Müdrik alimlərimiz deyib: Tarix nə yazanların, nə də yazdıranlarındır… Tarix yazılanlarındır!
Bunun fəlsəfi anlamı odur ki, hər bir yurdun-elin, dövlətin… tarixini yazanlar bir gün bu dünyadan köçür. Bu həyatın qanunudur. Lakin onların yazdıqları əbədi qalır. Yeni nəslin, cəmiyyətin keçmişini əks etdirdiyi kimi, gələcəyinin də istinad nöqtəsidir.
***
Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb üzrə fəlsəfə doktoru, Beynəlxalq İmplantoloqlar Cəmiyyətinin üzvü, Amerika ağız və üz-çənə cərrahları Assosiasiyasının üzvü Fərman Həsənovun yenidən çapdan çıxmış «İbrahimhacılı» kitabının mahiyyəti və tarixi mənası yuxarıda deyilənlərin təsdiqidir.
İxtisas və peşə baxımından həkim olan Fərman müəllimin bu kitabı Azərbaycanın dilbər guşələrindən olan Tovuz rayonunun İbrahimhacılı kəndinin keçmişinə, bu günü və gələcəyinə hesablanmış bir yazılı mənbədir, kitabədir. Ən maraqlısı budur ki, adətən, belə kitabları tarixçilər, publisist-araşdırmaçılar, tədqiqatçılar yazır. Lakin Fərman Həsənovun peşəkar yanaşması ona imkan verib ki, o, doğulduğu yurdun tarixini və mədəniyyət nümunələrini bu kitabında ardıcıllıqla, təsvir və tarixi mənbələrə, faktlara istinadla yazıb, gələcək nəsillərə-tariximizə bir nümunə kimi qoyub.
***
Xatırladırıq ki, İbrahimhacılı kəndi Tovuz rayounun Xınna dərəsində, rayon mərkəzindən 19 km cənub-şərqdə, Zəyəm çayının sahilində, Mamırtı dağının ətəyində yerləşir. Kənd coğrafi yerləşiminə görə axarlı-baxarlı bir mənzərə ilə əhatələnib… Və 1979-cu ilin statistikasına görə, kəndin əhalisi 2515 nəfər olub, hazırda bu rəqəm 5 minə çatmaqdadır. Bu artıq o deməkdir ki, kənd əhali və nəsil baxımından böyüyür, artır, dirçəlir.
Kitabda kəndin duzlu-məzəli adamlarının müdrik kəlamları, maraqlı söhbətlərinə geniş yer verilib.
Onu da qeyd edək ki, kitabda verildiyi kimi, kəndin özünəməxsus koloriti, mədəniyyət nümunələri, Respublikamızda tanınan ziyalıları, alimləri vardır. Kitabda kəndin nüfuzu el ilə bir olan müəllimi-Həsən Məşədi oğlunun həyat və pedoqoji fəaliyyəti, İbrahimhacılı kənd orta məktəbin direktoru olmuş Zakir Əsgərovun, məktəbin müəyyən illərdə direktoru olan Mahmud Tanırverdiyevin, yenə də müəyyən illərdə həmin məktəbin direktoru olmuş Validə Cəfərovanın, məktəbin direktor müavini işləmiş Sinayə Məmmədzadənin, müəllimliyi dillər əzbəri olan Sənubər Hüseynovanın, nəhayət, hazırda məktəbin direktoru vəzifəsində çalışan Arzu Bağırovun yorulmaz fəaliyyətindən, nüfuzundan da geniş bəhs edilir.
Kitabda kəndin adını Respublikamızda şərəflə daşıyan və ucaldan alimlərin də adını fəxarətlə qeyd edən müəllif oxucuya bu zəngin elin-İbrahimhacılı kəndinin ziyalılar ocağı olduğunu aşılayıb. Rasim Adilov, Rafiq Məsimov, Rizvan Abdullayev, Oqtay Məmmədov, Fərman Həsənov, Lətif Süleymanlı bu sıradandır.
Kitabda, həmçinin ölkəmizin hüquq mühafizə orqanlarında, vəkillik institutunda, tibb sahəsində çalışan, eləcə də mədəniyyət incilərini yaşadan sənətkarların barəsində ətraflı məlumat verilib.
Onu da deyək ki, 1-ci Qarabağ müharibəsində kəndin iki şəhid oğlu-Akif Sadıqovun və Sahib Əsgərovun qəhrəmanlığından indi də hamı fəxrlə danışır. Eləcə də 44 günlük Vətən müharibəsində İbrahimhacılı kəndindən 32 nəfər döyüşlərdə iştirak edib, kəndin 4 qazisi başda olmaqla, onlar düşmənə ağır zərbələr vurublar.
***
Bəli, yazılan qalır. Tarix üçün, el üçün, Vətən və dövlət üçün qalır. Fərman Həsənovun «İbrahimhacılar» kitabındakılar da Vətənimizin-Tovuzun bir parçası olan İbrahimhacılar kəndi üçün tarixləşdirilib, gələcəyimiz üçün ərmağan qoyulub. Beləliklə, inanırıq ki, bir elin tarixini, keçmişini və bu gününü yazan- ortaya qoyan bu kitab tarixçilərimiz üçün də maraqlı tədqiqat məhsuludur, yaxşı mənbədir.
***
Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb üzrə fəlsəfə doktoru, Beynəlxalq İmplantoloqlar Cəmiyyətinin üzvü, Amerika ağız və üz-çənə cərrahları Assosiasiyasının üzvü, 44 günlük Vətən müharibəsində könüllü olaraq döyüş bölgəsində olub neçə-neçə yaralılarımızı ölümün pəncəsindən xilas edən Fərman Həsənova həm tibb sahəsində, həm də bu məzmunlu tədqiqatlarının ərsəyə gətirilməsi yolunda daha böyük uğurlar arzulayırıq.
A.Məmmədli