Bəzən uşaqlarımız oxuyub-yazmaqda çətinlik çəkirlər.
Biz isə uşaqlarımızın yaşıdlarından heç nədə geri qalmamasını istəyirik. Bəzən övladımız kitab və ya hər hansı mətni oxuyanda sözləri səhv tələffüz edir. Düşünürük ki, tənbəllik edirlər, ya da oxumaq istəmirlər. Belə olan halda ağıla bu sual gələ bilər: bəlkə mənim övladım disleksiyadır?
TEZADLAR.AZ xəbər verir ki, Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin mövzu ilə bağlı AzEdu.az-a danışıb:
“Pedaqogikada disleksiya xüsusi öyrənmə çətinliyi kimi tanınır. Latınca “söz” və “pozğunluq” sözlərinin birləşməsindən əmələ gəlib. Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya pis qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və dərmanların düzgün istifadə edilməməsi səbəb ola bilər. Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər. Disleksiya əsasən anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda – hardasa, 4-5 yaşlarında özünü göstərir. Uşaqlarda disleksiya əlamətləri aşağıdaklardır:
Oxuma, eşitmə, danışma, yazmada çətinlik;
Danışmada gecikmə;
Yeni sözləri gec öyrənmə;
Hərəkət və koordinasiya pozuqluğu;
Hərfləri qarışdırmaq;
Riyazi əməllərdə problem (toplama, çıxma, vurma, bölmə);
İstiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (dünən, bu gün, sabah, əvvəl, sonra) anlayışlarında çətinliklər;
Danışarkən sözləri doğru yerdə istifadə etməmək;
Analiz etmə problemi.
Disleksiyanı müəyyən etmək üçün xüsusi psixoloji testlərdən istifadə olunur. Əgər yuxarıda göstərilən əlamətlərin bir neçəsi uşaqda özünü biruzə verirsə, mütləq psixoloqla məsləhətləşilməlidir.”
Psixoloq bu mövzuda müəllimlərin həssas yanaşmalı olduğunu da xüsusi vurğulayıb:
“Disleksiyası olan uşaqlara məktəbdə müəllimlər nəyisə gec qavradığına görə sərt reaksiya verməməli, özgüvənlərini sarsmamalıdır. “Bilmirsən, anlamırsan, gec qavrayırsan” kimi ifadələr işlədilməməlidir. Hazırda bir pasientim var ki, ona düzgün yanaşılmadığı üçün özünəqapanma yaranıb və biz bu problemi aradan qaldırmağa çalışırıq. Çox vaxt müəllimlər valideynlərə deyir ki, uşağınızda problem var, geri qalır və s. Əksinə, disleksiyası olan uşaqların məktəbdə yaxşı oxuya bilmə potensialı yüksək olur, çünki onların zəka cəhətdən heç bir problemi yoxdur. Sadəcə, onlara vaxtında diaqnoz qoyulmalı və düzgün proqramla psixoloq nəzarətində bu problemlər aradan qaldırılmalıdır”.