Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən “Rənglənmiş tarix" Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı layihəsi çərçivəsində növbəti fotosərgi təşkil olunub. Sərgi Ağdam Rayon İcra Hakimiyyətinin və Ağdam Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Rayon mədəniyyət mərkəzinin foyesində baş tutan sərgidə Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər üzrə baş məsləhətçisi Farid Muradov, Mədəniyyət Mərkəzinin direktoru Zaur Həsənov, Ağdam Dövlət Sosial İqtisadi Kollecinin, musiqi məktəblərinin 100-dən çox müəllim və tələbəsi iştirak edib. Şuşa musiqiçilərinin rəqəmsal üsullar ilə rənglənmiş fotoları sərgi iştirakçıları tərəfindən maraqla izlənilib. Onlar sərgilənən fotolar və musiqiçilər haqqında məlumat lövhələrindən biliklər əldə ediblər. İştirakçılara sərgilənmiş rənglənmiş fotoların rəqəmsal versiyalarına əlçatanlığı təmin etmək üçün QR kodların əks olunduğu bukletlər paylanılıb.
Məlumat üçün qeyd edək ki, xüsusi hədəfi Şuşa musiqiçilərinin tanıdılmasında gənclərin rolunu artırmaqdan ibarət olan layihə çərçivəsində Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin fotoları rəqəmsal üsullar ilə rənglənib.