Ukrayna Prezident Aparatı isə işğal olunmuş ərazilərdə Rusiya pasportlarının verilməsini konslagerə biletlərlə müqayisə edib...
Rusiya ordusunun işğal etdiyi Xerson və Zaporojye vilayətləri Rusiyanın +7 telefon koduna keçir.
Ukrayna KİV-nin məlumatına görə, bu barədə Rusiyanın “RİA Novosti” “Krımın başçısı”nın “müşaviri”nə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Zaporojye vilayətinin administrasiyasında bizə təsdiq edildi: “Bölgə Rusiyanın +7 koduna keçir. Regiona yeni mobil operator daxil olub”.
Həmçinin bildirilir ki, Zaporojye vilayətində nömrələri +7 ilə başlayan SİM kartlar da artıq satışa çıxarılıb.
Qeyd edək ki, Ukrayna Prezident Aparatı işğal olunmuş ərazilərdə Rusiya pasportlarının verilməsini konslagerə biletlərlə müqayisə edib, həmçinin bunu hüquqi baxımdan mənasız və perspektivsiz adlandırıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Xerson vilayətində uzun müddət qalmaq istəyir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski bildirib ki, işğalçı qoşunlar artıq regionda üçüncü müdafiə xəttini qurur.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib.
Rusiya prezidenti Vladimir Putin fevralın 21-də qondarma “DXR” və “LXR”-ı rəsmi olaraq müstəqil dövlətlər kimi tanıdı, fevralın 24-də isə Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması adı altında ölkəyə qoşun yeridilməsi barədə əmr verdi.
...Və tərəflərin nümayəndə heyətlərinin bir neçə dəfə bir araya gəlməsinə baxmayaraq, bu dəhşətli müharibənin dayandırılması barədə hələ də razılıq əldə olunmayıb.
Y.MƏMMƏDLİ