Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin böyük həcmdə hərbi dəstəyə ehtiyacı olduğunu bildirib.
Məlumata görə, dövlət başçısı bu barədə Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində danışıb.
Tərəfdaşlardan, xüsusən ABŞ və Almaniyadan hərbi dəstəyin vaxtında gəlib-gəlməməsi sualına cavab verən Zelenski deyib: "Bu, yaxşı sualdır. Amma bir az genişləndirmək lazımdır. Aylar əvvəl hücum olmayanda hamı gördü ki, işğal ola bilər. Bizim sərhəddə qoşunlar yerləşdirilmişdi. Və mən dedim: Rusiyaya qarşı sanksiyalar tətbiq edin ki, hücum etməyi ağlına belə gətirməsin. Bunu etmədilər. Mən də dedim: Ukraynaya elə dəstək verin ki, təhlükəsizliyimizə zəmanət verildiyini bilək. Bunu da etmədilər”.
Dövlət başçısı vurğulayıb ki, indi işğal baş verib: “Rusiya qoşunları Ukrayna şəhərlərini dağıdıb, dinc əhalini öldürür, Ukrayna hərbi dəstək alır, lakin bu kifayət qədər deyil”.
"Başa düşürsünüz? Onlar hətta qaçqınları da öldürürlər. Onların raketləri evlərə, universitetlərə, kilsələrə dəyib. Bu, barbarlıqdır. Bəli, silah alırıq. Amma açıq görünür ki, bizə daha çox lazımdır, çünki barbarlıq dayanmır", - deyə Ukrayna lideri vurğulayıb.
E.ŞİRİNOV