Heç kəsə sirr deyil ki, valideynlər bir çox dövlət məktəbəqədər təhsil müəssisələrində- uşaq bağçalarında uşaqlara verilən yeməyin azkalorili, doyumsuz olmasından şikayətçidirlər.
Xatırladaq ki, 2021-ci ildən Prezidentin vermiş olduğu sərəncama əsasən, dövlət məktəbəqədər təhsil müəssisələri indiki Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Hazırda nazirlik bağçalarda uşaqlara verilən qidaların standartlara cavab verməsi məqsədilə yeni pilot layihəyə (yeməklərin hazır şəkildə bağçalara verilməsi) start verib.
Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bağçalara veriləcək hazır isti yeməklərin mahiyyətini izah edərkən diqqətə çatdırıb ki, əvvəl bağçaya ərzaq verilirdi və oranın xidmət heyəti tərəfindən yemək bişirilib uşaqlara paylanırdısa, indi hansısa bir ketrinq şirkəti qəbul edilən vahid standartlara uyğun, əvvəldən razılaşdırılmış menyu və qramajlarla yeməyi bişirir və bağçalara təqdim edir.
Nazirlik rəsmisi qeyd edib ki, əgər belə olarsa həm şəffaflıq olar, həm də uşaqlar normaya uyğun kalorili yeməklərlə qidalanarlar.
Şöbə müdiri də etiraf edib ki, bağçalara verilən ərzaqların hər gün uşaqlara ayrılan normalar daxilində bişirilib-bişirilmədiyindən əminlik yoxdur.
Həmçinin diqqətə çatdırıb ki, kiçik bağçalarda mətbəx qurulması əlverişli olmaya bilər və məhz onlarda ketrinq şirkətlərin xidmətindən istifadə daha uyğundur.
O, Bakı, Mingəçevir, Gəncə və Bərdədə pilot layihənin icrasına başlanıldığını biıldirib.
Yəqin ki, Elnur Əliyevin barəsində bəhs etdiyi layihə alınarsa, uşaq bağçalarında uşaqların zəif və keyfiyyətsiz qidalanması barədə söz-söhbətə də son verilər, valideynlər də rahatlıqla övladlarını nazirliyin bağçalarına göndərərlər. Əsas odur ki, həmin ketrinq şirkətlər yeməkləri standartlara uyğun hazırlasınlar - yağışdan çıxıb, yağmura düşməyək...
Y.MƏMMƏDLİ