Azərbaycanda hazırda 30 mindən çox aktiv kovid xəstəsi var.

Yoluxma statistikasında hər gün rəqəmlər sürətlə artdıqca, biz gündəlik rəqəmə daha çox diqqət edib, faktiki xəstə sayına baxmırıq. 30 min aktiv xəstə 7 gün boyunca təcriddə qalır, amma 30 minin qısa müddətdə minlərlə insanı yoluxdurmaq ehtimalı da çoxdur.

Azərbaycanda yoluxma yaxın günlərdə 20-25 minə çata bilərmi? Bu dəfə də ağciyərlərdə total pnevmoniya, buzlu şüşə ağırlaşması görünürmü? Xəstələrdə Omikron necə keçir? Yoluxma nə zaman səngiyəcək.

Mətbuata açıqlama verən tanınmış pulmonoloq Əlizamin Sadiqov ona müraciət edən xəstələrdə lokal ağciyər zədələnməsi, ağır pnevmoniya görmədiyini bildirib: "Omikron daha çox yuxarı tənəffüs yollarını zədələyir və ağciyərlərə nadir halda enir. Virus nə qədər dərinə enirsə, onun yoluxduruculuq qabiliyyəti azalır. Məsələn, əvvəl klassik kovid və ya Delta burundan keçib 2-3 günə artıq aşağı tənəffüs yollarına düşürdü. Burundan 5-6cı gün test verəndə virus tapılmırdı. Amma indi Omikron daha çox burun-boğaz yollarını tutur və orda da çox qalır. Bu da onun yoluxduruculuq qabiliyyətini artırır. Yoluxmanın bu qədər artmasının digər səbəbi də çox insanların simptomsuz keçirməsidir. İnsanlar bilmir xəstədir, evdən çıxır, işə, dərsə gedir. 1-2 gün sonra bir azca burnu tutulur. Beləcə virus yayılır.

Mən Omikron yayılandan müraciət edən xəstələrdə çox nadir halda ağciyər zədələnməsi gördüm. Əvvəlki qədər 40-60% ağciyər tutulması, buzlu şüşə rast gəlmirəm. Keçmiş dalğalardakı qədər xəstə də yoxdur. İnsanlar evdə qalır, özünü yaxşı hiss etdiyi üçün pulmonoloqlara getmir, sadəcə qrip kimi keçirir. Xəstələr o qədər narahat deyil. Bu əlbəttə ki,bir həkim kimi bizi sevindirir. Bu ondan irəli gəlir ki, əhalinin çoxunun immun sistemi bu virusla tanışdır, bədən özü müqavimət aparır.

Bundan sonra Omikron, BA.2 Mikron nə gəlirsə gəlsin, orqanizm buna hazırdır.

Ya da vaksinin effektidir, görün nə qədər insan vaksin olunub. Xüsusən Pfizeri tövsiyə edirəm, buster doza, ikinci doza vurdurun. Yoluxma lap sabah 80 min olsun, onun acı halları olmayacaq.

ÜST dünən anons verdi ki, ölüm halları bəzi ölkələrdə bir qədər artıb. Bunun da səbəbi ölkələrdə vaksinasiyanın zəif olmasıdır. İstər Rusiya, istər Afrika dövlətləri. Bu da xəstələrin ağırlaşmasına səbəb olur. Vaksinasiyanın əhatəliyi bizdə çox yaxşıdır. Ona görə yenə deyirəm, yoluxma nə qədər sürətlə yayılsa da, qorxusu yoxdur. Karantin 2 dəfə azaldılıb. O aktiv xəstə sayı da 1 həftəyə azalacaq.Türkiyədə yoluxma 100 mini keçib, nə baş verdi? Heç bir həyəcan yoxdur. İnsanlar normal həyatını yaşayır.

Bu gün biz Omikronu sanki soyuqdəymə xəstəliyi kimi qarşılayırıq, qəbul edirik. Necə ki, 1918-ci ildə qrip epidemiyası 100 milyon insanı məhv etdi, indi isə qripi adi soyuqdəymə kimi qəbul edirik, eynilə Covid 19 adi respirator infeksiya formasına keçib".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN