"Bir fotoşəkildən dərhal hər hansı bir nəticə çıxarmaq, bu, hansısa hərəkətlərin nəticəsidir və ilaxır – bu, spekulyasiyadır, bunlar əsassız ifadələrdir".
***
Qazaxistan Senatının spikeri Maulen Aşımbayev jurnalistlərin suallarını cavablandırarkən media nümayəndələrini və ictimaiyyəti Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə çağırıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə kazpravda məlumat yayıb.
“Hazırda zədələnmənin xarakteri, bu faciəvi təyyarə qəzasının səbəbləri məlum deyil. Xüsusi komissiya işləyir. Qazaxıstan, Azərbaycan və Rusiyanın müvafiq strukturlarının nümayəndələri cəlb olunub. Mütəxəssislərimiz bu ölkələrin nümayəndələri ilə birgə işləyirlər. Bir fotoşəkildən dərhal hər hansı bir nəticə çıxarmaq, bu, hansısa hərəkətlərin nəticəsidir və ilaxır – bu, spekulyasiyadır, bunlar əsassız ifadələrdir. Bu cür qiymətləndirmələri yaymaq yanlış və qeyri-etikdir. Bu, ilk növbədə, müəyyən insanların özləri üçün müəyyən dividendlər qazanmaq, ajiotaj yaymaq və özləri üçün nəsə əldə etmək, o cümlədən baxış sayı əldə etmək istəmələrinin göstəricisidir”, - o deyib.
Spiker, vətəndaşları göyərtədə olan ölkələrin heç birinin təyyarə qəzasının əsl səbəbini gizlətməkdə maraqlı olmadığını vurğulayıb.
“Komissiya, mütəxəssislər işləyir, ekspertlər hər şeyə baxırlar, onlar özləri nəticə çıxaracaqlar. Sonra, təbii ki, bu ölkələrin heç biri - nə Azərbaycan, nə Rusiya, nə də Qazaxıstan məlumatları gizlətməkdə maraqlı deyil. Bütün məlumatlar ictimaiyyətə açıqlanacaq. Heç kimin heç bir şübhəsi olmamalıdır. Mütəxəssislərə nəticə çıxarmaq və vətəndaşlara çatdırmaq imkanı vermək lazımdır”, - Aşımbayev bildirib.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub - 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı. Onlardan 38-i həlak olub, 29-u isə sağ qalıb.
Qeyd edək ki, baş vermiş dəhşətli qəzadan sonra Aktau vətəndaşları yaralılara qan vermək üçün xəstəxanalara üz tutublar. Ötən gündən astanalılar həlak olanların ailəsinə başsağlığı vermək, Azərbaycan xalqının kədərinə şərik olduqlarını bildirmək üçün Azərbaycanın Qazaxıstandakı səfirliyinin qarşısına güllər düzməyə başlayıblar. Qazax xalqı bu ağır gündə xalqımıza dəstək nümayiş etdirir.
JASMİN