İnanmaq istəmədim ki, bu qədər mənalı, fəlsəfi yüklü sözlər 15 yaşlı bir qızın qəlbindən süzülərək, vərəqlərə düzülüb…

 Ötən il dekabrın 11-də Rəssamlıq Akademiyasının nəzdində olan Ə.Əzimzadə adına Rəssamlıq Kollecinin tələbələri ilə Türk dünyasının tanınmış  şairi Məmməd İsmayılla görüş keçirilirdi. Çox yüksək səviyyədə keçirilən görüşdə gənc rəssamların şeirə, ədəbiyyata necə böyük həvəslərinin olduğunu görmək mənə çox xoş oldu. Şairin gənclərin coşqun duyğularını riqqətə gətirən şeirlərini mənim tərəfimdən söylənilməsi rəsam tələbələrin çox xoşuna gəldi. Görüş başa çatandan sonra gənc rəssamlar Nuray Ağazadə, Əsma Cavadzadə, Şəhla Abbaszadə və digərləri mənə yaxınlaşıb M.İsmayıldan söylədiyim şeirlərə görə təşəkkür etdilər. Söhbət zamanı bildirdilər ki, onların da şeirə böyük maraqları var. Onu da öyrəndim ki, Ə.Əzimzadə adına Rəssamlıq kollecinin 1-ci kurs tələbəsi, 15 yaşlı Şəhla Abbaszadə həm şeirlər yazır, həm də kollecdə yaradılmış ədəbiyyat klubuna rəhbərlik edir. Maraq mənə üstün gəldi və bu balaca qızcığazla yaxından maraqlandım. Şəhla ilə söhbətdən sonra inandım ki, bu balaca qızda doğrudan da böyük bir istedad var. Bu yerdə ustad şairimiz Nəriman Həsənzadəni bir bənd olan şeri yadıma düşdü:

 "Yan alır mənim də gəmim sahilə,

Sular lal dayansa, o gələ bilməz...

Həyatda ən böyük istedad belə,

Bir sığal görməsə, yüksələ bilməz..."

Bəli, belə istedadlara biz böyüklər sahib çıxmalıyıq, qayğı, diqqət göstərməli və dəstək olmalıyıq.

 Şəhla bir neçə şeirini mənə göndərdi. Bu şeirlərlə tanış olduqdan sonra, tam səmimi deyirəm, heyrətə gəldim. İnanmaq istəmədim ki, bu qədər mənalı, fəlsəfi yüklü sözlər 15 yaşlı bir qızın qəlbindən süzülərək, vərəqlərə düzülüb. Düzdür, şeirin qayda-qanunlarına, qafiyəsinə, bölgüsünə, hecasına və digər cəhətlərinə əməl olunmayıb. Amma sözlərin məna yükü məni xeyli düşündürdü və təəccübləndirdi. Ona görə də bu balaca rəssamın şeirlərini saytımızda yayımlanmasına qərar verdik. Məqsədimiz budur ki, daha da həvəsə gəlsin və növbəti şeirlərinin üzərində işləsin. Düzdür,  söhbətlərimizdə şeirin vəznləri və yazılış qaydaları, həmçinin hecanın, bölgünün, qafiyənin, axıcılığın, təşbehin, məcazın nə olduğu barədə Şəhlaya ətraflı izah etdim. Məni çox maraqla dinləyirdi. Özü də bilmədən şeirlərində təşbehdən, məcazdan müəyyən qədər istifadə edib, amma bunlar barədə geniş bilgisi yox idi. Axı bu balaca istedadın hələ 15 yaşı var. Bunula belə, Şəhlanın qəlbində bir istdad yatdığı faktdır. İnanıram ki, biz gələcəkdə püxtələşmiş bir qələmi olan şairəni görə biləcəyik. Elə o günləri görmək ümidi ilə, bu balaca rəssamın ilk qələm təcrübəsi olan şeirlərini, kəm-kəsirləri ilə bir yerdə, cüzi redaktə ilə olsa da, dərc edir və uğurlu yol arzulayırıq!

 Dünya

İnsanlardır bu dünyanın düşmənləri, 

Kimə görə nəyə görə deyirəm mən, 

İnsanlardır arzuların cəlladları,

Gələn-gedən hamı üçün deyirəm mən.

 

İnsanlardır padşahları padşah edən, 

İnsanlardır mollaları vəzir edən, 

Kimə görə, nəyə görə deyirəm mən?

İnsanlardır bu yolları hamar edən, 

İnsanlardır bu dünyanı viran edən.

 

Hamı üçün, hamı üçün deyirəm mən.

Qadınlardır padşahları padşah edən, 

Süleymandır qadınına dəyər verən. 

Süleymanlar dünyasıdır bu gün dünya!

Hürrəmlər səfasıdır bu gün dünya!

 

Qadınlardır bu dünyaya dayaq olan, 

Qadınlardır bu dünyanı agah edən, 

Bəşərlərin dünyasıdır bu gün dünya

Mənim üçün, sənin üçün dönür dünya

 

Aşiq

İnsandır ki, fitrətində var onun, 

Bir könüldən min könülə vurulmaq. 

Ömürdür ki, fitrətində var onun, 

Od-alovtək zahirində qovrulmaq.

 

Səndən ötrü xəzan olum, ey dilbər, 

Yarpaq kimi payızınam, ey dilbər, 

Getmə məndən, kölən olum, ey dilbər!

Söylə, keçim bu sevdadan mən necə?!

 

Məhəbbətin köləsitək yaşarkən, 

Axı niyə əl çəkim bu kölədən?!

İşıq ol ki, yol görünsün mənə də!

Qaranlıqda tanınmırsan məni də!

 

Aşiq ol lş, könül görsün bunu da, 

Məhəbbətsiz məna yoxdur dünyada!

Vallah-billah şam olaram yolunda.

Mən sakitcə var olaram qolunda

Gecələrsə şam işığın olaram,

Sevgindəsə gün işığın olaram!


Zamansız

 

Vaxt olur insaf da dərd olur yaman, 

Vaxt olur qansızdan qan umur insan, 

Zaman var, hər kəsə yar olur insan

Kimlərdən, kimlərə dost olur insan. 

Bizdən də, sizdən də dərd yığır insan, 

Yamanca dəyişib, kin güdür insan.

 Təqdim etdi: Elçin Məmmədli

 

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN