Deputat Cavanşir Feyziyevin qurd ürəyi yediyi artıq dünyaya bəlli oldu... Tanınmış QHT rəhbəri, Multi-Media Mərkəzinin direktoru Osman Gündaz yazır:
-...Baxıram ki, milyonlarının bir hissəsi korrupsiya mənbəli olması səbəbindən London məhkəməsinin qərarı ilə əlindən alınan Cavanşir Feyziyev Dumanlı Albiona qarşı deyil, mediaya və vətəndaş cəmiyyətinə qarşı hücuma keçib.
Onun barəsində yazan, tənqid edən xeyli sayda tanınmış media nümayəndələrini və ictimai xadimləri, maraqlıdır ki , həm də məni açıq-aşkar təhqir və təhdid edib, şantaj edib. Kimlərisə həbsxana ilə hədələyib, kimlərisə "işverən", "agent", "sabotajçı" və "şərəfsiz" adlandırıb.
Hansı ki, keçdiyi "biznes və karyera" yolu göstərir ki, bu tip sözlər birbaşa onun özünə aid olub.
Fikrimcə, yazdıqlarında dərhal 147-ci maddə ilə ona qarşı iş açmaq üçün ciddi əsaslar var.
Maraqlıdır ki, Feyziyev özü də bir neçə gün öncə London məhkəməsi qərarını təsdiqləmişdi.
Şəxsən mənim onun haqqında yazdığımda heç bir təhqir-böhtan olmayıb. Sadəcə faktı qeyd edərək pulların ölkədə qalmasının və startaplara dəstək olmasının faydalı ola biləcəyini, deputatın normal qanunlar qəbul edərək münbit investisiya mühiti yaratmalı olduğunu və digər bu tip məsələləri qeyd etmişdim . Təkrar edirəm, hər hansı, təhqir və böhtan olmayıb, yazdığım da qalır.
Onun yazdığını oxuyan anda isə ilk ağlıma gələn işlətdiyi etikadan kənar, ittiham xarakterli sözlər və ifadələr deyil, bu formada şantaj və aşkar təhqir üçün haradan güc alması, ictimai nəzarəti həyata keçirənlərə qarşı bu formada səlib yürüşü , müharibə elan etməsi üçün nəyə və kimə arxayın olması oldu. Səmimi deyirəm, bu tip insan, indiki şəraitində yalnız üzrxahlıq, yenidən cəmiyyətə inteqrasiya, yalnız bağışlanmaq, bataqlıqdan necə xilas olmaq arzulaya bilərdi.
Bəlkə də arxayın olub ki, bəlkə də düşünüb ki, özündən yuxarıda da korrupsiyalaşmışlar var və onlar da bu tip hallarla qarşılaşmamaq üçün onu müdafiə edəcəklər. Yəni, məsəl var, cəhənnəmə gedən özünə yoldaş axtarar.
Amma, düşünürəm ki, çox yanılıb, əvvəlki qərarları kimi, bu cür addımları da düzgün hesablanmayıb.
Fikrimcə, bu statusda olan birisinin bu tip hərəkəti, qanunlara tüpürməkdir.
Düşünürəm ki, onun bu formada harınlıq nümayiş etdirməsi, ictimai nəzarətə meydan oxuması, deputat olaraq və çoxsaylı media qurumların, parlamentlərarası qurumların üzvü olaraq qanunlara bu formada sayğısızlıq göstərməsi yolverilməzdir.
Bu tip hərəkətlər hökumət üçün ciddi siqnal olmalıdır.
Əgər London məhkəməsindən sonra Milli Məclis, Baş Prokurorluq, DTX, Antikorrupsiya qurumlarımız ondan "haqq-hesab" tələb etsəydi güman ki, biz bu formada cəmiyyətə meydan oxuyan harınlamış birisi ilə qarşılaşmazdıq.
Əgər Mərkəzi Seçki Komissiyası, Dövlət Vergi Xidməti London məhkəməsindən dərhal sonra ondan seçkilər zamanı 20 milyonun deklarasiya olunmaması səbəbini sorğulasaydı cəmiyyət bu formada şantaj ilə qarşılaşmazdı.
Çox da uzun yazmaq istəmirəm. Baxıram ki, media nümayəndələri yetərincə cavabını verib.
Bəlkə də Cavanşir Feyziyevi daha yaxşı tanıyanlardanam. Bununla bağlı çox da dərinə getmək istəmirəm.
Öz bilik və bacarığı və öz resursları hesabına deyil, əzab-əziyyətlə deyil, dövlət resursları hesabına, inzibati resurslar hesabına , dövlətin verdiyi üstünlüklər hesabına , ələ keçirdiyi tenderlər hesabına biznes quraraq harınlayanların sonda talelərinin necə olmasını da çox görmüşük.
Xəbəri yoxdur yazığın ki, bu dəfə kölgələrində gizləndiklərinin özləri onun "iynəsini" vuracaq.
Artıq məsələ ictimailəşib.
Ümid edirəm hökumət də fərqindədir ki , cəmiyyətə meydan oxuyan bu harınlamışın, dünyanın media resurslarında korrupsioner olaraq adı hallanan birinin , məhkəmə qərarı ilə "çirkli" əməliyyatlarda iştirakı təsdiqlənən birinin ali kürsülərdə yer alması ancaq dövlətə ziyan gətirə biləcək.
Əgər Prezident ictimai nəzarətin gücləndirilməsini daim vurğulayırsa onda aidiyyatı qurumlar bu tip nəzarəti gerçəkləşdirənlərin təhlükəsizliyini təmin etməli, haqlarını qorumalı, onlara qarşı total hücum edən harınlamışlar yerində oturdulmalıdır.
İnanıram ki, yaxınlarda nəticəsini görəcəyik.
*** 
Sosial mediada haqlı suallar verilir: niyə deputat həmin pulları Azərbaycan banklarında saxlamırmış? Azərbaycanın deputat statusuna güvənir, Azərbaycana isə etibarı yoxdur???
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN