Dünya alimləri günah işlədərsə...

Eramızdan əvvəl 428-ci ildə Qədim Yunan dramaturqu və klassiki Evripid deyib: "Əgər insanın xəbisliyi ilə ömrü düz mütənasib artacaqsa, əxlaqsızlıqda oğul atasını, qız anasını keçəcəksə, bütün günah işlədənlərə yer olması üçün Tanrı ikinci dünya-cəhənnəm yaratmalıdır!"

İkinci Dünya müharibəsindən sonra ABŞ prezidenti Harri Trumenlə görüşən Manhetten layihəsi üzrə elmi direktor Robert Oppenheymer alimlərin (kütləvi qırğın silahını kəşf etdiklərinə görə, əksəriyyəti Nobel mükafatına layiq görülüb) əməllərilə günaha və əllərinin qana batdığını söyləyib. Rəvayət edirlər ki, bu görüşdən sonra Prezident isə Oppenheymeri görmək istəmədiyini bildirib.

Bu mənada, bəzi alimlər şərə xidmət etdiklərinə və Tanrının bəxş etdiyi elmdən pis məqsədlər üçün istifadə etdiklərinə görə qınanıblar. Yəqin, Allah belələri üçün ikinci cəhənnəm yaratmalı olacaq...

***

Odlu silahlar istehlak məhsulları kimi yaşadığımız qlobal mühiti dəyişdirməyə səbəb olduğundan texnoloji məhsullara diqqət və ehtiyatla yanaşmalıyıq. Macarıstanda anadan olmuş fizikaşünas Edvard Tellerin (ABŞ fizikaşünası) karyerası maraqlıdır. O, bir tramvay qəzasında ayağından ciddi xəsarət aldığına görə omrünün sonuna qədər iztirablara məruz qalmışdır.

Bir gün-1939-cu ilin iyul ayında Teller Amerika fizikaşünası, ilk nüvə reaktorunun yaradılmasında iştirak edən Leo Silardı istirahətdə olan böyük alim Eynşteynin yanına aparır. Görüş əsnasında Eynşteyn Franklin və Ruzveltə bir məktub yazmağı qərara alır. Bu məktub Eynşteynin tarixi məktubu da adlanır. Eynşteyn nasist Almaniyasında baş verənləri, siyasi və elmi prosesləri qabaqlamaq üçün ABŞ-a təxirə salmadan atom bombasını ixtira etməyi tövsiyə edir. Manhetten layihəsində (bu layihə ikinci dünya müharibəsi zamanı ABŞ-ın rəhbərliyi və Böyük Britaniyanın, Kanadanın iştirakı ilə həyata keçirilən ilk nüvə silahının-atom bombasının yaradılması proyekti idi. Layihəyə Amerikan hərbi mühəndis korpusunun generalı Robert Oppenheymer başçılıq edib.) iştiraka cəlb edilən Teller bu əməkdaşlıqdan imtina etmişdir.

Karl Saqan müəllifi olduğu "İblislərlə dolu dünya" kitabında yazır: "Teller atom bombasının dağıdıcı gücündən dəhşətə gəldiyi üçün yox, əksinə, daha dağıdıcı bir silah, termonüvə silahı-hidroğen bombası yaratmaq istədiyi üçün iştirakdan imtina etmişdir. Hidroğen bombası dağıdıcı limitinə görə atom bombasından üstündür",-deyirlər. Hidroğen bombasından reaksiyanı başlamaq üçün bircə atom bombasına ehtiyac varmış...

***

Atom bombası yaradıldıqdan, Almaniya və Yaponiya təslim olub müharibə bitdikdən sonra da Teller "Super" adlandırdığı ikinci nəsil nüvə silahlarının məhz SSRİ-ni qorxutmaq üçün yaradılmasında israrlı olub. Tarixi mənbələrə görə Termonüvə silahlarının müəllifləri Teller və riyaziyyatçı Stanislav Ulam sayılırlar.

Beləliklə, ABŞ-ın ilk termonüvə qurğusu 1952-ci ildə sınaqdan keçirilib. Yazırlar ki, bomba çəkisinə görə o qədər ağır olub ki, onu raket və ya bombardman təyyarəsi ilə də daşımaq mümkün olmadığından, onu elə istehsal olduğu yerdə partladıblar. Bu qurğunun kəşfində gənc fizik Riçard Qarvinin də danılmaz rolu qeyd edilir.

Yazılanlara görə, SSRİ-nin ilk nüvə sınağına qədər Amerikanın artıq ciddi miqdarda atom bombası arsenalı mövcud idi.

***

Hidrogen bombasının kəşfindən sonra potensial qlobal nüvə müharibəsinin nəticələrini düşünmək belə təhlükəlidir... Deyirlər ki, bu bomba "sınaqdan" keçirilərsə şəhərlər viran qalacaq. Səmavi kitabda qeyd olunduğu kimi, yer üzü qum dənəciklərinə bənzər nəhəng toz buludları altında görünməz olacaq. Yer planeti bəzi ehtimallara görə soyuyacaq, qaranlıq çökəcək, qlobal miqyasda "nüvə payızı" başlayacaq. Havanın hərarəti 15-20°C, bəzi məlumatlara görə isə hərarət 10-15°C olacaq… 200 məşhur alimin verdiyi rəy və proqnozlarına görə "nüvə payızı" zamanı qlobal sivilizasiya və hədəfə məruz qalacaq coğrafiya, şimal yarımkürəsindəki orta paralellərdan uzaqda yaşayanlar da daxil, yer kürəsinin bütün insanları aclıqla "imtahana" çəkiləcək, heç vaxt olmayan gözlənilməz təhlükələrlə üz-üzə qalacaqlar.Sanki QİYAMƏT qopacaq...

Əgər, hədəfi böyük ölkələr və ya şəhərlər olan nüvə müharibəsi başlasa, ABŞ-da Edvard Teller və həmkarlarının (keçmiş Sovet İttifaqında Andrey Saxarovun başçılıq etdiyi qrup da daxil) xidmətləri-dünyaya bəxş etdikləri "töhfələri" sayəsində bəşəriyyətin gələcəyinin nəhəng bir tabuta qoyulacağını güman etmək çətin deyil.

Və buna görə kimin məsuliyyət daşıyacağı və ya kiminsə ittiham olunacağının da mənası olmayacaq!

P.S.Dünya niyə yüksək mükafatlara layiq bildiyi, adlarını böyük prospektlərdə və şəhərlərdə əbədiləşdirdiyi dünya şöhrətli alimlərin kəşf və ixtiralarının fərqində deyil? Əgər o ixtiralar bəşəriyyətin həyat səviyyəsinin yüksəldilməsinə, onların rifah halının yaxşılaşdırılmasına və ən başlıcası, Allahın yaratdığı şüurlu varlıqların hüquq və azadlıqlarının təmin olunmasında zərrə qədər dəyəri olmayacaqsa və bəşəriyyətin gələcəyi qlobal itki ilə müşayət olunacaqsa, o ixtiraların nə mənası!? Və ən nəhayət, bəşəriyyəti məhvə aparan silahları kəşf etmiş alimlərə Nobel Sülh mükafatını vermək nə dərəcədə məntiqlidir???

Şəmsəddin Əliyev,

hüquqşünas-publisist

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN