Teyyub Abdullayev: "...Torpağın öz dili var, onunla öz dilində danışıb-dərdləşmirsənsə, ondan heç bərəkət də gözləmə..."
...Onunla belə şərtləşdik ki, payızlıq əkinə başlayanda xəbər etsin, İsmayıllıya birlikdə gedək. İstəyirdim torpaqla torpaq dilində danışma təcrübəsini öz gözlərimlə görüm... Və şərtinə əməl etdi, yola bir çıxdıq...
***
…Əslində, mən də onun kimi gözümü açıb kənd-kəsək fəaliyyəti görmüşəm, kənd həyatını yaşamışam. Amma mənim kənd həyatım uşaqlıq illərimin qoyun-quzu otarmaq, bağ-bağat işində valideynlərimə kömək etmək, payızlıq, yazlıq əkin işində ağaclara qulluq etmək səviyyəsindən o yana getməyib. Amma Teyyub Abdullayev ali təhsilli iqtisadçı olsa da, torpaqla peşəkar səviyyədə-fermer-sahibkar kimi təmasda olmaq, aqrar sahədə çalışıb bütün potensialını ortaya qoymaq iradəsinə hakim olub. Elə uzun illərdir bu sahəni özünün çörək ağacı, Azərbaycanın isə ərzaq təhlükəsizliyinə hər il min tonlarla soğan, kartof, qarğıdalı, taxıl və digər kənd təsərrüfatı məhsulları vermək borcu bilib... Onun əsas əkin sahəsi isə Ağcabədidə və Ağdamda olsa da, İsmayıllıda da 100 hektardan çox torpaq sahəsini icarəyə götürüb, 20 ildən çoxdur dəmyə buğda əkir.
"Bəzən gecələr havadan asılı olaraq, sahədə, əkin yerində yatmışam, özümü o qədər rahat hiss etmişəm ki... Çünki başımı torpağın üstünə qoyub onunla öz dilində danışa bilirəm..."
…Əkin sahəsindəyik. Biz çatana kimi traktorçu Həsən və səpinçi Nazim işləri qaydaya qoymuşdular. Havanın yağmurlu keçməsi bir müddətdir payızlıq əkinə mane olsa da, Teyyub Abdullayev inadından əl çəkmir: - İsmayıllıdakı torpaq sahəm iyirmi ildən çoxdur icarəmdədir, dəmyə taxıl əkirəm… Məhsul yağıntıdan, el dili ilə desəm, Allahın yağışından asılı olur. Amma biz də gərək çalışaq…
- Bəs xərci-borcunu ödəyirmi? Axı dəmyə taxıl təbii suvarmadan asılıdır, yəni yağışdan…
Üzümə baxıb gülümsədi, sonra nə fikirləşdisə: -Torpağa könül verənlər bilir ki, dəmyə taxılın maya dəyəri az olur, yəni süni suvarma ilə sulanan taxılınkından xeyli az. Amma mən hər şeyə təkcə iqtisadçı gözü ilə baxmıram. Yəni, qazanc güdürəm, amma həm də təbiətin qanunları ilə də hesablaşıram. Bu mənim ürəkdən gələn istəyimdir. Yaz gələndə isə taxıl göyərir, bir-iki qarıc boy atanda, sanki adamın üzünə baxır, nəsə istəyir. Çoxları bunun fərqində olmur. Amma bilirəm nə istəyir…
-Nə istəyir? Yağış?
-Yox… Təkcə yağış yox… Bir az da dəqiq desəm, göydən yağış, fermerdən diqqət və qayğı, torpaqdan isə minerallar… Mən hər il istər arandakı, istərsə də İsmayıllıdakı taxıl sahəmin torpağının analizini aidiyyəti laboratoriyada yoxlatdırıram. Nəticədən asılı olaraq torpağa mineral gübrələr verirəm. Əks halda, bütün əziyyətimiz batar…
Sonra mənə şəkillər göstərir:
-Bax gördüyün bu ərazilərə vaxtında diqqət olmamışdı deyə, ziyanvericilər darışdı, ardınca bitki xəstəlikləri…
-Nədən baş vermişdi?
-Bitkilər də canlı orqanizm olaraq insan kimidir. Onların da soyuqdan üşüməyi, xəstələnməyi, hansısa mineral çatışmazlığından bar itirməyi və s. var. İnsan necədir? Hansısa vitamin çatışmazlığı olanda orqanizmin müxtəlif üzvlərində xəstəliklər, fəsadlar yaranır. Düzdümü? Bitkilər də elədir. Ümumiyyətlə, kənd təsərrüfatı bitkiləri içərisində buğda ən incəsidir, xəstəliyə davamsızdır. Gərək, necə deyərlər, başının üstünü kəsdirəsən, daim qayğısını çəkəsən. Sahə hiss etməlidir ki, fermer onunla maraqlanır. Bir də görürsən alaq basdı, tirpək bürüdü, sürmə darışdı… Bunları vaxtında görüb ziyanvericilərə qarşı preparatlardan istifadə etməlisən. Aran bölgəsinin torpağının öz mineral strukturu və mineral tərkibi var, dağlıq və ya dağətəyi ərazilərinki isə daha fərqlidir. Mən əkin bitkisinin yarpağına baxan kimi artıq bilirəm ki, o nə istəyir. Eləki sünbülləmə dövrü başlayır, girirəm sahəyə, əyilib bir-bir buğumlarına baxıram görüm bir toxumun üzərində boy atan gövdədə neçə sünbül var. Allaha şükür, sahə ilə, o mənada, həmdərd və həmsöhbət olduğumdan hələki ziyana salmayıb.
-Hektara neçə sentner verir?
-İndiyədək ortalama 30-35 sentner taxıl… Dəmyə sahələr üçün bu yaxşı göstəricidir. Amma bəzən 40 sentner də olub…
…Söhbətmizin bu məqamında dağlardan süzülüb gələn duman bizi əhatəsinə alır. Kol-kosun budaqları sırsıra bağlayıb, muncuq kimi düzülən şeh damcıları qəribə mənzərə yaradıb. Nəfəs alıb-verdikcə burnumuzdan buxar çıxır. Üşümə məqamıdır… Bu zaman səpinçilərin alaçığındakı samovar fit çalaraq bizi çay süfrəsinə «dəvət edir». Kəklikotundan dəmlənmiş çay ətrafa xoş ətir yayır… Birdən səpin traktorunun sürücüsü çay süfrəsinin müəllifi olan cavan oğlana: -Samovara niyə köz atmamısan?
Oğlan:
-Nə danışırsız?! Görmürsünüz, odunun közü hələ də samovarın dəmkeşini qıdıqlayır…
Hamı gülür. Səpinçi etirazla:
-Bəs çay niyə tez soyuyur?
Mübahisə başlayır. Nəhayət, özüm mübahisəyə son qoymaq qərarına gəlirəm:
-Hər ikiniz haqlısınız. Məsələ ondadır ki, suyun qaynama temperaturu atmosfer təzyiqindən asılıdır. Məsələn, Bakıda su 100 dərəcədə qaynayır, bu dağlıq ərazilərdə isə 80 dərəcədə. Çünki buradakı atmosfer təzyiqi Bakıdakından xeyli aşağıdır. Suyun qaynama temperaturu isə təzyiq az olanda aşağı düşür… Bu fizikanın qanunudur! Ona görə də 80 dərəcədə qaynamış samovarın çayı da tez soyuyur…
***
…Səpinçilər havanın quraqlıq keçməsi fürsətini əldən vermədilər və gecə keçənə kimi səpinlə məşğul oldular. Sonra öyrəndim ki, sinoptiklər ertəsi gündə bu ərazilərə yağışlı hava xəbərdarlığı edib. Ona görə də səpin bitənə kimi traktorçuların çalışması lazım gələcəkdi. Amma o da bəlli oldu ki, Ağdam və Ağcabədi ərazisinə hələ iki gün sonra yaxış yağacağı deyilir. Ona görə də Teyyub Abdullayev dərhal həmin ərazilərdəki mexanizatorlarına zəng edib səhər tezdən səpinə başlamalarını tapşırır… Biz də ardınca səhər erkən yola düşməyi qərarlaşdırdıq…
***
Ağdamın Ergi qəsəbəsinə çatanda artıq göyün üzü qanı qara adam kimi tutqun idi. Havadan yağmur iyi gəlirdi. İlk olaraq qarğıdalı sahəsinə, sonra soğan və buğdanın payızlıq əkin sahəsinə baş çəkməli olduq. Səpin aqreqatları artıq sahədə idi.
«Azərbaycandakı bəzi toxumçuluq məhsullarına etirazım yoxdur, amma etibarım da yoxdur…»
Göz işlədikcə uzanıb gedən sahədə saralmış, sünbülü yığıma hazır olan qarğıdalı az qala iki adam boyundadır. Açığı ilk dəfə idi bu boyda qarğıdalı sahəsinə rast gəlirdim. Təəccübümü görən Teyyub Abdullayev izahlayır:
-Mən həm soğanın, həm də müxtəlif növ pomidor və qarğıdalının toxumunu Bolqarıstandan, ya da Türkiyədən gətirirəm. Bilirsiz ki, indi geni dəyişdirilmiş toxumlar çoxdur. Mən onların heç birini Azərbaycana gətirmirəm.
-Azərbaycanda toxumçuluq şirkətləri var axı…
-Azərbaycanın bəzi toxumçuluq məhsullarına etirazım yoxdur, amma etibarım da yoxdur… Özüm pasportlaşdırılmış toxumları baha da olsa, alıb gətirirəm. Məsələn, sizə pomidor və istiot, badımcan şitilliyimi göstərəcəm (şəklini təqdim edirəm.Red.). Toxumunu gətirib burda cücərdirik… Təsəvvür edin, toz boyda toxumun eləsi var 1-2 dollardır. Bahadır, amma əvəzində bazara təbii məhsullarımız çıxır. Axı bu məhsul həm də ailə süfrəmizə gətirilir…
…Teyyub Abdullayevlə həmsöhbət olduqca bildiyim, amma dəqiqləşdirməyə ehtiyac duyduğum və bu sahə ilə məşğul olanların da maariflənməsi üçün bəzi suallara cavab axtarmalı oluram. İlk sualım elə taxıl və qarğudalı sahəsi ilə bağlıdır:
-Taxıldan və qarğıdalıdan yetərincə saman qalır, ondan heyvanlara vermək üçün heç olmasa yem kimi istifadə edilirmi?
Gülür:
-Yox, buradakı mal-qara yoncanı qoyub samana meyl salarmı? Zarafat bir yana, xeyr. Samanı daha çox camış heyvanı yetir, Ağdam və Ağcabədi ərazisində isə camışa demək olar rast gəlinmir…
-Niyə?
-Camış gölməçə və bataqlıq ərazi sevən heyvandır, bu ərazilərdə isə belə su qaynağı yoxdur. Bu cür su qaynağı əsasən Kür və Araz çayı ətrafı ərazilərdə olur. Məsələn, İmişli, Saatlı, Sabirabad, Beyləqan, Yevlax… Harda qrunt suları üzə çıxır, orda da bataqlıq və gölməçələr yaranır. Samana gəlincə, Türkiyədən saman üyüdən aqreqat gətirmişəm, taxılın və qarğıdalının samanını üyüdüb yenidən torpağa qaytarıram…
-Bunun məhsula xeyri olurmu?
-Əlbəttə… Mən burda da əkin torpağının hamısını laborator analizdən keçirirəm. Hər bir məhsula uyğun mineralları müyyənləşdiririk. Məsələn, kartofun başqa, taxılın tamam başqa, qarğıdalı və soğanın isə tamamilə fərqli mineral gübrələrə ehtiyacı var. Torpağa verilən mineral sonda həmin bitkinin məhsulunda toplanır. Məsələn, taxıla verilən minerallar həm də samanda yığılıb qalır. Bəzən fermerlər samanı yandırıb külünü torpağa qatır. Bu qəti yolverilməz haldır. Samanla birlikdə həmin mineral da yanıb məhv olur. Amma mən samanı üyüdüb torpağın özünə qaytarıram. Təcrübə də göstərir ki, bu üsul səmərəlidir, torpağa verilən əlavə yemləmə gübrəsi başqa, bunun da məhsuldarlığa xeyli təsiri var…
Söhbətimizin bu yerində qonşu təsərrüfatın sahibi Kamil Məmmədov bizə yaxınlaşır, salamlaşırıq. Bizi evinə çay süfrəsinə dəvət edir. Amma söhbətimiz çay dəstgahından daha üstün olduğundan ona təşəkkür edirik. Kamil Məmmədov aralaşmaq istəyəndə Teyyub Abdullayev onu saxladır:
-Kamil, yaxın gəl, -Sonra mənə tərəf: -Baxın, o sahə Kamilindir, bu sahə isə bizim. Eyni su, eyni gübrə verilir, amma yoncanın məhsulunda, yəni boy atmasında ən azı iki dəfə fərq var, -deyərək ətrafa göz gəzdirir.
-Niyə?-sual verirəm.
Teyyub Kamilin güldüyünü görüb özü cavablayır:
-Kamil sizi görüb bura gəldi. Amma siz olmasaydınız, indi o qəsəbədə nərd oynayırdı…
-Nərdin yoncaya nə aidiyyəti var? Suyu verilir, gübrəsi verilir…
-Bax məsələ də bundadır. Düzdür bunun elmi yox, praktik cavabı var: yoncanın kökü çox şirindir, siçanların ən sevimli yemidir. Sahə dərmanlanmayanda, yaxud gec suvarılanda siçanlar üzə çıxır və yem axtarır, -deyərək çoxsaylı siçan yuvası olan ərazini göstərir: -Baxın, bir kv.m. sahədə 5 siçan yuvası var. Fermer sahəni gəzməlidir, siçan bilməlidir ki, bu ərazinin sahibi var. Elə olmayanda siçan özünü sahənin sahibi kimi hiss edir və yoncanın yaşıl gövdəsini, sonra isə kökünü yeyib qurudur, sahə keçəlləyir… Bəzən elə olub ki, gecələr fanarı götürüb sahəni gəzirəm, çöl heyvanları, dovşan, tülkü, çaqqal, kirpi və əsasən də siçanlar sahəyə gecələr çıxır. Səs-səmir salanda yoxa çıxırlar, ziyankarlıq olmur…
Payız günəşinin şüası yandırıcı olur. Bu onun üz-gözündə aydın görünür: -Amma hiss edirəm qaralmısan, yanaqlarında qıpqırmızı izləri var, -deyə ona baxıb gülürəm. Olduqca maraqlı hadisəni danışır:
-Bakıda evim var, ailənin qayğıları mənziz keçmir… DYP postlarından keçəndə neçə dəfədir məni saxlayırlar. Üzümə baxıb dərhal da sualları belə olur: «İçmisiniz?». Deyirəm, cənab serjant, bunu nəyə görə deyirsiniz? Yol polisi əməkdaşı nə desə yaxşıdır: «Sifətiniz qıpqırmızıdır…». İzah edirəm ki, bu qızartı içməkdən yox, torpaqla əlləşməkdəndir…
O ki var gülürük…
«Şitilləri aranda əkir, aldadıb dağda becərirəm…»
QISA ARAYIŞ: ötən il Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” öz işinə başlamışdı. Teyyub Abdullayevin də öz zəhmət məhsulları ilə iştirak etdiyi sərgidə dünyanın 30-a yaxın ölkəsindən çoxsaylı şirkətlər iştirak edirdi.
…Söhbət edə-edə sahədən çıxırıq. Fikrim şitilliyin yanında qalıb. Çünki mənə göstərdiyi foto-albomda Şamaxıda ev təsərrüfatındakı böyük ərazidə əkdiyi növbənöv pomidor sortunu görmüşdüm. Soruşuram:
-Bir suala da cavab istərdim, Şamaxının Pirqulu ərazisində bağ eviniz var. Şəkillərdə xiyar, çoxsaylı pomidor sortlarının məhsullarını gördüm. Həmin ərazi dəniz səviyyəsindən çox hündürdədir, atmosfer təzyiqi aşağıdır, günəş enerjisinin təsiri də az olur deyə, orda xiyar yetişir, amma pomidor qızarmır… Amma sizin sahədə pomidor qıpqırmızıdır. Bu nə sortudur?
Söhbətinə bir az uzaqdan başlayır:
- Gülmək üçün deyim, necə ola bilər ki, bəzən təbiət bizi aldada bilir, məsələn, gün çıxmaq əvəzinə yağış, dolu yağır, amma biz təbiətin üzvlərini aldada bilmərik?!
Sonra sahəni gəzərək fikrini çatdırmağa çalışır:
-Mənim İsmayıllıda da təsərrüfat sahəm olduğundan, rayonun Kürdmaşı kəndində evim var. Bilirdim ki, Şamaxıda pomidor və bəzi bostan bitkiləri məhsul vermir. Çünki günəşli hava zəif olur… Ona görə də xarici ölkələrdən geni dəyişdirilməmiş pomidor və digər bostan bitkilərinin toxumunu gətirib mart ayında Ergidə cücərdirəm. Buralarda mart ayında havanın temperaturu 23-28 dərəcə olur. Həmin vaxt İsmayıllıda isə havanın temperaturu 15-20 dərəcə ola bilir. Toxumlar cücərib boy verəndən təxminən ayyarım sonra onları daşıyıram İsmayıllıya. Orada mayın 10-dan isə havanın temperaturu 25-28 dərəcəyə qalxır. Təxminən bir ay ərzində pomidor və digər şitillər həm sərin dağ havasına uyğunlaşır, həm də boy atır, çiçəkləyir. Burada isə şitillər artıq 50-70 sm boy verir və bəzilərinin üstündə artıq ilkin məhsul irilənir… İyunun 5-10-u arası isə həmin şitilləri İsmayıllıdan Şamaxının Pirqulu ərazisinə-Nağaraxana kəndinə (keçmiş «Kirovka») daşıyıb xüsusi qablardan çıxardırıq, torpağa əkirik. 10-15 gündən sonra isə pomidor az olan günəş işığında belə qızarır, bol məhsul verir…
(Şamaxının Pirqulu yaylasında yetişdirilən salxım pomidor)
(Şamaxının Pirqulu yaylasında yetişdirilən qara salxım pomidor)
…Onu da öyrənirəm ki, həqiqətən də bu kəndin sakinləri bütün növ bostan məhsullarını yetişdirə bilirlər, təkcə pomidordan başqa. Çünki pomidor dəniz səviyyəsindən hündür və sərin hava şəraiti olan bu ərazidə qızarmır.
İndi kənddə T.Abdullayevin bu inanılmaz təcrübəsindən gen-bol bəhrələnirlər. Məsələn, öyrənirəm ki, T.Abdullayevin Nağaraxana kəndindəki qonşusu Füzuli müəllim artıq üç ildir pomidoru kənardan almır, sadəcə, Bakıda cücərdib iyun ayında kəndə daşıyıb öz bostanında becərib bol məhsul götürür…
Sözarası bir məqama özü aydınlıq gətirir:
- Prezident İlham Əliyevin sahibkarlara, iş adamlarına məlum çağırışı ilə əlaqədar olaraq ilk dəfə Azərbaycanda açıq əkinçilikdə damcılama üsulu ilə suvarma sistemini mən tətbiq etmişəm. Əsasən kütləvi şəkildə soğan, buğda və kartof əkini ilə məşğul oluram. Becərdiyimiz soğanın ümumi məhsuldarlığı orta Respublika səviyyəsindən iki dəfə çox olmaqla, hər il 7-8 min ton olub. Təvazökarlıqdan uzaq olsa da, uzun illərdən bəri soğan idxalçısı olan Respublikamız mənim tətbiq etdiyim yüksək aqrotexniki becərmə sayəsində indi soğan ixracatçısına çevrilib. Ən vacibi, bu günədək dövlətdən bir manat belə maliyyə yardımı almadan bu möhtəşəm işlərə nail olmuşam. Bircə faktı deyim ki, təkcə hər il damcılama üsulu ilə aparılan suvarmada 1400 km uzunluğunda xüsusi rezin borulardan istifadə edirəm ki, bu da əlavə su itkisinin qarşısını almaqla bərabər, məhsuldarlığı da maksimum səviyyəyə çatdırır. Məhsul istehsalında isə beynəlxalq təcrübəni öyrənmək və Azərbaycanda tətbiq etmək üçün Türkiyə, İtaliya, Rusiya, Ukrayna və başqa ölkələrdə səfərlərdə olmuşam, qabaqcıl təcrübəni öyrənərək Respublikamızda tətbiqinə başlamışam…
***
…Həmsöhbətimlə bir kənd və təsərrüfat gecəsini beləcə başa vurduq. Söhbətindən doymaq olmur. Adam özünü həm dağda, həm də aranda hiss edir. Çünki bu söhbətlərdə dağ arana daşınırdı, aran da dağa… Gecənin sərinliyi Ergi ərazisində lap açıq hiss olunur. Havada əməllicə soyuqluq var. Amma T.Abdullayevin şirin söhbətləri bu soyuqluğu hiss etdirmir.
***
Bu səhərimizin payız havası Şühralı dağından süzülüb gələn sərin mehə qarışıb xoş ovqat yaradır. Uzaqda Kiçik Qafqazın dağ silsilələri və başı il boyu ağappaq qar olan Murov görünür. Yola düşmək vaxtıdır… Qara torpaqla öz dilində danışmağı bacaran üzü ağ adamla xudahafisləşib Bakıya qayıdıram… Arxada isə ürəyi torpaqla döyünən bir fermerin təsərrüfat qayğılı xatirələri qalır…
Asif MƏRZİLİ
(Bakı-İsmayıllı-Ağdam-Bakı)