NİİM əməkdaşları tıxacdan çıxış üçün alternativlər təklif edən mobil tətbiqlər əvəzinə, "Ginnes rekordlarını" təqdim edir…
***
Cari ilin əvvəli Prezident İlham Əliyevin fərmanı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı Nəqliyyat Agentliyindən (BNA) alınaraq DİN-ə verilib.
Ötən müddət ərzində nələr dəyişilib?
Baxıram ki, qurum əsasən sosial media hesabları vasitəsilə yollardakı vəziyyəti əks etdirən şəkillər paylaşır və bir də radiodan istifadə edir.Vəssalam. Hansısa rəqəmsal həllər hələlik ortada yoxdur.
Bunu Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib.
O, qeyd edib ki, NİİM əməkdaşları bu gün də Ginnesin rekordlar kitabından nəsə paylaşıblar:
“Çox təəccübləndim. Ölkənin ən böyük Baş İKT İdarəsi, ən böyük datalar DİN-nin əlindədir. Yollardakı vəziyyətlə, svetaforlarla, trafiklə, kameralarla təminatla bağlı bu qurumda olan resurslar və data heç kimdə yoxdur.
Belə olan halda , hansısa bir rəqəmsal həllər, trafiklər-tıxaclarla bağlı məlumatlandıran və kömək edən, tıxacdan çıxış üçün alternativlər təklif edən mobil tətbiqlər əvəzinə "Ginnes rekordlarını" təqdim etmək nə dərəcədə doğrudur?
Düşünürəm ki, yetərincə resurslara və peşəkar kardlara, bu sahədə təcrübəyə malik olan DİN üçün bu tip yanaşmalar və "yola vermək" tipli addımlar doğru bir şey deyil”, -deyə bildirib.
Osman Gündüz keçmiş nəqliyyat naziri Ziya Məmmədovdan miras qalmış layihənin o qədər də modern olmaya biləcəyinə də diqqət çəkib:
“Əlbəttə, etiraf etmək lazımdır ki, keçmiş nazir Ziya Məmmədovun "yadigarı" olan, iflas olmuş 130 milyonluq layihədən DİN-ə miras qalan infrastruktur elə də işlək vəziyyətdə, modern vəziyyətdə olmaya bilər” , - ekspert bildirib.
Osman Gündüzün fikrincə, DİN öz resurslarını da cəlb etməklə, "ağıllı svetaforlardan", yollardakı detektorlardan, DYP informasiyalarından əldə olunan data ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəqəmsal həllərini hazırlaya bilərdi.
O, vurğulayıb ki, indiyədək gərək bu tip resurslar heç olmasa, beta versiyada təqdim olunaydı.
“Bəlkə də NİİM-i DİN-in İKT İdarəsinə deyil, Yol Polisinə birləşdirilməsi özünü doğrultmayıb. Biz əvvəllər bunun effektiv və səmərəli olmayacağını bildirmişdik.
Məlumatlar yetərli olmadığından indiki halda bu haqda konkret nəsə demək mümkün deyil.
İstənilən halda, NİİM qarşısına qoyulan vəzifələrin reallaşması istiqamətində DİN-dən gözləntilər çoxdur.
Ümid edirəm DİN rəhbərliyi nəzərə alacaq”, - deyə qeyd edib.
***
Xatırladaq ki, 2007-ci ildə NİİM haqqında Prezident İlham Əliyevin fərmanı verilib. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının “SK C&C” şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da Prezident İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2011-ci il dekabrın 29-da isə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur.
2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayan Mərkəz Nəqliyyat Nazirliyi tabeliyinə verilib.
Mərkəzin yaradılmasında əsas məqsəd Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsindən, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsindən və hərəkət marşrutlarının optimallaşdırılmasından ibarətdir.
2015-ci ildə Prezidentin fərmanı ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb və NİİM MMC olaraq onun tabeliyinə verilib.
2016-cı ildə Azərbaycan Prezidenti fərmanı ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında müstəqil “Bakı Nəqliyyat Agentliyi” yaradilib. 2016-cı ildə NK qərarı ilə NİİM BNA “strukturuna daxil olmayan tabeliyindəki qurum” olaraq təsdiqlənib.
2018-ci ilin əvvəli Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezident yenidən fərman verib. Bundan sonra, 2018-ci ildə NK özünün 2016-cı ildəki “strukturuna daxil olmayan tabeliyindəki qurum” qərarını ləğv edib.
2022-ci il fevral ayının 7-nə qədər İntellektual nəqliyyat sistemi Bakı Nəqliyyat Agentliyinin tabeliyində fəaliyyət göstərib.Fevralın 7-də Prezident İlham Əliyevin imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanınla Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.
Y.MƏMMƏDLİ