Osman Gündüz Milli Məclisi və bəzi qurumları laqeydlikdə qınayıb
BMT-nin “Elektron iştirakçılıq”la bağlı Azərbaycana SIFIR bal verməsi ədalətlidirmi?
Milli Məclisin komitə və komissiyaları az qala hər gün açıqlama verirlər ki, hansısa bir qanun layihəsi müzakirə edilib və plenar iclasa tövsiyyə edilib.
Bunu Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib.
O, MM-i həmin qanun layihəsini ictimai müzakirəyə çıxarmamaqda qınayıb:
“Maraqlıdır ki, bu qanun layihələrinin bəzilərini tapmaq ciddi müşkülə çevrilir. Mövcud normalar tələb edir ki, bu tip layihələr dərhal ictimai müzakirəyə çıxarılmalı və müzakirə üçün də imkanlar yaradılmalıdır. Amma aidiyyatı dövlət qurumu və Milli Məclis bu məsələlərə laqeyd yanaşır. Milli Məclisin saytında “Qanun layihələri ” bölməsi və ictimai müzakirə imkanı yaradılsa da, diqqət yetirdikdə görmək olar ki, cəmi bir neçə qanun layihəsi müzakirə üçün yerləşdirilib. Müzakirəsi gedən, müzakirəyə təqdim edilən bir çox layihələr isə yoxdur”, -deyə bildirib.
Ekspertin sözlərinə görə, həmin bölməyə diqqət etdikdə görmək olar ki, yetərincə ictimai əhəmiyyət kəsb edən aşağıdakı qanun layihələri, necə deyərlər “gizlidir”:
1. “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
- Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) Məcəlləyə 42 maddə, 112 bənd üzrə bir neçə istiqamətdə dəyişikliklər təklif olunur;
- “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
- “Elektron imza və elektron sənəd haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş);
- “Ali təhsil haqqında” qanun layihəsi və digərləri”, -deyə açıqlayıb.
Osman Gündüz diqqətə çatdırıb ki, məhz bu tip problemlərə görə BMT cari ilin “Elektron hökumətin inkişafı” ilə bağlı Hesabatında vətəndaşların dövlət idarəetməsində, qanun və qərarların qəbul edilməsində iştirakı imkanlarını nəzərdə tutan “Elektron iştirakçılıqla” bağlı hissədə Azərbaycana SIFIR bal vermişdi.
“Hansı ki, bu Hesabata görə, Azərbaycan xeyli geriləyib. Xatırladıram ki, Prezident də bütün çıxışalarnda ictimai nəzarət imkanlarının genişləndirilməsinə diqqət yönəldir. Amma göründüyü kimi, hələlik elə bir dəyişiklik yoxdur.
Məsul şəxslər ictimai iştirakçılıq üçün, qanun və qərarların qəbulunda iştirak üçün imkanlar yaratmaqda maraqlı deyillər”, - Osman Gündüz vurğulayır.
Y.MƏMMƏDLİ