Son illər dünyanı cənginə alan koronavirus insanların bütün yaşam tərzini dəyişib, yəni artıq hər kəs öz istəyi ilə deyil, koronavirusun "diqtəsi" ilə həyatını sürdürür: maska taxır, peyvənd vurdurur, toy və yas məclislərini daha dar çərçivədə qeyd edir və sair və ilaxır: bütün günü əlləri yumaq, dezinfeksiyalamaq – spirtləmək də öz yerində...
Bu arada, peyvənd olunmayanlara ticarət mərkəzlərinə, teatr və kino salonlarına, kütləvi tədbirlərə getmək də yasaqlanıb. Ona görə də mütləq peyvənd vurdurmaq lazımdır, yoxsa həyatınız daha rəngsiz və yeknəsəq olar!..
İndi də koronavirusun yeni "balası" bəla olub düşüb dünyanın canına. Bu yeni "bala"dan – "omicron"dan bizdə də 12 nəfərdə var idi...
Səhiyyə Nazirliyinin məlumatına görə, çox şükür, yoluxanlar xətasız-bəlasız canlarını qurtara biliblər və hələ ki, ölkəmizdə konkret olaraq daha neçə nəfərdə aşkarlandığı barədə məlumat verilmir...
İndi bir çox mütəxəssislər "omicron"un yeni ştamm olduğu üçün elmi ictimaiyyətin o qədər də geniş bilgilərə malik olmadığını, buna müəyyən zaman lazım olduğunu vurğulasalar da, məlum olan odur ki, yeni ştamm daha tez yayılan, daha tez sağalması mümkün olan və daha az ölümcüldür.
Rusiyanın məşhur infeksionisti, həm də immunoloqu bu barədə daha nikbin açıqlama verib.
İmmunoloqun sözlərinə görə, "omicron"un yayılmasının üstünlüyü ondan ibarətdir ki, o, "delta"nı sıxışdıracaq.
Tibb elmləri doktoru, immunoloq, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov ria novosti-yə bildirib ki, koronovirusun "omicron" ştammının yayılmasının üstünlüyü ondan ibarətdir ki, o, əvvəlkiləri, o cümlədən yüksək ölümcüllüyü ilə seçilən "delta"nı tez bir zamanda əvəz edəcək.
"Omicron"un çox tez bir zamanda əvvəlki ştammları əvəz edəcəyini vurğulayan Jemçuqov xəstələrdə diaqnozun erkən differensiallaşdırılmasına diqqət yetirməyin lazım olduğunu da qeyd edıb.
Onun sözlərinə görə, ilk iki gündə xəstədə qrip, "delta" və ya koronavirusun "omicron" ştammının olub-olmadığını müəyyən etmək vacibdir.
"Bu, həkimlərə daha yüngül "omicron"a yoluxmuş gənc xəstələri ambulator şəkildə müalicə etməyə və səhiyyə sistemini yükləməməyə imkan verəcək", - deyə immunoloq bildirib.
Məşhur mütəxəssisin sözlərindən belə məlum olur ki, koronavirusun "omicron" ştammının gəlişinə sevinmək lazımdır, çünki o, əvvəlki ştammların yanında "toya getməlidir" məsəlindəki kimidir… Yəni, bu "omicron" daha çox yayılıb dominantlıq etdikcə, "bazarı ələ keçirəcək"… Və bununla da əvvəlki ştammları "bazardan", yəni sıradan çıxaracaq. Beləliklə, koronavirusun əvvəlki "balalarının" - ştammlarının ömrünə birdəfəlik son qoyulacaq...
YASƏMƏN MƏMMƏDLİ