Müğənni Rəqsanə İsmayılova bu yaxınlarda qızı nişanlansa da, təzəlikcə açıq-saçıq geyimdə olan şəklini sosial şəbəkədə paylaşıb ki, bu da izləyicilərin narazıçılığına səbəb olub. İzləyicilər belə rəylər yazıblar: “kürəkənin baxır, ayıbdır”, “bu, heç olmadı, yəni kürəkəndən ayıbdır”, “qudan bunu görmür?” və s.
P.S. Bu izləyicilərin də işi-gücü qurtarıb e, mən ölüm. Rəhmətliyin uşağı, qudası, kürəkəni, məgər bilmirlər ki, Rəqsanə bir şou əhli xanımdır? Bu, bir. İkincisi, ola bilər təzə quda, kürəkən Rəqsanənin əvvəllər olan soyunmuş şəkillərini görməyiblər. Rəqsanə də təzə çəkdirdiyi soyunmuş şəkli ilə qudasına demək istəyir ki, mən həminki Rəqsanəyəm haa, qocalmamışam. 43 yaşı hələ bu ayın 25-də tamam olacaq Rəqsanə, bu soyunmuş şəkili ilə kürəkəninə əsl qaynana olduğunu göstərərək demək istəyir ki, bax haa, qızıma qarşı pis davransan, səni el içində biabır edərəm. Bəs nə? İndidən kürəkən qaynananı tanımalı və yerini bilməlidir.
***
Müğənni sayılan, 43 yaşlı Afət Fərmanqızı ARB-nin “Həmin Zaur” verlişində 25 yaşlı oğlu olmasına baxmayaraq, yenidən ana olmağa hazırlaşdığını bildirərək deyib: “Tezliklə ana olacağam. Şou-biznesdə 50-60 yaşında ana olan çox adam var. Oğlum nə deyə bilər ki? Çünki gizli bir iş görmürəm”.
P.S. Əlbəttə, Afət xanım gizli bir iş görmür. Təbii ki, gizlində görülən bir iş indiki kimi aşkara çıxır. Bu, bir. İkincisi, Afət xanımın 25 yaşlı oğlu nə vaxta kimi bacı-qardaşsız qalacaq? Afət xanım da bir ana kimi bu barədə 43 yaşı olsa da, fikirləşməli idi dəə...
***
Aktrisa sayılsa da heç bircə rolu da gözə dəyməyən, əvəzində soyunub, lüt-ətcəbala olmaqla gündəmə gələn Pərvin Abıyevanın “TikTok-da 35 min dollar qazanmışam” açıqlamasına “10-da görüşək” proqramında aparıcı Azər Zahid belə münasibət bildirib: “35 min dollar qazanc teması absurddur. 200-500-1000 dollar qazanmaq olar...”
P.S. Eh, ay Azər bəy, nəyinə lazımdır Pərvin xanım 35 min dolları haradan və necə qazanır. Durub sənə deməyəcək axı, sosial şəbəkələrdə soyunmaqla pul qazanır. İndi soyunmağa kimdi pul verən. Onsuz da bu dəqiqə yerindən duran, sosial şəbəkələri sauna bilib soyunur dəə... İndi Pərvin xanım “TikTok”da 35 min dollar qazanmışam” deyirsə, day bu sözün başına ip salma, de ki, düz deyirsən. Özün də yaxşı bilirsən ki, Pərvin xanım sosial şəbəkələrdə soyunsa da, həyatda çox abırlı, ismətli, həyalı bir xanımdır. Ona görə də o 35 min dolları necə qazanmasını deməyə də utanır. Sən də başlamısan aydan arı, sudan duru Pərvin xanım kimi təmiz bir insanın halal yolla, ağır zəhməti hesabına qazandığı pula şübhə ilə yanaşmağa. Belə sözlər danışmaq və Pərvin xanıma şübhə ilə yanaşmaq ayıbdır axı...
Mətbuatdan məlum olur ki, “BakuBus”un dövlət pulu ilə aldığı avtobusların 25 faizi tullantı halına salınıb.
P.S. “BakuBus”da nəinki avtobuslar, hətta dövlət dilimiz tullantı halına salınıb. Bu avtobuslarda gündə bəlkə də 50 dəfə səslənən elanları elə bil xaricilər söyləyir. Bu şirkətdə bir nəfər də olsun, Azərbaycan dilini bilən yoxdur. Olsaydı, bilərdilər ki, sərnişinlər avtobusdan bir ünvandan, digər ünvana getmək üçün istifadə edirlər, daha avtobusda səyahət etmirlər. Bu şirkətdə bilən yoxdur ki, “minmək” sözünün sinonimi “düşmək”dir, “enmək” yox. Sərnişinlər avtobusdan düşürlər, təyyarədən, paraşütdən isə enirlər. Bir sözlə, “BakuBus”da dövlət dilimiz nəinki tullantı halına salınıb, hətta ayaqaltı edilib ki, bu cinayətə qarşı heç bir məsuliyyət tədbiri görülmür və hər gün bu rəzalətə dözmək məcburiyyətində qalırıq.
***
Təhsil naziri Emin Əmrullayev ASAN radionun “QəbuldASAN” verlişində qonaq olub və məktəblərdə könüllü ianələrdən danışarkən belə deyib: “Valideynlərin məktəblərə könüllü şəkildə ianə verməsiylə bağlı bir neçə model təqdim olunub. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir”.
P.S. Hörmətli Emin müəllim, bu ianə məsələsi pul yığmaq deyilsə, bəs bunun adı nədir? İstəyir bunun adını ianə, yardım, hörmət, rüşvət, nə bilim, canım sənə desin, belə hədiyyə, “görmək” qoy, yenə nəticə pul yığmaqdır. Məktəblə valideyn arasında olan o hansı məsələdir ki, ianə, yəni pulla tənzimlənməlidir? Emin müəllim, könüllü ianə nə deməkdir? İndiki ağır iqtisadi şəraitdə hansı valideyn məktəbə könüllü ianə - pul verər? Day deyin ki, məktəblərdə indiyə qədər olan pul yığımı kampaniyası könüllü ianə adı ilə rəsmiləşəcəkdir. Siz bir müddət əvvəl “bizim vaxtımızda da məktəblərdə pul yığmaq vardı” deyəndə, dalağım sancmışdı ki, pul yığımı rəsmiləşəcək. Belə də oldu.
***
Azərbaycan Mərkəzi Bankına 27 il rəhbərlik etmiş Elman Rüstəmovun pulun üzərində olan imzasından söhbət açan qəzetlərin birindəki yazıya belə başlıq qoyulub: “Elman Rüstəmovun özü getdi, imzası manatda qaldı - nə vaxtadək?”.
P.S. Dünya şöhrətli alim, rəhmətlik Xudu Məmmədovun yazdığı bir bayatı yada düşür:
“Əzizim bizim qala,
Həmişə bizim qala.
Tikmədim adım qalsın,
Tikmişəm izim qala”.
İndi 27 il Mərkəzi Banka rəhbərlik etmiş Elman müəllimin də izi qalmalıdır dəə... Üstəlik, İpoteka Fonduna bina tikməsi adı ilə 10 milyon manatı mənimsəməsinin də izi hələ qalır. Amma deyəsən 450 milyon manata guya bank öz gəlirləri hesabına yeni bank binası tikintisində Elman Rüstəmovun izi qalmayacaq? Dövlətin 450 milyon manatını öz pulu adlandıran Elman Rüstəmovun bu milyonlardan nə qədər mənimsəyəcəyi sual olaraq qaldı.
***
Marşal Jukovun müharibədən sonra soyğunçuluq etdiyini yazdığına görə, “Nə, harada, nə vaxt” proqramının iştirakçısı, jurnalist Rövşən Əsgərova cinayət işi açılıb.
P.S. Maraqlıdır, Jukovun müharibədən sonra Almaniyadan soyub yığdığı vaqonlarla qəniməti Rusiyaya daşıdığı tarixi həqiqət olmaqla yanaşı, bunu Marşal özü də etiraf edib axı. Buna görə hətta Marşalın vəzifəsi də kiçildilib. Rusiyanın hüquq-mühafizə orqanları balaca uşağa da məlum olan bu həqiqəti guya bilmirlər? Məgər Jukovun soyğunçuluğundan yazmaq faşizmin təbliği deməkdir? Bəs onda bu gün Rusiya əsgər və zabitlərinin Ukraynada faşist kimi davranışına nə ad qoyaq?
***
Qəzetlərin birində AMEA-dan bəhs edən yazıya belə başlıq qoyulub: “Rasim Əliyarbəyov AMEA-nın sirlərini açıb, tökdü”...
P.S. Rəhmətliyin oğlu, AMEA-da sirr qalıb ki? AMEA-da bir dənə sirr var ki, onu da Ramiz Mehdiyev özü ilə apardı...
ELÇİN
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.