Bəs Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir?
Rusiya MDB ölkələrindən daha çox kartof almaq niyyətindədir. Görülən tədbir uzaq Pakistan və Misirdən daha ucuz qiymətə məhsul almağa və yaza qədər mümkün qədər kartofa olan ehtiyacın öhdəsindən gəlməyə imkan verəcək. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin hökumətə təqdim etdiyi hesabatında bildirilib. Məktubda deyilir ki, hava şəraitinin pis olması ilə əlaqədar yerli məhsulun yığılması prosesi ləng gedir, həm də ümumi miqdarı aşağıdır. Həmçinin fermerlər bu il kartofun keyfiyyətinin də yüksək olmadığını, məhsulun həddindən artıq nəm olduğu üçün daha az müddət saxlanıla biləcəyini bildiriblər. Məhsul yığımında yaranan çətinliklərlə əlaqədar olaraq, kartofun topdansatış qiymətləri də artıq ötən il 71,4 faiz bahalaşıb. Sənədlərdə kartof yığımı kampaniyasının aktiv fazada olduğu, lakin fermerlərin qiymətlərinin ənənəvi azalma əvəzinə, artdığı göstərilir. Oktyabrın sonunda kartofun qiyməti 23 rubla (kq-ı) (təxminən 50 qəp.) çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71,4% çoxdur. Bu tendensiya digər məhsullar üçün də xarakterikdir: yerkökü (qiymət artımı 44%) və kələm (+ 70%).
Məktubda izah olunur ki, kartofun qiymətinin bahalaşması əsasən əlverişsiz hava şəraiti səbəbindən məhsul yığımında yaranan çətinliklərlə bağlıdır. Buna görə də Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Sənaye və Ticarət Nazirliyindəki həmkarları ilə birlikdə MDB-dən olan təchizatçılarla əlaqələrin qurulması üzərində işləyirlər. Ticarət şəbəkələri də bu prosesə daxildir. Məktubda deyilir ki, bu məhsul MDB-dən kənar ölkələrdən idxal olunan məhsulları əvəz edəcək və qiymət vəziyyəti daha stabil olacaq. Kənd Təsərrüfatı Nazirliyi hökumətə onu da bildirib ki, tabe qurumlarla birlikdə vətəndaşların şəxsi yardımçı təsərrüfatlarında, yəni bostanlarda yetişdirilən tərəvəz və kartofun yığılması istiqamətində də iş aparılır. Rusiya vətəndaşlarının ehtiyaclarını ödəmək üçün bu məhsulların da satışı planlaşdırılır.
Qeyd edək ki, məsələ ilə bağlı Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “İzvestiya”ya bildiriblər ki, prezidentin tapşırığı ilə tərəvəzlərin uzaq xaricdən deyil, MDB ölkələrindən alınması layihəsi hazırlanır. Bu, mövsümlərarası (qış-yaz) daxili bazarda qiymətləri aşağı salacaq.
Nazirlikdən bildirilib ki, bu il kartof üçün ən əlverişsiz iqlim şəraiti olub, lakin buna baxmayaraq, artıq 6,6 milyon ton kartof qazılıb çıxarılıb ki, bu da ötən ilin səviyyəsinə uyğundur və məhsul yığımı davam edir. Alınan məhsul isə ölkənin daxili tələbatını ödəyəcək. Həmçinin Sənaye və Ticarət Nazirliyinin də yerli istehsal olan məhsul ehtiyatlarının azaldılması dövründə, Rusiya Federasiyasına tərəvəz tədarükü üçün MDB-nin tədarükçüləri və istehsalçıları ilə pərakəndə satış şəbəkələri arasında əməkdaşlığın genişləndirilməsi məsələsini öyrənildiyi bildirilib. Rusiya Meyvə-Tərəvəz Birliyinin direktoru Mixail Qluşkov da qəzetə bildirib ki, bu il müşahidə olunan əlverişsiz hava şəraiti məhsulun keyfiyyətinə və yığım prosesinə mənfi təsir göstərib, yağışlar səbəbindən traktorlar tarlaya çıxa bilməyib və proses ləng gedib. O, məhsulların keyfiyyətinin aşağı olduğunu da vurğulayıb: «Kartof daha kiçikdir, üstəlik onlarda həddən artıq nəmlik var. Bu isə o deməkdir ki, məhsul daha az saxlanılacaq, ehtiyat daha tez tükənəcək… Payız-qış ayları üçün yığılan məhsul bizə bəs edəcək, amma sual yaranır ki, biz nə vaxtdan baha qiymətə başqa ölkələrdən məhsul gətirməli olacağıq?”, - deyə ekspert bildirib.
Ekspert Rusiya Kənd Təsərrüfatı Nazirliyinin indidən MDB ölkələri ilə (məsələn, Özbəkistan və Tacikistanla) əlaqə yaratmalı olduğunu, tez bir zamanda onlardan tərəvəz anbarları üçün kartofu cari qiymətdən aşağı qiymətə (topdansatışla kiloqramı 20-30 rubla) almağı məsləhət görür. Qluşkovun sözlərinə görə, əgər alışlar gələn ilin yazında baş tutsa, o zaman MDB-dən olan idxalçılar da uzaq xaricdən gələn istehsalçılar kimi yüksək qiymətlər təklif edəcəklər: Məsələn, bu il Azərbaycan yazda kartofu kiloqramı 80 rubl-a təklif edib…
Bəs Azərbaycanda bu ilki kartof tədarükü barədə nə düşünürlər?
«Fruitnews» agentliyinin rəhbəri İrina Koziy də “İzvestiya”ya bildirib ki, Rusiya Belarus və Azərbaycandan kartof ala bilər. Onun sözlərinə görə, birinci ölkədə (Belarus nəzərdə tutulur) məhsul yığımı Rusiya Federasiyası ilə iqlim şəraitinə görə üst-üstə düşür, məhsulların da qiymətləri eyni səviyyədədir. Mütəxəssis qeyd edib ki, cənub bölgəsindən məhsulu mövsümlərarası fasilədə almaq olar. O, Rusiyada kartofun daxili istehlakının ənənəvi olaraq ildə 7,5 milyon ton təşkil etdiyini, bunun da 6,7-7,2 milyon tonunun yerli fermerlərin payına düşdüyünü, məhsulun həcmindən və keyfiyyətindən asılı olaraq Rusiyanın adətən 300-800 min ton kartof idxal etməli olduğunu vurğulayıb.
“Rusiya Federasiyasına idxal olunan kartofun ilk tədarükü aprel-may aylarında başlayır, lazım gələrsə, tədarükü daha tez başlaya bilər”.
İrina Koziy xatırladıb ki, söhbət Pakistan, Misir, Hindistan və Azərbaycan məhsullarından gedir. O, qeyd edib ki, bu vaxta qədər Rusiyanın tərəvəz anbarlarında kartof ehtiyatı tükənir. Ekspertin fikrincə, Belarus çətin ki, o zaman kömək edə bilsin.
“Utkonos Online” da bildirib ki, bu il kartof məhsulu uğurlu alınmayıb, ona görə də şirkət Belarusu MDB ölkələri arasında idxal ölkəsi kimi nəzərdən keçirir.
***
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin sənədlərində 2021-ci ilin sentyabr ayının nəticələrinə görə, Rusiyada ərzaq inflyasiyasının səviyyəsi ötən ilin sentyabr ayı ilə müqayisədə 9,2% təşkil edib. Ümumiyyətlə, dünyada vəziyyət daha acınacaqlıdır: Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, sentyabrda ərzaq məhsullarının qiyməti ötən ilin səviyyəsini 32,8% ötüb. Və Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, ölkədə illik inflyasiya 8,1%-ə qədər artıb.
***
Xatırladaq ki, bu ilin əvvəlindən sentyabrın 12-nə qədər Rusiya digər MDB ölkələrindən 214,8 ton kartof idxal edib. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Hazıırda Rusiyaya kartof ixrac edən əsas ölkələr 98,3 min tonla Belarus (illik müqayisədə 10,7 dəfə), 84,7 min tonla Azərbaycan (1,2 dəfə çox) və 28,9 min tonla Ermənistandır (71,1 dəfə).
Azərbaycan bazarında bahalaşan kartof və…
Xatırladaq ki, Azərbaycanda hələki bazarlarda kartof qıtlığına rast gəlinməsə də, bahalaşma var. Kartofun qiyməti 80 qəpik - 1 manat 20 qəpik civarında dəyişir. Statistik məlumatlara görə, bu ilin 9 ayı ərzində ölkədə 985 min ton yerli kartof istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Bu günlərdə iqtisadçı ekspert Natiq Cəfərli KİV-ə açıqlamasında bildirib ki, ölkədə kartofla bağlı idxaldan asılılıq var. “Bu yaxınlarda ötən 9 ayın statistik məlumatları yayıldı və orada da göründü ki, ölkəmizə 4500 tona yaxın kartof idxal olunub. Orta idxal qiyməti isə 22-23 qəpik olub. Gömrük Komitəsinin məlumatlarında olan qiymətlər o qədər də baha deyil, amma xaricdən asılılıq var”.
Ekspertin sözlərinə görə, qarşıdan gələn aylarda yerli məhsulun bazarda daha çox azalması müşahidə olunacaq və xaricdən gələn məhsulların həcmi artdıqca qiymət artımı da baş verə biləcək. “Bununla yanaşı Azərbaycanın kartof idxalında əsas təchizatçı ölkələrində də müəyyən dərəcədə qıtlıq müşahidə olunur. Həm də bizim kartof idxal etdiyimiz ölkələr üçün Azərbaycan bazarından daha sərfəli bazarlar da var. Bəzi ölkələr Azərbaycana ixrac etməkdənsə, daha çox Rusiyaya ixrac etməyi düşünürlər. Bu da Azərbaycanda qiymətlərə mənfi təsir göstərən amillərdən birinə çevrilir”.
Qeyd edək ki, akademik Navasinin “2-ci çörək” adlandırdığı bu dəyərli qida məhsulunu respublikamızın bir çox bölgələrində, əsasən də Tovuz-Gədəbəy-Şəmkir, Cəlilabad- Astara-Lerik və Quba-Qusar rayonlarında daha çox becərildiyi və yüksək məhsul verdiyi məlumdur: hər bölgənin kartofunun da öz dadı. Əlbəttə, Azərbaycanda çoxları “Telman” sortu olan kartofu arzulaya bilər. Və əhali arasında daha çox Gədəbəy kartofuna üstünlük verilir, lakin bu həm hamının cibinə görə deyil, həm də ilboyu əlçatan olmaması ilə də bağlıdır. Həmçinin reallığı nəzərə alsaq, Gədəbəydə istehsal olunan kartofun ümumi həcmi də Azərbaycan əhalisinin kartofa olan təlabatını ödəyə bilməz. Yəqin ki, Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda yetişdirilməsi mümkün olan və əhalinin daha çox istehlak etdiyi bu məhsulun xarici bazardan asılılığını aradan qaldırmaq yolları barədə düşünənlər var...
***
Bu gün fermerlərə bu məhsulun becərilməsi üçün lazım olan dəstək verilsə, kartof saxlanılması üçün soyuducu anbar infrastrukturu genişləndirilsə, onların topladıqları məhsulun soyuducu anbarlarda saxlanılmasına (daha ucuz qiymətə) yardım edilsə (fermerlərin məhsulu qışa saxlaması üçün şəraiti olar), Azərbaycan həm öz əhalisini doyuzdurar, həm də ixracatçıya çevrilə bilər. Hansı ki, bu gün Azərbaycan kartofunu xarici ölkələrdən də almaq niyyətində olanlar var.
Y.MƏMMƏDLİ
P.S. Qeyd edək ki, neçə il öncə Azərbaycanda soğan ilə bağlı qıtlıq yaşandıqda, bir çox fermerlər bu sahəyə maraq göstərdi və bol məhsul əldə etdilər. Lakin təəssüf ki, o zaman Kənd Təsərrüfatı Nazirliyi fermerlərin min bir əziyyət və xeyli maliyyə vəsaiti hesabına əldə etdikləri bu məhsulun tədarükünə, satışına dəstək göstərmədi. Və nəticədə, yığılan məhsul kisələrlə sahələrin yanında, yol kənarlarında tökülüb qaldı. Fermerlər nəinki xeyir götürdü, əksinə borca düşdülər...
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst. 6.3.12.).