Tanınmış şair İslam Sadıq "Nizami" mənzum dram yazıb... İlk dəfə "Təzadlar"da təqdim edilir:
İSLAM SADIQ
NİZAMİ
(Üç pərdəli, doqquz şəkilli
mənzum dram)
Bakı-Novxanı
2021
NİZAMİ
(Üç pərdəli, doqquz şəkilli
mənzum dram)
İştirak edirlər
Nizami- XII əsrdə yaşamış dahi türk şairi
Afaq- Nizaminin arvadı
Xəqani- XII əsrdə yaşamış dahi türk şairi
Qızıl Arslan- Atabəylər dövlətinin xaqanı
Əhsitan- Şirvanşahlar dövlərinin xaqanı
Toğrul- Nizaminin dostu
Bərdəyi- XII əsrdə Bərdədə yaşamış alim
Qoca Alim- XII əsrdə Bərdədə yaşamış alim
Sinədəftər- XII əsrdə Bərdədə yaşamış el ədəbiyyatı bilicisi
Məhəmməd- Nizaminin oğlu
Vəzir- Qızıl Arslanın vəziri
Yosma- Nizaminin qohumu
Kəmani Gəncənin saray şairi
Şəmsül Üləma- Gəncənin din xadimi
Əmir- Gəncənin əmiri
Uşaq- Yosmanın oğlu
I Çapar- Qızıl Arslanın çaparı
II Çapar- Əhsitanın çaparı
I adam- Qızıl Arslanın Nizamini qarşılamağa göndərdiyi adam
II adam- Qızıl Arslanın Nizamini qarşılamağa göndərdiyi adam
I Ağsaqqal-
II Ağsaqqal-
III Ağsaqqal- Həmdünyan kəndinin ağsaqqaları
I əsgər- Qızıl Arslanın əsgəri
II əsgər- Qızıl Arslanın əsgəri
***
Birinci pərdə
Birinci şəkil
(XII əsr. Qədim Gəncə şəhəri. Nizaminin evi. Ev qırmızı kərpicdən tikilib. Bir mərtəbəlidir. Afaq ağır xəstədir. Yorğan-döçəkdə yatır. O biri otaqda Nizami, dostu Toğrul və balaca Məhəmməd oturublar. Üçü də susub. Nizamini çox fikirlidir. Toğul onun fikrini dağıtmaq istəyir)
Toğrul
Bilirəm, bu saat qarışıb başın,
Ölüm döşəyində yatır yoldaşın.
Ancaq əlindədir hər şey Tanrının,
Umudu az deyil çıxmayan canın.
Nizami
(Fikirli-fikirli)
Düzü, gözləmirdim bunu fələkdən,
Yarı yolda tənha qalacağam mən.
Toğrul
Özünü üzməyə dəyməz bu qədər,
Tutaq sən də verdin canını hədər..
(Susur)
Nizami
Canın yarı gedir, yarı da qalır,
Gör fələk insanı nə günə salır?!
Toğrul
(Bir az üzünü Nizamiyə sarı döndərir)
Başqa şey deyirdim,
Dəyişək sözü,
Xalqın arasında deyirlər, düzü...
(Nizami onun sözünü kəsir)
Nizami
Tərəzidi xalqın gözü, bilirəm,
Heç vaxt yalan olmur sözü, bilirəm.
(Bir an dayanır. Sonra üzünü
Toğrula sarı tutur)
Təzə söz var axı deyəsən sən də?!
De bir-iki kəlmə, qoy bilim mən də.
Toğrul
Biri deyir şair qələmi qoyub,
Biri deyir yəqin yazmaqdan doyub!
Nizami
İndi hər ağızdan bir avaz gəlir.
Toğrul
Deyirlər, şairin səsi az gəlir.
Nizami
(Gözlərini otaqda fırladır)
Xoşdur bu sözləri eşitmək dostdan,
Fikrim var başlayım bir təzə dastan.
Toğrul
Elə bunu bilmək istəyirdim mən.
Nizami
Bu dastan olacaq yalnız sevgidən.
Toğrul
Nə gözəl!
Ürəkədn sevindim, düzü,
Min sözdən ağırdı bir sevgi sözü!
Nizami
(Yenə gözləri otaqda fırlanır)
Doğma türk dilində
Yazım onu gərək,
Oxuyub sevinsin
duyan hər ürək.
Toğrul
Sözlərin yayıldı
Canıma yağ kimi,
Ucaldın gözümdə
Bir daha dağ kimi.
Nizami
Mənim türk dilimə
ağız büzənlər var,
Təzə əsərimi
oxuyub qoy onlar
Mənim qabağımda
utansınlar bir az.
Bilsinlər, türk dili
hər dilə tay olmaz.
Onun sandığında
nə incilər yatır,
Onları nadanlar
niyə ucuz satır?!
Sapa düzəcəyəm
mən onları bir-bir,
Görəcəklər onlar
elə incilərdir,
Hər biri bir böyük
xəzinəyə dəyər!
Toğrul
Duyanlar o zaman
sənə əhsən deyər!
Nizami
Düşməyən nə bilir eşq, məhəbbət nədir?
Sevgi yoxsa əgər, həyat əfsanədir!
Sevgidir ruha can, ürəyə güc verən!
(Nizami bir az dayanır)
Toğrul
Xoşbəxtdir eşqinin meyvəsini dərən.
Nizami
Günəş sevə-sevə qızdırır torpağı,
Sevgidən göyərir hər gülün yarpağı.
Günlərlə oturub baxmışam çəmənə,
Nələr agah olub, kaş biləydin mənə.
Arılar gülləri öpə-öpə gəzir,
Üzlərinə sevgi səpə-səpə gəzir.
Toğrul
Bunu görmək azdı, insan duysun gərək,
Hamıda varmı bəs o duyan ürək!
Nizami
Tanrı nə qoyanda kimin sinəsinə,
Genəşmir ha mənə, ya ona, ya sənə.
Toğrul
Tanrı süd içirsə kimin ilhamına,
O da incə-incə söz qoyur camına.
Nizami
Quşlar da sevişir, onlara bir baxın,
Xınalı dimdiyin, xınalı ayağın
Özü də sevgidən bir soraqdı bizə,
Yola çıxsaq, sevgi bir çıraqdı bizə.
Soyuq daş yaxşıdır sevgisiz ürəkdən,
Sevgi çoxdan ötüb “baxaq”dan, “görək”dən.
Sevginin bir üzü özü kimi sərtdi,
Dəyişməz hökmünü, çünki sevən mərddi.
Sevginin bir üzü ipəkdən yumşaqdı,
Sanki bələkdəki bir körpə uşaqdı.
(Nizami bir az dayanır)
Toğrul
İnci deyirlər,
Gövhər deyirlər,
Bəs bunlar nədir?
Çox qəribədir!
Nizami
Sevgi gah gülüşdü,gah da göz yaçıdı,
Sevgini duymayan nadandı, naşıdı.
Eşqdir qələmimə süd içirən mənim,
Eşqdir günlərimi xoş keçirən mənim.
Günəşsiz dünyadır sevgisiz bir həyat,
Gündüz ye doyunca, axşam da yıxıl yat.
Həyatın mənası bu olmasın gərək,
Yeyər ki, yaşasın yalnız sevən ürək.
Qarın otaranda heç ləyaqət olmaz,
Nə qeyrət, nə şərəf, nə sədaqət olmaz.
Sevgidən insanın içi işıqlanır,
Sevən insan özü günəş kimi yanır.
(Nizami bir az ara verir)
(Davamı var)
Təqdim etdi: A.Məmmədli