“Konsepsiya ortada yoxdur, amma konkret layihələrdən danışılır”.
Bu fikri Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib.
Ekspert qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: “ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
“Açıqlanan məlumatda bildirilir ki, konfransda “ağıllı kənd” və “ağıllı şəhər”in yaradılması istiqamətində ölkəmizdə icra olunan layihələrdən danışıblar .
“Ağıllı kənd” və “ağıllı şəhər”konsepsiyasının artıq təcrübədə həyata keçirilməkdə olduğunu bildiriblər. Düzü, anlamadım nə demək istəyiblər”, -deyə Osman gündüz təəccübləndiyini bildirib.
O, vurğulayıb ki, ilyarım bundan öncə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması haqqında Prezidentin Sərəncamı olub, xüsusi İşçi Qrupu yaradılıb.
“Nazir Rəşad Nəbiyev İşçi Qrupunun sədridir. RİNN rəsmilərinin açıqlamalarında adı çəkilən sənədin layihəsinin xeyli müddət bundan öncə hazır olduğu və Prezidentə təqdim edildiyi bildirilmişdi. Maraqlı məqam odur ki, indiyədək bu Konsepsiya təsdiqlənməyib”, deyə bildirib.
Onun sözlərinə görə, Prezidentin Sərəncamı indiyədək icra olunmayıb və aidiyyatı qurumlar bunun açıqlamasını da verməyiblər.
“Yəni Prezidentin sərəncamı icra edilməyib. Konseptual baxışların olmadığı bir mühitdə hansı konkret layihələrin tətbiq edilməsi də düşündürücüdür.
Yeri gəlmişkən, aidiyyatı qurumlar Zəngilanın Ağalı kəndində konkret hansı ağıllı həllərin tətbiq edilməsi haqqında da hələlik bir açıqlama verməyiblər”- o deyib.
Osman Gündüz vurğulayıb ki, “ağıllı həllər”lə bağlı ictimai baxış keçirilmədiyindən bir çox qurumlar bu barədə məlumata malik deyillər.
“Ekspertlər, biznes və ictimaiyyət üçün "ağıllı həllər"in hansısa ictimai baxışı təşkil olunmayıb. Bu sahə üzrə ixtisaslaşan bəzi özəl qurumlar da bu prosesdən xəbərsiz olduqlarını və prosesə cəlb edilmədiklərini bildiriblər.
Düşünmək olar ki, bu tip dar çərçivədə , maraqlı tərəflərin yetərincə təmsil olunmadığı şəraitdə keçirilən konfrans da güman ki, yuxarıda qeyd olunan məsələlərlə bağlı olub”, - deyə ekspert diqqətə çatdırıb.
Y.MƏMMƏDLİ