“Media haqqında” qanun layihəsinə üçüncü oxunuşda siyasi partiyalar və dini qurumlarla bağlı nəzərdə tutulan 26.3.4 və 26.3.5 maddələrinə dəyişiklik təklif edilir.

Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Komitə sədri deyib ki, siyasi partiyaların və dini qurumların media subyektinin təsisçisi (iştirakçısı) ola bilməyən qurumlar və şəxslər sırasında olması narazılıqla qarşılanıb: “İşçi Qrup məsələ ilə bağlı konsensus əldə edib. Siyasi partiyaların və dini qurumların çap mediası istisna olmaqla, media subyektinin təsisçisi və iştirakçısı ola bilməməsi ilə bağlı müddəa hazırda mövcud olan “Siyasi partiyalar haqqında” və “Teleradio yayımı haqqında” qanunda da əksini tapır. Yəni yeni “Media haqqında” qanun layihəsində siyasi partiyalara və dini qurumlara qarşı hər hansı diskriminasiya tətbiq edilmir. Bununla bərabər, 26.3-cü maddədə yasaq qoyulan digər subyektlər sırasından onların adı çıxarılır, onların adı ayrıca yarımbənd kimi veriləcək. İndi olduğu kimi, bundan sonra da partiyaların “Youtube” kanalları və internet televiziyalarının təsisçisi olmasına və fəaliyyətini bilavasitə həmin kanallar üzərindən qurmasına heç bir yasaq qoyulmur. Partiyaların ölkə miqyasında hansısa media təsis etməsinə yasaq qoyulur. “Siyasi partiyalar haqqında” qanunda gələcəkdə dəyişiklik olacağı təqdirdə, analoji dəyişiklik media qanunvericiliyinə də daşınacaq. Bu layihədə partiyaların hüquqlarını pozan hansısa müddəa irəli sürülməyib”.

Milli Məclisdə iki oxunuşdan keçmiş “Media haqqında” qanun layihəsinin 26.3-cü bəndinə əsasən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, siyasi partiyalar (çap mediası istisna olmaqla) və dini qurumlar (çap mediası istisna olmaqla) media subyektinin təsisçisi (iştirakçısı) ola bilməz.

Qanun layihəsi sabah üçüncü oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, “Təzadlar” qəzetinin və Tezadlar.az saytının rəhbəri Asif Mərzili də qanun layihəsinin müzakirəsində iştirak edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN