsərlər sırasında əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yoluna həsr edilən "Sonuncu əmr" romanı da var.
Onu da deyim ki, "Sonuncu əmr" romanı Dövlət Komissiyasına təqdim edilmiş çoxsaylı əsərlər sırasından seçilmiş və komissiyanın qiymətləndirilməsinə verilmiş üç bədii əsərdən biridir. Romanın Dövlət Mükafatına təqdimatı isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (Prezidenti Xalq yazıçısı Çingiz Abdullayevdir) tərəfindən verilmişdir. Mərkəzin birinci vitse-prezidenti Ruhiyyə xanım Poladova bu tədbirdə iştirak edir, göstərilən diqqət və etimada görə dərin təşəkkürümü bildirirəm... Artıq iki həftədir ki, Dövlət Mükafatları Komissiyasının qərarına əsasən, bədii əsərlərin ictimai müzakirələri həyata keçirilir. İndiyədək "Sonuncu əmr" romanı haqqında tanınmış ədəbiyyatşünasların, ictimai xadim və hərbi ekspertlərin, həmçinin ədəbiyyat sahəsində böyük təcrübəsi olan tənqidçi-ekspertlərin analitik yazıları müxtəlif media subyektlərində çap olunmuşdur. Bundan başqa, ayrı-ayrı mədəniyyət ocaqlarında əsərin ictimai müzakirəsi həyata keçirilib. Ötən günlərdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində də romanın ictimai müzakirəsi baş tutdu. Açığı, ilk gündən şahidi oldum ki, əsərə olduqca maraq vardır, əldə edib oxumaq istəyənlər günbəgün artır... Bir daha hər birinizə təşəkkürümü bildirirəm ki, böyük coşqu ilə bu ictimai müzakirədə iştirak edirsiniz...".
Sonra söz Azərbaycanın İncəsənət xadimi, tanınmış rejissor Ağalar İdrisoğluna verildi. Məlum oldu ki, hazırda Gənc Tamaşaçılar Teatrının rejissoru olan A.İdrisoğlu "Sonuncu əmr" romanının motivləri əsasında əsərin səhnələşdirilməsi üzərində çalışır:
- Əsəri birnəfəsə oxudum və inanın, hər dəfə xatırlayanda o döyüş əməliyyatlarında hiss edirdim özümü... Mən çox təşəkkür edirəm ki, şanlı tariximizin ifadəsi olan belə bir əsər ortaya qoyulub... Və əsəri oxuyanda dərhal qərara aldım ki, mütləq onun səhnə həyatı olmalıdır. Çünki əsər o qədır səlis, sadə dildə yazılıb ki, onun ssenariləşdirilməsi də o qədər çətin deyildir. Əsərin müəllifi Asif Mərzili ilə də görüşüb bir neçə dəfə məsləhətləşmişik. Qərara aldıq ki, Orxan Əkbərovun ailəsi ilə, onun döyüş yoldaşları ilə də görüşüb söhbət edək... Bilirsiniz, səhnə əsəri elədir ki, oradakı obrazlar real qəhrəmana olduğu kimi oxşamalı, onun davranış hərəkətlərini, danışıq tərzini və s. tamlığı ilə ifadə etməlidir... Yəni, tamaşaçı real qəhrəmanı tanıyır, o Orxan Əkbərovdur... Deməli, tamaşaçı tanıdığı Orxan Əkbərovu səhnədə də maksimum oxşarı və ya özü kimi görməlidir. Nə yaxşı ki, Orxan Əkbərovun həyat yoldaşı Nüranə Əkbərova buradadır, onun mətinliyinə heyranam... Onunla da söhbət edəcəyik ki, səhnə obrazlarını görsün, təkliflərini versin. Eləcə də Orxan Əkbərovun anası ilə, digər ailə üzvləri ilə də görüşüb məsləhətlər alacağıq... Dostum, qardaşım Asif Mərziliyə daha böyük yaradıcılıq uğurları arzu edirəm... Bu əsər qələbəmizdən bəhs edən ilk əsərdir və inanıram ki, Dövlət Mükafatları Komissiyasının ekspert şurasından keçərək birinci yerə layiq görüləcək...
***
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədov əsərin bədii dəyərlərindən, müəllifin faktlardan peşəkarlıqla istifadə etməsindən danışdı: "Azərbaycanın ədalətli müharibəsi – Vətən müharibəsi tarixi Zəfərlə başa çatdı. Hər döyüşü bir tarix olan Vətən müharibəsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdi: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”. Bu qətiyyət ordumuzun döyüş əzmini də yüksəldirdi, qələbə ruhunu da. "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin “Sonuncu əmr” əsəri bu əzmin, bu ruhun ədəbi ifadəsi kimi oxunur. Kəşfiyyatçı polkovnik-leytenant Orxan Əkbərovun döyüş yoluna həsr edilmiş bu əsərə Vətən müharibəsinin bədii təsviri kimi də baxmaq (qəbul etmək) suç deyil; əsər Azərbaycanın erməniliklə, Ermənistanla ədalətli döyüşlərinin söz təsviridir, bu döyüşlərin neçə on illər əvvəl başladığını Rəşad obrazı ilə, erməniliyin vəhşiliyini Rəşadın ailəsinin müsibəti ilə təsvir edən müəllif bədii sözün zəmanəti ilə bir daha xatırladır ki, ermənilik iyirminci əsrin sonunda açıq şəkildə təzahür edən neo-faşizm olub, indi də belədir. Və əsərin adı finalda açılır və bu, bədii sonluq kimi də diqqəti çəkir, oxucuya bir mətləbi bir də yaşadır: qəhrəmanların ömrü əbədiyyət ömrüdür: mühasirədəydilər! Orxan Əkbərov başlayacaq döyüşün sonluğu haqqında düşünürdü, qəlbi qana dönürdü; bu döyüş şəhidlik döyüşü olacaqdı. Baxır və ağır-ağır dillənir: «…Subay əsgərlər mən tərəfə gəlsin... Ailəli əsgərlər, döyüş meydanını aşağı sol istiqamətə tərk edirsiniz. Biz mühasirədəyik. Biz bir neçə nəfər düşmənin qarşısını kəsib başını qatacağıq, siz isə mühasirədən çıxıb gedirsiniz...
Döyüşçülər tərəddüd etdilər: - Komandir, bu mümkün deyil, döyüşürüksə, hamımız bir yerdə olacağıq...
- Bu, mənim sizə sonuncu əmrimdir, dərhal əməl edin! Dərhal!... Kimi gözləyirsiniz?!
Komandirin zəhmli səsi ətrafa yayıldı... 6 nəfər döyüş meydanında qaldı. Qalanlar dərə aşağı yola düşdülər...».
7 ömür döyüşdə şəhid oldu; polkovnik-leytenantın sonuncu əmri Azərbaycan əsgərinin Vətənə sevgisini ifadə edirdi. Bu əmr fədailik əmri idi... Asif Mərzilinin “Sonuncu əmr” əsəri Vətən müharibəsindən yazılmış dəyərli əsərlərdəndir... Nəhayət, Polkovnik-leytenant Orxan Əkbərovun sonuncu əmri əbədiyyətə aparan yolun nuruna döndü... Müəllifə təşəkkür edirəm ki, belə bir əsəri ortaya qoyub. Bu əsər tariximizin o illərindən və qələbəmizdən bəhs edən bir tarixi mənbədir...".
İctimai müzakirələrdə çıxış edən baş ədliyyə müşaviri, tanınmış politoloq Adil Minbaşı çıxışında əsərin bədii dəyərlərindən danışdı: "...Əsər real hadisələr əsasında yazıldığından mükəmməl alınıb və inanıram ki, daim oxucuların rəğbətini qazanacaq, həvəslə oxunacaq... Xüsusilə qeyd etmək istəyirəm ki, əsər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynayacaq... Onu da deyim ki, Orxan Əkbərov ömrünün şəhidliyinədək olan hissəsini Vətənimiz və Dövlətimiz üçün yaşadı, o, Dövlətimiz tərəfindən ən yüksək təltiflərlə mükafatlandırıldı... Onun ömrünün qalan hissəsi, yəni şəhidliyindən sonrakı əbədi həyatı isə "Sonuncu əmr" romanında davam edəcək... İnanıram ki, Orxan Əkbərovun bədiiləşdirilmiş və əbədiləşmiş həyatından bəhs edən bu roman da Dövlət Mükafatları Komissiyası tərəfindən yüksək qiymətləndiriləcək... Müəllifə daha böyük yaradıcılıq uğurları arzulayıram...".
Əsər haqqında danışan "Carçı" jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva diqqəti indiyədək keçirilən ictimai müzakirələrə çəkdi: "...Mən indiyədək kitabxanalarda keçirilən ictimai müzakirələrin hamısında iştirak etmişəm... Təsəvvür etməzdim ki, roman bu qədər oxucu diqqəti və ictimai maraq kəsb edə bilər... Bu həm əsərdəki kəskin döyüş səhnələrinin ardıcıllığından, həm igid döyüşçülərimizin düşmənə qorxmadan necə ağır zərbələr endirməsindən, həm də bütün bu hadisələrin müəllif tərəfindən peşəkarlıqla qələmə alınmasından asılıdır... Əsəri oxuyanda çox təsirlənmişəm. Çünki özüm də hərbçi ailəsiyəm, müharibənin, döyüş əməliyyatlarının nə olduğunu yaxşı bilirəm. Əsərin ictimai müzakirələri barədə də böyük məmnunluq hissi ilə rəhbəri olduğum "Carçı" jurnalının son sayında geniş yazı təqdim etmişəm. Bu günkü tədbir barədə də geniş yazılar dərc edəcəyik. Bu əsər həqiqətən də qələbələrimizin bədii təsvir platformasıdır, gələcək nəslə ötürülən bir yadigardır... Müəllifə daha böyük yaradıcılıq uğurları arzulayıram...".
Həmçinin ehtiyatda olan polkovnik Elbrus Rüstəmov, ehtiyatda olan polkovnik, Əməkdar müəllim Bayram Məmmədov, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) birinci vitse-prezidenti Ruhiyyə Poladova, DAMM-nin Ekspertlər Şurasının sədri, Azərbaycanın Əməkdar müəllimi Nəzakət Əhmədova, "Təzadlar" qəzetinin şöbə redaktoru, "Sonuncu əmr" romanının korrektoru Yasəmən Məmmədli, AMEA-nın şöbə müdiri, tarixçi alim Günel Aslanlı, kitabın ərsəyə gəlməsində böyük əməyi olan "Təzadlar" qəzetinin əməkdaşı Elbar Şirinov, ədəbiyyatşünas Təranə Şəms, ehtiyatda olan mayor, sabiq batalyon komandiri Aidə Şirinova, Qarabağ müharibəsinin veteranı Elçin Məmmədli, İraq-Azərbaycan Mədəni Əlaqələr İB-nin sədri Tahirə Məmmədova və başqaları çıxış edərək əsər haqqında mülahizələrini və təkliflərini diqqətə çatdırdılar. Səslənən təkliflərdən biri əsərin motivləri əsasında bədii filmin çəkilməsi məsələsi barədə idi.
Ehtiyatda olan polkovnik Elbrus Rüstəmov dedi: "...Əvvala, deyim ki, roman Azərbaycanın tarixi qələbəsindən bəhs edən ən samballı və həm də ilk əsərdir. Düzdür, indiyədək Qarabağ hadisələrindən çox yazılıb, amma bütün əsərlərdə məğlubiyyət və işğal əsas mövzu olub. Amma "Sonuncu əmr" romanı qələbəmizə gətirib çıxaran döyüş əməliyyatlarını tam və ətraflı xarakterizə edən əsərdir. Məsələn, "Fəryad" filmi faciəmiz üzərində qurulmuş və çəkilmişdirsə, bu əsərin mötivləri əsasında xalqımıza qürur hissi yaşadan qələbəmizin tərənnümü ifadə edilə bilər. Ona görə də inanıram ki, Azərbaycanın kino mütəxəssisləri, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyi real döyüş əməliyyatlarının bədii təsviri olan bu əsərin motivləri əsasında ən yaxşı müharibə filminin çəkilişini reallaşdıra bilərlər...".
E.Rüstəmovun bu təklifli çıxışı alqışlarla qarşılandı.
Tanınmış yazıçı Nüşabə Məmmədli əsər haqqında kövrək notlarla danışdı: "...Əsəri oxuyanda bir anlığa xəyalən uzun illər işğal altında olan doğma yurdlarımıza qayıtdım, şəhid qanı ilə suvarılmış ellərimizi gəzdim... Şükürlər ki, əsərdə də yazıldığı kimi, igid oğullarımız düşməni diz çökdürdü, indi o yerlərə xəyalən deyil, real olaraq gedirik... Əsərin sonunda da bu möhtəşəm qələbə ruhu rəsmi xronika kimi verilib. Asif Mərziliyə belə əsərlərin davamlı olmasını arzulayıram... Mən yazıçıyam və bilirəm ki, bu cür əsərləri yazmaq nə deməkdir. Müəllif olaraq şəhidlə ölürsən, ağlayanla ağlayırsan, əzilənlə əzilirsən... Çətindir, məsuliyyətlidir, amma şərəflidir. Çünki gələcəyimiz üçün yazırsan... Təbrik edirəm bir daha...".
Daha sonra Nuranə Əkbərova həyat yoldaşı şəhid polkovnik-leytenant Orxan Əkbərovun timsalında bütün igid döyüşçülərimizin qəhrəmanlıq dolu həyatını ümumiləşdirib gələcək nəslə ötürən belə bir əsərə görə müəllifə və tədbir iştirakçılarına dərin təşəkkürünü çatdırdı: "Kitabda Şeyx Şamildən bir sitat var: "Aqibətini düşünən əsgərdən igid çıxmaz!". Şəhid və qazilərimiz aqibətini deyil, Vətənimizi, işğal edilmiş yurdlarımızı düşünərək müharibəyə getdilər... Düzdür, onların bir qismi şəhid oldu, amma təsəllimiz böyükdür: onlardan bizə düşməndən azad olunmuş Vətən torpaqları qaldı... Asif Mərziliyə minnətdaram ki, bu igidlərimizin, bu sırada Orxan Əkbərovun da adını əbədiləşdirən bir monumental əsəri ortaya qoyub...".
İctimai müzakirələrin təşkilatçısı və moderatoru, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının direktoru Lətifə xanım Məmmədova sonra Ağdam Muğam Məktəbinin gənc ifaçılarına meydan verdi. Qarabağ ruhlu, yurd həsrətli ifalar alqışlarla qarşılandı.
İctimai müzakirələrin sonunda söz romanın müəllifi Asif Mərziliyə verildi. "...Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının direktoru Lətifə xanım Məmmədovaya, eləcə də kitabxananın burada iştirak edən bütün filial direktorlarına dərin minnətdarlığımı çatdırıram", - deyən müəllif belə bir maraqlı müjdəni də diqqətə çatdırdı: "Demək olar bütün müharibə qəhrəmanlarında bədii obraz kişilərdən seçilir... Axı müharibədə həm də o igid oğulların anaları, xanımları və bacıları... iştirak ediblər, həm də o dəhşətli anları içində çəkiblər, dözüblər, döyüşçü igidlərə arxa olublar... Bildirirəm ki, növbəti əsərimin qəhrəmanı kimi qadın obrazı seçilib, artıq bu yaradıcılıq cizgiləri davam edir... Biz vaxtilə gənc olarkən üzünü görmədiyimiz Koroğluya, Qaçaq Nəbiyə, Cavanşirə... oxşamaq istəyirdik. Amma indi oxşamalı olduğumuz real qəhrəmanlarımız ortadadır... Onları tanıtdırmalı və təbliğ etməliyik... Bu sahədə komandamıza mənəvi və texniki dəstək verən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının direktoru Lətifə xanım Məmmədovaya, onun kitabxanaçılar komandasına, həmçinin Yasamal rayon H.Əliyev Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm...".
Qeyd edək ki, ictimai müzakirələrdə Azərbaycanın tanınmış elm, ədəbiyyat və təhsil xadimləri, ziyalılar iştirak edirdilər.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi və müəllif əsərini imzalayaraq çoxsaylı iştirakçılara hədiyyə etdi.
YASƏMƏN MƏMMƏDLİ