Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsində Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması üzrə AMEA-nın Redaksiya heyəti və işçi qruplarının növbəti toplantısı keçirilib.
Qurumdan verilən məlumata görə, hibrid formada təşkil edilən və AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın sədrliyi ilə həyata keçirilən toplantıda son aylar ərzində görülmüş müvafiq işlər, elmi və elmi-təşkilati tədbirlərdən danışılıb, III nəşrə salınması planlaşdırılan növlərin siyahıları, onların statuslarının müəyyənləşdirilməsi məsələləri, yeni dövr üçün iş planları geniş müzakirə edilib.
Toplantıda Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, Botanika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Şakir Qasımov, həmin institutun şöbə müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov, Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Elman İskəndər, Zoologiya İnstitutunun direktoru v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Sadıqov, həmin institutun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, “Zoom” proqramı üzərindən onlayn formada AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov və institutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimov, Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, dosent Namiq Mustafayev və başqaları çıxış edərək məsələlərə öz münasibətlərini bildirib, təkliflərini səsləndiriblər.
Akademik İradə Hüseynova yeni nəşrlə bağlı işlərin sürətləndirilməsinin vacibliyinə diqqət çəkib, AMEA rəhbərliyinin bu istiqamətdə göstərdiyi dəstək barədə danışıb, bundan sonra atılacaq addımların əhəmiyyətini vurğulayıb. Natiq AR Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış komissiyanın iclasına hazırlıq getdiyini diqqətə çatdırıb, mövcud planların icrasının intensivləşdirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını verib.
E.ŞİRİNOV