İnsan hər hansı bir işə bağlandısa, sanki tilsimə düşür. Bu tilsim onu rahat buraxmır, bütün ömrü boyu aşiqi olduğu işin yolunda əziyyət çəkməyə vadar edir. O da tarixi faktları araşdırıb həqiqəti üzə çıxarmağın aşiqidir, bu işə bağlanıb…
Deyir ki,- "Göyçə mahalının kameral təsvirini hazırlayanda məlum oldu ki, Aşıq Ələsgərin əsl təvəllüdü indiyə kimi kitablarda, dərsliklərdə yazılan doğum tarixindən kəskin fərqlənir. O, 1821-ci ildə deyil, 1852-ci ildə anadan olub və 74 il yaşayıb. Ustad Ələsgərin babası kimi qeyd olunan Allahverdi adlı şəxs isə əslində Ələsgərin əmisidir. Ələsgərin atasının adı Alməmməd olub."
Həqiqəti üzə çıxardığına görə başına çox işlər gəlib. Haqqında təhlükəsizlik komitəsinə kimi danoslar yazılıb. O isə heç zaman geri çəkilməyib, haqqın yanında olub. Cavad xanla da bağlı həqiqətləri üzə çıxarıb. Sübut etməyə çalışır ki, Azərbaycanın bu qeyrətli oğlunun Gəncədəki məzarı saxtadır, əsl həqiqətdə məzar başqa yerdədir…
Çox çətinliklərə sinə gərib, Azərbaycan, Gürcüstan və Rusiyanın arxivlərində tədqiqat aparıb, Azərbaycanın qədim torpaqları, indi düşmənlərimizin tapdağı altında olan ərazilərdə yaşamış nəsillərin şəcərəsini müəyyənləşdirib. Və "İrəvan şəhərinin Kameral təsviri" adlı kitabı ərsəyə, araya gətirib…
"Rusiya imperiyasının 2 nüsxədə tərtib etdirdiyi kameral təsvirlərin bir nüsxəsi Tbilisi şəhərində "Qafqaz Canişinliyinin dəfətərxanası"nda, digəri isə Peterburqda "İmperiya arxivi"ndə saxlanılırdı. 1917-ci il inqilabından sonra Peterburqdakı nüsxələr itib. Sovet hakimiyyətinin vaxtında arxiv sənədləri aid olduğu ərazilər üzrə bölüşdürüldükdə Tiflisdəki nüsxələrin bəziləri Ermənistana göndərilib bəziləri isə Tiflisdə, "Gürcüstan Dövlət Arxivi"ndədir. Bir qismi də Azərbaycanın "Mərkəzi Dövlət Tarix Arxivi"ndə saxlanılır. Kameral təsvirləri hazırlayarkən bu arxivlərdən istifadə edirəm. Çətinliyə gəldikdə isə bu, daha çox fiziki faktorla bağlıdır. 100 mindən çox şəxsin adını yazmaq fiziki cəhətdən ağır işdir. Kameral təsvirlərə ön söz yazanda yüzlərlə mənbəyə müraciət edirəm.”- söyləyir.
Gözəl insandır- sadə, təvazökar. Amma özünə qarşı çox tələbkardır, səhhətində problemlər olsa da əzmlə axtarışlarını davam etdirir. Gecəsini gündüzünə qatıb bir sıra bölgələrimizin kameral təsvirlərini artıq başa çatdırıb. Çap olunası xeyli materialı var. Bütün bunları ailə büdcəsindən kəsərək, öz hesabına edir. İnanırıq ki, kameral təsvirlərini ərsəyə gətirdiyi bölgələrdən olan bir kimsə nə vaxtsa bu insana dəstək olacaq. Əslində onun gördüyü işlər bir başa Azərbaycan dövlətinə xidmətdir…
Deyir ki,- “1831-ci ildə İrəvanın Kameral təsviri tərtib ediləndə əhalinin sayını dəqiqləşdirmək üçün kəndxudalardan və kəndin ağsaqqallarından məlumat alırdılar. Amma burada özbaşınalıq yox idi, kəndxudalar istədiyini edə bilməzdilər. Məsələn, belə bir qayda var idi: tutalım, kimsə qonşu mahaldan, kənddən gəlib bir kənddə gizlənirdi, əgər kəndin kəndxudası çar hökümətinə, dövlət idarəsinə vaxtında xəbər vermirdisə, onu şallaq cəzası və 100 rubl cərimə gözləyirdi. O vaxtın 100 rublunu indiki pula çevirəndə 10 min manatdan çox edir. Bir qoyunun qiyməti isə o zaman 2 rubl idi. Yəni 50 qoyunun qiyməti dəyərində cərimə edirdilər. Bu, çox ciddi cəza idi. Amma demək olmaz ki, hamı siyahıya düşürdü, heç kim vergidən yayınmırdı. Əlbəttə, belə hallar da olurdu. Amma tamamilə özbaşınalıq da yox idi. Bu siyahıyaalma Şopenin rəhbərliyi ilə 3 il ərzində tamamlandı. Bəs bu illər ərzində nə işlər görüldü? Məsələn, İrəvan şəhəri böyük olduğuna görə, təkcə bu şəhərin Dəmirbulaq, Şəhər və Təpəbaşı məhəllələri üzrə 3 kameral təsvir tərtib olundu. İrəvan xanlığında 15 mahal var idi: Qırxbulaq, Dərəçiçək, Sürməli, Sərdarabad, Vedibasar, Şərur, Göyçə və s. Və bu 15 mahal üzrə də 15 kameral təsvir tərtib edildi. Bir kameral təsvir də daimi yaşayış yeri olmayan köçəri xalqlar üçün hazırlandı. Bu tayfaların qışlaq və yaylaq yerləri var idi. Qışda Araz çayına yaxın ərazilərdə qışlayırdılar, yay vaxtı isə müxtəlif dağlara çıxırdılar. Daimi yaşayış məskənləri yox idi. Beləliklə, İrəvan əyaləti üzrə cəmi 19 sənəd, o cümlədən İrəvan şəhəri üzrə-3, mahallar üzrə- 15 və köçərilər üçün- 1 kameral təsvir hazırlandı. Naxçıvan xanlığında 10 mahal, Naxçıvan və Ordubaddan ibarət 2 şəhər var idi və burada da 12 sənəd tərtib edildi. Ümumiyyətlə 3 il ərzində İrəvan və Naxçıvan xanlıqlarının 31 kameral təsviri hazırlanıb. XIX əsrin məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen öz dəstəsi ilə hər bir kəndi qarış-qarış gəzirdi. Onun Arxip Rıjkov, Novikov, Vladimir Zolotnitski və başqalarından ibarət katiblər komandası var idi. Onlar hamısı yazırdılar, Şopen isə bu yazılara zəruri düzəlişlər edir və onu öz imzası ilə təsdiq edirdi. Şopenin kameral siyahıları 3 hissədən ibarətdir. Osmanlı təhrir dəftərlərində yaş göstərilməyib, əsasən vergi subyektləri qeyd olunub, heç arvad-uşaqlar da göstərilməyib. Amma rusların tərtib etdiyi sənədlərdə adamların təkcə adları deyil, yaşları da göstərilib. Bu da təsvirin 1-ci hissəsində verilib. 2-ci hissə isə kameral təsvirə yazılmış izahatdan ibarətdir. İzahat yazısında həmin mahalın yerləşdiyi coğrafi ərazi, harada yerləşir, sərhədləri, hansı mahallar ilə sərhəddir, ərazisi, neçə kvadrat verstdir, yolları, bu mahaldan keçən hansı yollar var, su ehtiyatları, əkinləri, biçinləri, dağları, faydalı qazıntıları, boş kəndlərin siyahısı və onların haqqında məlumatlar və s. ətraflı təsvir edilmişdir. Ümumiyyətlə mahal haqqında nə qədər mümkündür məlumat verilib. Nəhayət, axırda faydalı təkliflər verilib: bu mahalda nə etmək olar ki, əhalinin iqtisadi fəaliyyəti güclənsin, dövlət də çox vergi yığa bilsin. Kameral təsvirlər demək olar ki, çox geniş və ətraflı idi. Şopen bu sənədləri hazır etdikdən sonra Paskeviçə təhvil verir. Paskeviç sənəddən razı qalır...”
Haqqında söhbət açdığım Nazir Əhmədli 1961-ci ildə Dərələyəz mahalında dünyaya gəlib. Kimya üzrə fəlsəfə doktorudur. Amma ömrünün böyük hissəsi mətbuatla bağlıdır. Necə deyərlər, qələm əlindən düşməyib, daim yazıb yaradıb. Onun başqa sahədə alim olması bəzi insanlara qondarma əsas verib. Guya kimyaçı alim tarixçi alimin işini görə bilməz. Əslində o, tarixçi alimin yox, tədqiqatçı jurnalistin işini görür. Namizədlik elmi işini 11-ci "qızıl ordu"dan, doktorluğunu isə şamuyana bənzərlərdən və ya sosializmin tərəqqisindən yazıb başı dik gəzən bəzi təkəbbürlü alimlər, əlbəttə ki, onu bəyənməzlər. Bu insan ciddi araşdırmalarla məşğul olur, əsl tədqiqatçı alim kimi ortaya faktlar qoyur. Bir dəstə ağzıgöyçək isə haqqa qarşı çıxıb, onu yanlışlıqda suçlayırlar. Əslində həqiqəti yazan alimə mane olmaq, ən böyük nadanlıqdır. Təkcə alimə qarşı yox, həm də bir xalqın tarixinə təcavüzdür. İllər ötəcək, bir zaman gələcək ki, onun ərsəyə gətirdiyi kameral təsvirlər tarixçi alimlərin istinad yeri olacaq...
Yanvarın 27-si Nazir Əhmədlinin ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.
62 yaşınız mübarək, Nazir müəllim!
 Elman Eldaroğlu
("Təzadlar"ın köşə yazarı)
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN