ABŞ-ın yeni prezidenti Donald Tramp Ağ Evin keçmiş rəhbəri Co Baydeni Amerika torpaqlarında əksəriyyəti cinayətkar olan 21 milyon miqrantın olmasında ittiham edib.
Tezadlar.az xəbər verir ki, o, bunu “Fox News” telekanalına müsahibəsində ölkədəki miqrasiya böhranını şərh edərkən deyib.
Tramp insanların çoxlu sayda ölkəyə gəlməsinə icazə verilməsinin böyük səhv olduğunu düşünür. O vurğulayıb ki, bu qədər sayda miqrant ABŞ-a məhz ona görə daxil olub ki, Bayden “bunun baş verməsinə icazə verib”. ABŞ lideri əlavə edib ki, ölkədə azadlıqda olan və dinc amerikalılar üçün təhlükə yaradan minlərlə terrorçu və on minlərlə başqa cinayətkar var. Eyni zamanda, onun sözlərinə görə, ağır cinayətlər törədənlərin bir çoxu öz ölkələrindəki həbsxanalardan azad edilib, sonra isə ABŞ-a gediblər.
Rəsmi olaraq prezident kimi fəaliyyətə başladıqdan sonra Tramp cənub sərhədindən ölkəyə qeyri-qanuni girişi dayandıran və belə miqrantların çıxarılması üçün tədbirlər görməyi nəzərdə tutan sərəncam imzalayıb. Tramp ABŞ Konqresinin mərkəzi zalında inaqurasiya nitqi zamanı Meksika ilə sərhəddə yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcəyini və ora qoşun göndərəcəyini bildirib. O, həmçinin Meksika narkotik kartellərini xarici terror təşkilatları siyahısına əlavə etmək niyyətini dilə gətirib və Meksika ərazisində onlara qarşı güc tətbiqini istisna etməyib.
E.ŞİRİNOV