Qastroezofageal reflüks qəbul edilən qidanın və ya mədə turşusunun qida borusuna doğru geri qayıtmasıdır.
TEZADLAR.AZ həkim-qastroentoroloq Ülvi İbrahomovun məsləhətlərini oxuculara təqdim edir:
-Pasiyentlər bu halı qıcqırma kimi ifadə edir. Lakin bu cür geri qayıtma əsasən mədədaxili təzyiqin artması ilə uzanıq vəziyyətdə və yemək yedikdən dərhal sonra qısa müddətlik normal qəbul edilə bilər. Buna baxmayaraq, bu kimi şikayətlər artıq xronik olaraq davam edirsə və bu səbəblə bağlı qida borusunda zədələnmələr meydana gələrsə, buna Qastroezofageal reflüks xəstəliyi deyilir. Qısa deyişlə, bunu QERX də adlandıra bilərik. Qıcqırma şikayəti əhalinin 20%-də görülməkdədir və reflüks xəstəliyi ürək mənşəli olmayan döş qəfəsi ağrılarının ən sıx görülən səbəbidir.
Reflüks necə əmələ gəlir? Qıcqırma nədən olur?
Normalda mədə turşusunun və ödün yemək borusuna geri qayıtmaması üçün orqanizmdə müəyyən müdafiə sistemi mövcuddur. Bunlara aşağıdakıları misal göstərə bilərik:
- Anatomik cəhətdən qida borusu mədəyə düz olaraq deyil, meyilləşərək keçir.
- Qida borusunun aşağı hissəsində qidanın yemək borusundan mədəyə keçməsinə köməklik göstərən, lakin geri qayıtmasına mane olan bir əzələ təbəqəsi vardır ki, bu əzələlər də qida mədəyə keçdikdən sonra yığılır və onun geriyə qayıtmasının qarşısını alırlar.
- Yerin cazibə qüvvəsinin təsiri ilə də qəbul edilən qidalar mədədə qalırlar.
- Yemək borusunun peristaltik hərəkəti də mədəyə doğru istiqamətlənmişdir və buna bağlı olaraq da, az miqdarda belə qida yemək borusuna geri qayıtsa belə, yenidən mədəyə geri göndərilir.
- Ağız suyu (tüpürcək) da həmçinin turşuluğu neytrallaşdıraraq, qida borusunu kimyəvi zədələnmələrdən qoruyur.
Yuxarıda sadalanan faktorlardan bir və ya bir neçəsində pozuntu olarsa və ya hamiləlik, piylənmə, qarın daxili şişlər, qaraciyər sirrozu və assit kimi mədə daxilindəki təzyiqi artıran faktorlar mövcuddursa, həmin insanda qastroezofageal reflüks əmələ gələr.
Qastroezofageal reflüksün əlamətləri hansılardır?
- Ağıza acı suyun gəlməsi;
- Mədə üzərində və ya döş qəfəsinin ortasında sümüyün altında çənəyə və boğaza yayıla bilən ağrı və yanğı hissi;
- Boğazda acılığın, turşabənzər dadın olması;
- Xronik öskürək, yuxarı tənəffüs yolu infeksiyaları;
- Əlamətlərin yemək yedikdən və ya uzanıq vəziyyətə keçdikdən sonra daha da artması;
- Və həmçinin, yuxarı həzm sistemi oqranlarında qanaxma görülübsə, bu zaman
- Qastroezofageal reflüks xəstəliyi mütləq araşdırılmalıdır.
Qastroezofageal reflüks diaqnozu necə qoyulur?
Xəstədə qastroezofageal reflüks xəstəliyi (QERX) şübhələndirəcək əlamətlər varsa, xəstəliyin mövcud olub-olmadığını və toxuma zədələnməsinin səviyyəsini yoxlamaq üçün aşağıdakı sadalanan müayinə üsullarından birinin və ya bir neçəsinin icrası gərəkli ola bilər.
- Barium vasitəsilə ezafoqram. Bu zaman xəstəyə barium içizdirilir və rentgen vasitəsilə qida borusunun vəziyyəti izlənilir. Bu proses udma problemi olan xəstələrdə tətbiq olunması mütləq bir prosedurdur.
- Endoskop vasitəsilə qida borusunun yoxlanılması. Bu üsul yanma şikayətinin səbəbi və toxuma zədələnməsinin səviyyəsi haqqında detallı məlumat verir.
- 24 saatlıq PH-ın (turşuluq səviyyəsinin) monitorinqi. Burundan qida borusuna zond daxil etməklə və ya qida borusuna həb böyüklüyündən monitorun qoyulması ilə günlük ölçümlər aparılır.
Qıcqırma şikayətləri müalicə olunmazsa, nə baş verər?
- Bu xəstəlik döş qəfəsi arxasında rahatsızlıq yaradaraq xəstədə xoş olmayan vəziyyət yaradır;
- Mədə turşuluğu boğaza keçər və yuxarı tənəffüs yolu infeksiyalarına, səs qısılmalarına, öskürəyə səbəb ola bilər.
- Ağızdan pis qoxunun gəlməsinə və dişlərdə çürüməyə səbəb olar.
- Ümumilikdə isə 5 ildən artıq QERX-dən əziyyət çəkən xəstələrin 1%-də xərçəngönü vəziyyət olan Barret ezofaqusuna səbəb olacaq dəyişikliklərə görülə bilər.
- Turşuluqla əlaqədar olaraq, qida borusunun aşağı hissəsindəki zədələnməyə bağlı daralma və udmada çətinliklər yarana bilər.
Qastroezofageal reflüksün müalicəsi necə aparılır? Qıcqırmanın müalicəsi.
Diet və profilaktik tədbirlər
- Yatarkən başın yuxarı olmasını təmin etmək, yəni yüksək yastıqdan istifadə etmək.
- Yatmazdan ən azı 2 saat əvvəl, sudan başqa heç bir yemək və ya içki qəbul etməmək.
- Qarnı sıxacaq kəmər, dar paltar və s. istifadə etməmək.
- Çəki azaltmaq
- Dietaya riayət etmək (acı, turş, istiotlu, qızardılmış, yağlı yeməklərdən uzaq durmaq, şokolad, çay, qəhvə və rəngli içkilərdən uzaq durmaq vacibdir.)
- Siqaret və alkoqolu tərgitmək lazımdır.
Dərmanla müalicə
Müalicədə mədənin hərəkətliliyini artıraraq mədənin tez bir zamanda boşalmasını asanlaşdıran və beləliklə mədədaxili təzyiqin aşağı qalmasını təmin edən dərmanlarla birgə mədə turşuluğunu azaldan dərmanlar istifadə olunur. İlk əvvəl 4 həftəlik bir müalicə planına başlanılır. Sonrasında isə əlamətlər təkrarlanarsa, dərman terapiyası uzadılır. Xəstəliyin səviyyəsinə görə dərmanın istifadə aralığı və dozası müəyyən olunur. Əgər şikayətlər hələ də davam edirsə və ya dərmanı kəsdikdən sonra yenidən başlayırsa, endoskopiya ilə yenidən müayinə aparılmalıdır.
Cərrahi müalicə
Xəstədə qastroezofageal reflüks ilə birgə ona səbəb olacaq mədə yırtığı varsa, qida borusunun aşağı hissələrindəki əzələlərdə gücsüzlük aşkar olunarsa, uzunmüddətli dərman terapiyasına baxmayaraq, şikayətlər azalmazsa və ya dərmanlara qarşı allergiya olarsa, müalicədə cərrahi üsullardan istifadə olunur.
Qastroenteroloq Dr. Ülvi İbrahimov