“Dövlətə məxsus dataların saxlanılması və emalı sektorunda tam əksi baş verir, nəinki xərclər optimallaşır, əksinə daha da artır.”
Araşdırmalar göstərir ki, bizim bəzi dövlət qurumlarında qəribə tendensiyalar yaranıb.
Bu tendensiya həm də daha çox özəl sektordan dövlət qurumuna transfer olan bəzi İT mütəxəssislərimizlə bağlı olur.
Bunu Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, həmin mütəxəssislər qurum rəhbərini inandırmağa çalışır ki, qurumun datalarını saxlamaq və emal etmək üçün iki data mərkəzi olmalıdır - biri dövlət qurumunun özündə, digəri isə Hökumət Buludunda.
Ekspert bunun yanlış olduğunu bildirib:
“… Bu yanaşma ilə yekunda bir dövlət qurumunun az qala 4 data mərkəzi yaranmış olur :
- dövlət qurumunun özündə olan əsas və ehtiyat data mərkəzləri;
- dövlət qurumunun AzİnTelecomda, G-cloudun əsas (Bakı ş) və ehtiyat (Yevlax ş) mərkəzlərində yerləşən data mərkəzlər.
Prezidentin fərmanlarında isə bu məsələlərə optimallaşma və səmərəlilik baxımından yanaşma tətbiq olunaraq ölkə üzrə vahid bir Hökumət Buludu infrastrukturu , G-Cloud yaradılması nəzərdə tutulurdu.
Görünən isə odur ki, hələlik dövlətə məxsus dataların saxlanılması və emalı sektorunda tam əksi baş verir, nəinki xərclər optimallaşır, əksinə daha da artır.
İkinci tendensiya ondan ibarətdir ki, dövlət qurumlarına transfer olan bəzi "aytişniklərimiz" İKT-nin spesifikliyini nəzərə alaraq, bu sahə üzrə satınalmaların birbaşa reallaşdırılmasının vacibliyinə qurum rəhbərini inandıra bilirlər”, -deyə qeyd edib.
Osman Gündüz vurğulayıb ki, əgər dövlət qurumunda, digər sahələrdə tenderlər keçirilirsə, qəribədir ki, bir çoxlarında İKT sahəsində alqı-satqı prosesləri tendersiz reallaşır.
Onun sözlərinə görə, baş verənlər Antiinhisar Dövlət Xidmətinin gücsüzlüyündən baş verir.
“Təbii ki, bu həm də Antiinhisar Dövlət Xidmətinin hələlik öz gücünü və prinsipiallığını yetətincə göstərə bilməməsi ilə bağlıdır.
Eyni zaman İKT layihələrə rəy verən ASAN da bu proseslərdə yetərincə fəal deyil.
Antiinhisar Dövlət Xidmətimiz hələ də təbii və süni inhisarçıların, dövlət satınalmalarını reallaşdıranların çəkindiyi və ehtiyat etdiyi, "dişli" bir tənzimləyici quruma çevrilə bilməyib”,- deyib.
Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, açıq məkan istisna olmaqla reklam fəaliyyəti, standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən qurumdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- antiinhisar nəzarəti
- təbii inhisarlar və dövlət inhisarı
- haqsız rəqabət
- reklam fəaliyyəti
- istehlak bazarına nəzarət
- istehlakçı hüquqlarının müdafiəsi
- dövlət satınalmaları
- keyfiyyət infrastrukturu.
JASMİN