Britaniyanın xarici işlər naziri Elizabet Trass rusiyalıları Ukrayna ilə danışıqlardan istifadə edərək, hücuma keçəcək qüvvələrini yenidən toplamaqda ittiham edib.
Sky News-in The Times-a istinadən məlumatına görə, Trass danışıqları “tüstü pərdəsi” adlandırıb və Kremlin məqsədlərinə şübhə ilə yanaşdığını dilə gətirib.
“Əgər bir ölkə danışıqlara ciddi yanaşırsa, bu gün mülki insanları xaotik şəkildə bombalamayacaq. Bizim gördüklərimiz, rusların yenidən qruplaşması üçün məkan yaratmaq cəhdidir... Biz Rusiya qoşunlarının ciddi şəkildə çıxarılmasını və ya danışıqlar masasında hər hansı ciddi təklif görmürük", - deyə nazir bildirib.
Trass rusiyalıları yalan danışmaqda günahlandırıb:
“Rusiyalılar “yalan danışıblar və yalan danışmağa da davam edəcəklər”.
“Qorxuram ki, danışıqlar diqqəti yayındırmaq və tüstü pərdəsi yaratmaq üçün növbəti cəhddir”, - deyə nazir danışıqlara güvənsizliyinin açıqlayıb.
Xatırladaq ki, bu gün Ukraynada başladılan müharibənin 24-cü günüdür. İndiyədək Ukraynanın bir çox şəhərləri və qəsəbələri müharibədən zərər görüb, milyonlarla insan vətənini tərk etmək məcburiyyətində qalıb. Mülki əhali də daxil olmaqla minlərlə insan öldürülüb, yaralanıb... Çoxlu sayda insan ev-eşiyini, əmlakını itirib.
Və indiyədək Rusiya və Ukrayna nümayəndə heyətlərinin 4 dəfə bir araya gəlməsinə baxmayaraq, bu qanlı müharibəyə son vermək üçün tərəflər razılığa gələ bilməyib. Rusiyanın təklif etdiyi şərtlərlə bağlı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba müsahibələrinin birində bildirib ki, Ukrayna Rusiyanın təklif etdiyi kapitulyasiya variantlarını rədd edir və balans axtarır.
JASMİN