"Hələlik dövlət qurumları da, güman ki zəruri resurslar ayrılmadığından, məlumatları emal oluna biləcək səviyyəyə gətirmək və onu açıqlamaq işinə elə könüllü kimi yanaşırlar...”

Azərbaycanla bağlı daha bir gözlənilən baş verib.

Xeyli müddətdir ki, “Google Maps” resursunda Azərbaycanın ictimai nəqliyyat sistemi ilə bağlı məlumatların silinəcəyi haqqında məlumatlar verilirdi.

Bu barədə Multi Media Mərkəzinin rəhbəri Osman Gündüz özünün sosial şəbəkə səhifəsində yazıb.

Ekspert qeyd edib ki, bununla bağlı uzun illər bu işlə könüllü məşğul olan “Transit For Baku” qrupu məlumat açıqlamışdı.

“Ötən ayın əvvəli bu problemlə bağlı yazmışdım. Artıq bu məlumatlar “Google Maps”dən yığışdırılıb. Bu tip məlumatlar hazırda yalnız BNA-nın “alo141.az” saytında və mobil versiyada mövcuddur. Düşünmək olar ki, TFB könüllü qurumu zəruri məlumatları emal oluna biləcək səviyyədə BNA-dan əldə etməkdə çətinlik çəkirlər”, - deyə vurğulayır.

Osman Gündüzün sözlərinə görə, digər üsullarla bu məlumatları əldə edib, yenidən emal edərək Google resursuna inteqrasiya etmək  əlavə resurslar tələb edir.

O, “Görünür ki, qurumun BNA ilə partnyorluğunda problemlər yaranıb. Əlbəttə, qlobal xəritələrdən bu tip məlumatların yığışdırılması ölkəmiz üçün arzuolunan deyil. Gərək BNA zamanında bu məsələyə reaksiya verəydi ki, məlumatlar silinəcək səviyyəyə çatmayaydı” iradını bildirərək, konkret təkliflərini  də qeyd edib:

“Düşünrəm ki, Azərbaycanın ictimai nəqliyyat məlumatlarının Google Maps üzərindən verilməsinin davam etdirilməsi üçün BNA tez bir zamanda aşağıdakı variantlardan birində seçim etməlidir:

Birincisi, BNA bir çox ölkələrdə olduğu kimi ictmai əhəmiyyət kəsb edən məlumatları özü Google Maps-a təqdim etməlidir. Bunun üçün qurum Google şirkəti ilə əməkdaşlıq etməli və xidməti təqdim edən strukturlarla partnyorluq müqaviləsi imzalamalıdı.

İkincisi, BNA "Transit For Baku" könüllü komandası ilə müqavilə imzalamlı, adı çəkilən məlumatların emal oluna biləcək səviyyədə TFB qurumuna verilməsi təmin edilməlidir”.

 Osman Gündüz xatırladıb ki,  əslində bu tip problem digər dövlət qurumlarına da xasdır.

O, söhbətin açıq məlumatlardan, emal oluna biləcək səviyyədə məlumatların dövlət qrumları tərəfindən açıqlanmasından getdiyini bildirərək “Məsələn, BNA hansısa marşrut dəyşikliyini, hansısa xəbərin - press- relizin içərisində deyil, emal oluna biləcək səviyyədə açıqlamalıdır. Təəssüf ki, bizdə hələlik Açıq Məlumatlar haqqında qanun da qəbul edilməyib. Hansı ki, bu qanun, o cümlədən, Açıq məlumatlar portalı (opendata.az) Açıq Hökumətin əsas tərkib hissəsidir. Bu portalda isə hələlik çox "kasıbçılıqdır".

Hələlik dövlət qurumları da, güman ki zəruri resurslar ayrılmadığından, məlumatları emal oluna biləcək səviyyəyə gətirmək və onu açıqlamaq işinə elə könüllü kimi yanaşırlar”, - deyə təəssüfləndiyini qeyd edib.

Xatırladaq ki, nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov  da mətbuata açıqlamasında “Google Maps”dən Bakının ictimi nəqliyyat marşrutlarına dair məlumatlandırma sisteminin yığışdırmasının nəqliyyat sistemi üçün mənfi hallara gətirib çıxara biləcəyini açıqlamışdı.

Onun sözlərinə görə, elektron məlumatın olmaması ictimai nəqliyyatdan istifadə edən Bakı sakinlərinin, qonaqların və turistlərin işini xeyli çətinləşdirəcək.

 “Google Maps” xəritəsinin bir sıra üstünlükləri var. Dünyada müxtəlif naviqasiya proqramları mövcuddur. İnsanların şəhər küçələrində piyada, ictimai nəqliyyatla, fərdi avtomobillə və taksilərlə hərəkət eləməsi üçün belə məlumatlara ehtiyac var. Bakı Nəqliyyat Agentliyi və digər əlaqədar təşkilatlar, nəinki bu işi dəstəkləməli, hətta onun təkmilləşməsi üçün çalışmalıdır", - deyə ekspert xəbərdarlıq etmişdi.

Təəssüf ki, əlaqədar qurumlar vaxtında onu eşitmədi...

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN