İsraildə koronavirusa yoluxma sayında artım
müşahidə edilməkdədir.
Minfin-in bu günə olan statistik məlumatına görə, 9 milyon 326 min əhalisi olan ölkədə bu virusa yoluxanların ümumi sayı 857 min 977 nəfərdir. Bu da ölkə əhalisinin 9,2 %- i deməkdir. Bu virusa yoluxanların 6457 nəfəri isə xəstəlikdən dünyasını dəyişib, yəni 0,8%-i. İyulun 24-də ölkə əhalisinin daha 1 150 nəfəri yeni növ koronavirusa yoluxub. Hazırda aktiv xəstə sayı 10 min 166 (1.2%) nəfərə yüksəlib. Onların 81 nəfərinin isə vəziyyəti daha ağırdır.
Xatırladaq ki, İsrail 2020-ci ilin dekabrından ölkə ərazisində vaksinasiya prosesinə start verib. Qısa zaman kəsiyində əhali Pfizer/BionTech və Moderna vaksinləri ilə təmin edilib. Məlumata görə, bu məqsədlə xaricdən 24 milyon doz vaksin alınıb. İsrail hələ 11 fevral 2021-ci il tarixində əhalinin peyvənd olunması lazım olan qisminin 100% -nin peyvənd olunduğu barədə məlumat vermişdi. 22 iyul 2021-ci il tarixə olan məlumata görə, ümumi peyvənd olunanların sayı 5 755 067 nəfər (61,71 %), tam peyvənd olunanların sayı isə 5 283 198 nəfərdir (56,65 %). Ümumilikdə isə cəmi 11 038 265 vaksin istifadə olunub.
Ölkə üzrə koronavirusa dair statistik göstəriciləri araşdırdıqda məlum olur ki, 2021-ci ilin yanvarında aktiv xəstə sayının 86045 nəfərədək yüksəlişinin qeydə alındığı günlər olsa da, iyun ayında bu rəqəm 186 nəfərədək azalmışdı. Və xaricdən gətirilən vaksinin ümumi sayına və istifadə edilən doz sayına diqqət yetirdikdə isə, hələ də ölkədə kifayət qədər vaksin ehtiyatının olduğu bəlli olur.
Qəribəsi budur ki, yuxarıda qeyd etdiyimiz kimi, əhalisinin böyük bir qismi – 61,71 %-i (hələ nəzərə alsaq ki əhalinin 857 min 977 nəfəri - 9,2%-i bu virusa yoluxub) peyvənd olunan ölkədə koronavirusa yoluxma sayı yenidən artmağa başlayıb. Və bu artım sayının qarşıdakı günlərdə mümkün tədbirlərlə qarşısı alınmazsa, yüksələn xətt üzrə artacağı qaçılmazdır.
Dünya əhalisinə isə COVİD -19-un Delta ştammının daha çox yoluxucu olduğu və sürətlə yayıldığı barədə durmadan xəbərdarlıqlar edilir.
Yeri gəlmişkən, İsrail iyul ayının 30-dan etibarən vətəndaşlarına xüsusi istisnalar xaricində Gürcüstana edəcəkləri səfərləri qadağan edib. Səbəb isə Gürcüstanda COVİD -19-a yoluxma sayının kəskin artması olub. Və bu səbəbdən İsrail Gürcüstanı "qırmızı" ölkələr siyahısına daxil edib.
YASƏMƏN MƏMMƏDLİ
P.S. Mütəxəssislər əvvəllər əhalinin 60- 70 faizinin, yoluxuculuğu daha yüksək olan Britaniya ştammına görə isə əhalinin 80 faizini immunlaşdırdıqdan və onlarda immuncavab formalaşdırdıqdan sonra effekt görməyin mümkünlüyünü qeyd edirlər... Ştammların sayı isə, deyəsən bitib tükənməyəcək...